Məhkəmə qərarları › İş №2(103)-5353/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5353/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5353/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4972 ABŞ dolları (bu günki ekvivalent manat məzənnəsi ilə isə (l ABŞ dollar=1.70 manat) 8450 manat əsas və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 5600 ABŞ dolları (USD), bu günki ekvivalent manat məzənnəsi ilə (1 ABŞ dolları = 1,70 manat) 9520 manat məbləğində borc pul vermişdir. 06 mart 2020-ci il tarixli kredit müqaviləsindən də görünür ki, cavabdeh tərəf bu borcu 31.05.2020-ci il tarixədək qaytarmaqla bağlı öhdəlik götürmüşdür. Hazırda cavabdeh iddiaçıya bugünə kimi 1050 (bir min əlli) manat pul versə də, qalan 8440 manat məbləği qaytarmır. Demək olar ki, pulun qaytarılması üçün verilmiş müddət başa çatdıqdan sonra iddiaçı qalıq pulun qaytarılmasını tələb etsə də, cavabdeh ödəməli olduğu borcu etiraf etmiş, lakin pulun olmamasını əsas gətirərək borcu ödəməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 4972 ABŞ dolları (8450 manat ekvivalentində) məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, borcu ödəməyə imkanının olmaması və borcu hissə-hissə ödəyə bilməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 5600 ABŞ dolları (USD), həmin günki ekvivalent manat məzənnəsi ilə (1 ABŞ dolları = 1,70 manat) 9520 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti 31.05.2020-ci il tarixədək 5600 ABŞ dolları (USD), ABŞ dolları şəklində və ya qaytarılan günki ekvivalent manat məzənnəsi ilə “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 06 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 5600 ABŞ dolları (USD), həmin günki ekvivalent manat məzənnəsi ilə (1 ABŞ dolları = 1,70 manat) 9520 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini qismən icra edərək, həmin borcdan 1050 manat pul ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçıların Sengul Hakana qarşı tələbi sonuncunun yazdığı və borcun etirafı mahiyyətində olan yazılı iltizamdan irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində irəli sürdüyü hallarla bağlı qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir; borcun hissə-hissə ödənilməsinə icazə verilməsi məsələsinə isə müvafiq müraciət olduğu təqdirdə səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-860/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar