Məhkəmə qərarları › İş №2(103)-535/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-535/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-535/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1236/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 802,47 ABŞ dolları əsas və 2463,90 ABŞ dolları faiz borcu olmaqla cəmi 3266,37 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında 18.12.2014cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borcalana 48 ay müddətinə illik 26 % ödəmək şərtilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcunu ödəməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1236/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış 802,47 ABŞ dolları əsas borc və 2463,90 ABŞ dolları faiz borcu olmaqla cəmi 3266,37 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin məhkəmədə iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit borcu üzrə müəyyən ödənişlər etdikdən sonra dolların kursu iki dəfə qalxdığına görə borcunu tam ödəyə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanın icrası ilə əlaqədar olaraq onun banka ödədiyi pullara əsasən bank tərəfindən ona 4578 manat kompensasiya hesablanmış, həmin məbləğdən bank tərəfindən 908 manat qalıq qalmış borca hesablanmış, qalan 3670 manat ona kompensasiya kimi verilmişdir və borcunun olmamasını bildirmişlər. Bu barədə 24.10.2019-cu il tarixdə bank tərəfindən problemli kreditlərin kompensasiya barədə rəsmi olaraq ona sənəd verilmişdir. Bundan sonra iddiaçı yenidən 2021-ci il tarixdə guya onun 3266,37 ABŞ dolları borcunun qalmasını və həmin borcun ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin borcun müəyyən edilməsi üçün ekspertiza keçirilməklə əsassız olaraq ona 802.47 ABŞ dolları əsas və 2463,90 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Bu səbəbdən də ekspertiza rəyi ilə razı deyil, onun heç bir borcu olmadığı halda ona hesablanmış borc tamamilə əsassızdır. Əgər onun borcu qalmışdırsa o zaman bank niyə onun 908 manat borcu olmasını bildirərək, həmin məbləğdə pul hesablayıb götürmüş, qalan pulu isə ona qaytarmışdır. Həmin vaxt ona borcunun qalması barədə heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, tərəflərin cavabdehin borcunun məbləği barədə arayışlar təqdim edilib, həmin arayışlarda ola bilərki bank səhv etsin. Lakin bugunki günə cavabdehin cəmi borcu 3482,89 ABŞdolları təşkil edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə borcalan qismində Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə illik 26 % olmaqla 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 05.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 18.12.2014-cü il tarixli müqavilə üzrə 802,47 ABŞ dolları məbləğində əsas və 2463,90 ABŞ dolları faiz borcu olmaqla cəmi 3266,37 ABŞ dolları borcu vardır. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə, ekspertlər qarşısında "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 05.04.2021-ci il tarixə əsas borc və əsas borca hesablanmış faiz borcu məbləğinin nə qədər təşkil etməsi sualı qoyulmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15.07.2021-cu il tarixli 9/4239 №-li rəyinə əsasən, ekspert tədqiqatının nəticəsində 18.12.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 05.04.2021-ci il tarixə - Cavabdeh "xxxx" ASC-yə əsas borc üzrə 802,47 ABŞ dolları, faiz borcu üzrə 2463,90 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında 18.12.2014-cü il tarixdə 48 ay müddətinə illik 26 % ödəmək şərtilə kredit müqaviləsi bağlanmış, iddiaçı hazırki iddia tələbi ilə 08 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və 05 aprel 2021-ci il tarixə olan maliyyə arayışına əsasən hesablanmış borc tələb edilmişdir. Birinci intansiya məhkəməsi də 05 aprel 2021-ci il tarixə olan borcun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və təqdim edilmiş rəyə istinad etməklə iddia tələbini təmin etmişdir. Cavabdeh isə apellyasiya şikayətində "xxxx" ASC tərəfindən “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevra 2019-cu il tarixli fərman”ına əsasən ona kompenasiya hesablandığını, həmin kompensasiyann bir hissəsinin borc məbləğinə çıxıldığını, qalan hissəsinin ona verildiyini və bununla da onun borcunun qalmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı isə hazırki iş üzrə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətin sonuna (18.12.2018-ci il tarixə) cavabdehin faiz borcunun hesablanması; qeyd olunan kredit müqaviləsinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərman”ının təsiri altına düşüb-düşməməsinin; əgər kredt müqaviləsinin fərmanın təsiri altına düşürsə kompenasiyanın hesablanmasının; fərmanın təsiri altına düşürsə kredit müqaviləsi üzrə hansı məbləğdə borcun silinnməsinin; əsas və faiz borcunun qalıb-qalmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2022-ci il tarixli 9/9496 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli, 7897nkBAY/14 saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin sonuna yəni, 18.12.2018-ci il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən: əsas borc üzrə - 2437,40 ABŞ dolları; faiz borcu üzrə - 2587,86 ABŞ dolları. Həmçinin qeyd edilir ki, iş materiallarından göründüyü kimi, "xxxx" ASC ilə Cavabdeh arasında 18.12.2014-cü il tarixli, 7897nkBAY/14 saylı Kredit Müqaviləsinə əsasən 07.06.2016-cı il tarixdə Əlavə SAZİŞ bağlanmışdır. Saziş müqaviləsinin 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış 18.12.2014-cü il tarixli, 7897nkBAY/14 saylı Kredit Müqaviləsi (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilsin, faizlər isə müddətin qurtardığı vaxt alınsın. Kredit müqaviləsinin müddəti 18 noyabr 2020 tarixədək müəyyən olunur. İş materiallarında olan hesabdan çıxarışlardan və maliyyə arayışı məlumatlarından göründüyü kimi, müqavilə müddətindən sonra borclu tərəfindən "xxxx" ASC-nə ödənişlər olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,"xxxx"KB ASC ilə Cavabdeh arasında bağlanmış 18.12.2014-cü il tarixli, kredit müqaviləsi “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın 3.1 və 3.2-ci bəndlərinə əsasən kompensasiyaya düşən fiziki şəxslərin siyahısı və hər bir şəxsə ödəniləcək vəsait Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 18.11.2020-ci il tarixli müqavilə üzrə 1009,91 ABŞ dolları məbləğində əsas və 2472,98 ABŞ dolları faiz borcu olmaqla cəmi 3482,89 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Cavabdeh apellyasiya şikayətində "xxxx" ASC tərəfindən “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevra 2019-cu il tarixli fərman”ına əsasən ona kompenasiya hesablandığını, həmin kompensasiyann bir hissəsinin borc məbləğinə çıxıldığını, qalan hissəsinin ona verildiyini və bununla da onun borcunun qalmadığını bildirsə də, işin faktiki halları ilə cavabdehə müvafiq kompensasiya məbləğinin hesablanması lakin kredit borcunun tam olaraq ödənilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlsə də borcun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında cavabdehin borcu barədə məlumatlar arasında ziddiyyətlər olmuş və həmin ziddiyyətlərin aradan qaldırılması iddiaçının nümayəndəsinə təklif edilsə də bu barədə ağlabatan sübut təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan kredit Bürosundan çıxarışdan isə görünür ki, cavabdehin kreditin qalıq məbləği 1009,91 ABŞ dolları, faiz məbləği isə 5.72 ABŞ dolları təşkil etmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli fərmanın icrası ilə əlaqədar olaraq cavabdehə 4578 manat kompensasiya hesablanmışdır. Göründüyü kimi iddiaçı "xxxx" ASC borcun məbləği barəsində təqdim etdiyi maliyyə arayışları arasında borcun məbləğinə dair ziddiyyətlər olsa da, məhz "xxxx" ASC-nin vaxtı ilə təqdim etdiyi kredit məlumalarına əsasən Azərbaycan kredit Bürosu tərəfindən müəyyən edilmiş borcun məbləği əsas götürülməlidir. Digər tərəfdən birinci instansiya eləcə də apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyləri də sübut kimi qəbul edilə bilməz, çünki həmin rəylərdə ifadə edilən borcun məbləği işin faktiki hallarına uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu 5.72 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini faiz borcu hissəsində təmin edərkən Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi həmin normalarda borclunun pul məbləğinin ödənilməsini gecikdirdikdə tətbiq edilən faizlərdən bəhs edilir, hazırda isə iddiaçının belə bir tələbi olmamış və tələb edilən faiz borcu məhz tərəflər arasında bağlanmış müqaviləyə əsasən olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan kredit Bürosundan çıxarışda cavabdehin əsas kredit borcunun 1009,91 olması göstərilsə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən əsas borc iddiaçının tələb etdiyi 802,47 ABŞ dolları həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz borcunun və ümumi borcun məbləği hissəsində dəyişdirilməklə, faiz borcu 5.72 ABŞ dolları, ümumi borcun məbləği isə 808.19 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri – apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın qiyməti beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1236/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsi “cavabdehdən faiz borcunun, həmçinin ümumi borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 5.72 (beş dollar yetmiş iki sent) ABŞ dolları və ümumi borc 808,19 (səkkiz yüz səkkiz dollar on doqquz sent) ABŞ dolları məbləğində müəyyənləşdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qayadada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: İkram Şirinov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar