Məhkəmə qərarları › İş №2(103)-5360/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5360/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5360/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)-2666/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X1 yetikinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 193 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilərək 03 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 152 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Son zamanlar ölkədə qiymətlərin artırılması onun maddi durumuna çox mənfi təsir göstərmişdir. Aldığı aliment pulu uşağın ehtiyaclarını ödəmir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)- 2666/2022 saylı qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia qismən təmin olunmuş, 03 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, alimentin miqdarının düzgün müəyyən olunmaması, uşağın saxlanılma xərclərinin artmasının nəzərə alınmamasını, cavabdehə mənzilinin (ünvan 1 ünvanında olan mənzilinin) "xxxx" MMC tərəfindən sökülməsinə görə 200000 manat kompensasiya verilməsini, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ, PROSESSUAL MƏSƏLƏLƏR: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin 19 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olmaları, birgə nikahdan bir yetkinlik yaşına çatmayan uşaqlarının (03 oktyabr 2007ci il təvəllüdlü) olması, nikahlarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2008-ci il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında saxlanılması, cavabdehdən uşağın saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 152 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda alimentin miqdarının artırılmasını və 193 manat həddində müəyyən olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən, yəni 175 manat həddində təmin etmişdir. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, ailə qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq Hüquqları Haqqında Konvensiya»nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının tələblərinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarədəri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. AM-nin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. AM-in 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndindəki mövqeyinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. İşdən görünür ki, Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsindən dörd il müddət keçmiş, uşağın təlabatları və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri artmışdır. Halbuki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarı az olmaqla, uşağın saxlanılmasına və onun üstün maraqlarına uyğun deyildir. Cavabdehin birinci instansiya məhkəməsində iddiaya olan etirazı (qazancının az olması, himayəsində digər uşağının olması və s.) isə onu bir valideyn kimi uşağını saxlamaq vəzifəsində azad etmir. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin edərkən işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini və uşağın üstün mənafeyini nəzərə almamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının dəyişdirilərək hər ay sabit pul miqdarında 193 manat həddində müəyyən olunması qanuni, əsaslı və ədalətilidir. MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.14-cü bəndindəki mövqeyinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddiannı qiyməti — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)-2666/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(004)-2666/2022 saylı qətnaməsi alimentin miqdarının müəyyən olunması hissəsində dəyişdirilsin. Yasamal Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 03 oktyabr 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat aliment tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamə qalan hissədə (alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılması) dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar