Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5351/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5351/2025 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2482/2022 nömrəli 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Rəsulov Vəkilxan Alməmməd oğlu arasında bağlanmış 11 mart 2015ci il tarixli 18-xx-xx-009744 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faiz olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 2926 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Vəkilxan Rəsulov xx.xx.2017-ci il tarixdə vəfat etmiş, 20 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Rəsulov Vəkilxan Alməmməd oğlunun qanun üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir.
3. 25 aprel 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına əsasən Rəsulov Vəkilxan Alməmməd oğlunun İddiaçı ASC-də olan kreditinə 1515,12 manat kompensasiya məbləği hesablanmış və borcdan silinmişdir. Kompensasiya ödənildikdən sonra qalan 1481,83 ABŞ dolları (2519.11 manat) qalıq borcun fərmana əsasən restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Müştərinin İddiaçı ASC-yə müraciət etməməsi səbəbindən kreditin qalıq borcu restrukturizasiya olunmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.481,83 ABŞ dolları əsas, 972.57 ABŞ dolları faiz borcu, cəmi 2.454,40 ABŞ dolları və ödənilmiş 62 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Rəsulov Vəkilxan Alməmməd oğlu arasında 11 mart 2015-ci il tarixli 18-xx-xx-009744 saylı kredit müqaviləsi bağlanmış, Rəsulov Vəkilxan Alməmməd oğluna illik 28 faiz olmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 2926 ABŞ dolları məbləğində kredit verilmişdir. 20 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Rəsulov Vəkilxan Alməmməd oğlunun vərəsəsi Cavabdehdır.
6. İddiaçının təqdim etdiyi maliyyə arayışına görə xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə Rəsulov Vəkilxan Alməmməd oğlunun 1481,83 ABŞ dolları kredit borcu, 972,57 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 2454,40 ABŞ dolları borcu yaranmışdır. Kredit vəsaitindən istifadə müddəti xx.xx.2019-cü il tarixində bitmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 aprel 2022-ci il tarixli 2(011)-2482/2022 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1.481,83 ABŞ dolları pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və ödənilmiş 62 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin Rəsulov Vəkilxan Alməmməd oğlu müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Rəsulov Vəkilxan Alməmməd oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından, Cavabdeh isə onun qanun üzrə vərəsəsi olduğundan o, vərəsə kimi həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
9. Məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan 1.481,83 ABŞ dolları borcun məbləğinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olmaqla təmin edilməlidir.
10. Məhkəmə iddia tələbinin cavabdehdən tutulmalı olan 972.57 ABŞ dolları borcun məbləğini araşdıraraq belə hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz hissəsində rədd edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 448.1, 385.1, 1306.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, iddia tələbindən 5 il keçməsinə baxmayaraq qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh olaraq nə qətnamədən, nə də mərhum həyat yoldaşının götürdüyü kreditdən xəbəri olmuş, həyat yoldaşından sonra da o, Bank qarşısında heç bir öhdəlik götürməmişdir. Kredit 11 may 2015-ci il tarixdə götürülmüş, 3 il iddia müddəti keçdikdən sonra 2019-cu ildə onun heç bir öhdəliyi olmadan vərəsə kimi 2019-cu ildə qanunsuz vərəsə kimi qeyd etmişlər.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı
Bənd 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: Bənd 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; Bənd 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; Bənd 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Bənd 2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Göründüyü kimi cavabdehin mərhum əri ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin mərhum əri öhdəliklərini lazımınca icra etməmiş və nəticədə bank qarşısında borcu yaranmışdır.
31. Cavabdeh isə onun qanun üzrə vərəsəsi olduğundan bank hazırda kredit müqaviləsi üzrə yaranmış borcu ondan tələb etmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından Rəsulov Vəkilxan Alməmməd oğlunun müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
33. Mərhum Vəkilxan Rəsulovun bank qarşısında öhdəliklərini lazimınca icra etməməsi və kredit müqaviləsi üzrə borcunun yaranması mübahisəsizdir.
34. Cavabdeh isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Rəsulov Vəkilxan Alməmməd oğlunun qanun üzrə vərəsəsi müəyyən edilmişdir.
35. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
36. Odur ki, iddia tələbi qanuni vərəsə olaraq cavabdehə haqlı yönəlmişdir.
37. İddia müddəti ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, göründüyü kimi 11 mart 2015-ci il tarixli kredit müqaviləsi 48 ay müddətinə bağlanmış və müqavilə müddəti 11 mart 2019-cu il tarixdə bitmişdir.
38. İddiaçı isə hazırki iddia tələbi ilə 05 mart 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
39. Bununla da müəyyən edilir ki, cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlili əsassızdır.
40. Beləliklə, cavabdehin apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2482/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.