Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-536/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(010)-2759/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 3499,49 manat əsas, 728,35 manat faiz, cəmi 4227,84 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış 02.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(010)- 2759/2021 saylı qətnaməsi (məhkəmənin qətnamədə düzəliş edilməsi barədə 27.07.2021ci il tarixli qərardadı nəzərə alınmaqla) ilə iddia təmin edilmiş, Cavabdeh 3499,49 manat əsas, 728,35 manat faiz, cəmi 4227,84 manat məbləğində vəsait və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Kredit müqaviləsinə əsasən ona 3000 manat kredit verilmiş, lakin əsas borc olaraq 3499,49 manat tələb edilir. Əsas borc kredit məbləğindən yüksək olduğu üçün faiz borcu da yüksək göstərilmişdir. Məhkəmə mühasibatlıq ekpsertizası təyin etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələr) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən "xxxx" KB ASC ilə Cavabdeh arasında 02 iyul 2014-cü il tarixli 2348tkXLQ/14 saylı kredit xətti və bank hesabı müqaviləsi bağlanmış, həmin müqavilənin 1.1-ci bəndinə əsasən sonuncuya 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), 02.07.2021-ci il tarixinədək 3000 manat məbləğində kredit limiti ayrılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 60 ay müddətinə 02.07.2019-cu il tarixinədək illik 26% olmaq şərtilə ayrılmışdır. 19.04.2021-ci il tarixli maliyyə arayışına görə Cavabdeh 19.04.2021-ci il tarixə ASCyə 3499,49 manat əsas, 728,35 manat faiz, cəmi 4227,84 manat məbləğində borcu mövcuddur. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. Cavabdeh apelyasiya şikayətində məhkəmə tərəfindən mühasibatlıq ekspertizasının keçirilmədiyinə istinad etmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.12.2021-ci il tarixli 9/8191 nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatlarından və "xxxx" ASC ilə Cavabdeh arasında 02 iyul 2014-cü il tarixli 2348tkXLQ/14 saylı kredit xətti və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinə, yəni 02.07.2019-cu il tarixə banka olan borcu əsas borc üzrə - 3499,49 manat; faiz borcu üzrə - 53,08 manat müəyyən edilmişdir. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 3499,49 manat məbləğində əsas borcun ödənilməsini tələb etmiş, ekspert rəyi ilə də əsas borcun düzgün hesablandığı müəyyən edilmişdir. Faiz borcuna münasibətdə isə iddiaçı 728,35 manat faiz borcu tələb etmiş, məhkəmə tərəfindən faiz borcu həmin məbləğdə tutulmuşdur. Ekspert rəyi ilə isə faiz borcunun 53,08 manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya faiz borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas tutur və hesab edir ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 53,08 manat cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi 02 iyul 2014-cü il tarixli 2348tkXLQ/14 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə faiz borcuna aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2759/2021 saylı iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi 02 iyul 2014-cü il tarixli 2348tkXLQ/14 saylı kredit xətti və bank hesabı müqaviləsi üzrə tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin və iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 53,08 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manatı iddiaçı "xxxx" KB ASC-dən, 50 manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-536/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-536/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver