Məhkəmə qərarları › İş №2(103)-5360/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5360/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5360/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxxxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” kiçik mübahisələr üzrə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bank, kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 949,87 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 109,46 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6,15 manat, cəmi isə 1.065,48 manat və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank ilə borcalan cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 24 faiz dərəcəsi ilə 22 ay müddətinə 991 manat məbləğində kredit verilmişdir. Borcalan olan cavabdeh qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə öhdəlik götürsə də öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin iddiaçı Banka xx.xx.2019-cu il tarixə 949,87 manat məbləğində əsas, 109,46 manat məbləğində isə faiz borcu yaranmış və Bank tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə 6,15 manat məbləğində cərimə tətbiq edilmişdir. Bank, tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmiş, Bank da, bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz Rayon Məhkəməsinə daxil olmamışdır. Mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişi cavabdehin Bakı şəhərindəki ünvanı üzrə göndərilmişdir. Lakin cavabdeh səhhəti ilə əlaqədar olaraq Qəbələ rayonunun Kiçik Pirəli kəndində yaşayır. Səhhətində olan problemlərə görə əsaslandırılmış etirazını Rayon Məhkəməsinə göndərə bilməmişdir. Bankın Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsi və məlumatlar əsassızdır, həqiqəti əks etdirmir. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə Məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və faiz borcunun silinməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 24 faiz dərəcəsi ilə 22 ay müddətinə 991 manat məbləğində kredit verilmişdir. İşin hallarından və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh həmin müqavilə üzrə Bank qarşısında üzərinə öhdəlik götürsə də öhdəliyi vaxtında lazımi qaydada icra etməmiş və nəticədə onun Banka əsas kredit borcu və əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdehin Banka olan əsas kredit borcu 949,87 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu isə 109,46 manat təşkil edir. Borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə “Kredit müqaviləsinin” şərtlərinə əsasən 6,15 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. “Ödəniş qəbzindən” görünür ki, iddianın verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə bu halı mübahsələndirmir. Bunlara əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin əsas və faiz borclarının, habelə tətbiq edilmiş cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə Mülki Məcəllənin “Öhdəliklərin icrası” adlı 21-ci fəslinin, “Öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslinin və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23cü fəslinin müddəalarına, iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə isə MPM-nin 119.1-ci maddəsinin müddəasına uyğundur. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə əgər, bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPMnin 284-5.1-ci maddəsinə görə, kiçik mübahisələrə dair işlər üzrə sadələşdirilmiş icraat zamanı ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş üzrə cavabdehin işdə olan şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İşin 14-cü vərəqində olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Rayon Məhkəməsi MPM-nin 284-5.1-ci maddəsinin tələbini yerinə yetirərək cavabdehin qeydiyyat ünvanına vaxtında bildiriş göndərərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz sübutlarını və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Həmin bildiriş cavabdeh tərəfindən yaşayış ünvanı üzrə qəbul edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehin məhkəmə bildirişini vaxtında ala bilməməsi səbəbindən əsaslandırılmış etirazını təqdim edə bilmədiyini bildirsə də, apellyasiya şikayətində də iddiaya qarşı etirazını əsaslandırmamış, sadəcə iddianın həqiqəti əks etdirmədiyini bildirmişdir. Lakin apellyasiya baxışının nəticələri ilə cavabdehin bildirdiyi bu xüsusat öz təsdiqini tapmamışdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin maddəsinə əlavə edilmiş və xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti 2.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar