Məhkəmə qərarları › İş №2(103)-5364/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5364/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5364/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «maddi zərərin ödənilməsi tələbinə dair» mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(009)-133/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 2707/2018 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196,1 m2 olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri, yəni «Podratçı» aşağıdakı tikinti-quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnmiş, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4474/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul olunması, İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 m2 olan mənzillə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə "xxxx" MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin, qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72 ay x 3000 manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72 ay x 1000 manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 20212-ci il tarixli müqavilənin və 26 aprel 2012-ci il tarixli, 192 saylı kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqavilənin və 26 aprel 2012-ci il tarixli, 192 saylı kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 108643 manat məbləğində pulun tutulması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 5691/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108.643,00 (AZN) + 19.7 % = 21.402,67 manat; xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə - 108.643,00 (AZN) + 57,8 % = 62.795,65 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan dövr üçün 66489,5 manat maddi zərərin və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən kooperativin ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 m2 olan mənzilin hər 1 m2 üçün 707 manat, cəmi 138643 manat pulu payçı kimi Cavabdeh MTK-ya 6 ay müddətində ödəməyi, Cavabdeh MTK isə həmin mənzili tikinti quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yerinə yetirməklə, binanın bütün dəmir-beton və hörgü suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması, binanı fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasos stansiyalarının quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması, ərazinin abadlaşdırılmasını üzərinə götürmüşdür. Müqavilə üzrə tərəfindən ödənilmiş 138643 manat pul vəsaiti Cavabdeh MTK-nın kassasına mədaxil edilmiş və bu barədə ona xx.xx.2012-ci il tarixli, 192 saylı kassa mədaxil qəbzi verilmişdir. Müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyinə baxmayaraq Cavabdeh MTK ötən 6 ildən artıq müddət ərzində müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, müqavilənin 2-ci bəndində göstərilən, yuxarıda qeyd edilən işləri görməmiş, binada yaşayış üçün zərurəti olan şəraiti yaratmamış, mənzili ona təhvil verməmiş, mənzilin təmiri işlərinə başlamağa icazə verməmişdir. Bununla bağlı iddiası Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.A.Bağırov 2(009)-2707/2018) qismən təmin edilmişdir. ünvan 1 ünvanda inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 196,1 m2 olan mənzildə xx.xx.2012-ci il tarixli müqavilənin İİ bəndində əks olunmuş işləri yəni, «Podratçı» aşağıdakı tikinti quraşdırma işlərini (binanın bütün dəmir-beton və hörgü-suvaq işləri, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanması, binaya xarici elektrik xətlərinin çəkilməsi və avtonom transformator mərkəziin quraşdırılması, binanın fasadındakı pəncərə və eyvan qapılarının plastikdən hazırlanması və şüşə paketlə şüşələnməsi, mənzillərin giriş qapılarının metoplastik materiallardan hazırlanması və qıfılların qoyulması, binanın daxili su kəməri və kanalizasiya xətləri (stoykaların) quraşdırılması və sınması, xarici su kəməri və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyə qoşulması, məhəllədaxili su anbarı nasosstansiyaların quraşdırılması, məhəllənin mühafizə zolağının yaradılması və ərazinin abadlaşdırılması) yerinə yetirməklə həmin mənzilin İddiaçı istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmiş, iddiaçı Cavabdeh ona qarşı «müqavilənin ləğvi, ödənilmiş məbləğin qaytarılması barədə» qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2019-cu il tarixli, 2(103)-4474/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddaçı İddiaçı cavabdehi Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 196,1 m2 olan mənzillə bağlı bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə üzrə Cavabdeh MTK-nın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, mənzilin onun istifadəsinə verilməsi, müqavilənin 2-ci bəndində göstərilən işləri görməyin qaz, su, elektrik təchizatını təmin etməklə binada yaşayış üçün zərurəti olan bütün şəraitlərin yaradılmasının, mənzilin ona təhvil verilməsinin, mənzilin təmiri işlərinə başlamağa icazə verilməsinin cavabdehə həvalə edilməsi, 216000 manat (72 ay x 3000 manat) əldən çıxmış gəlirin və 72000 manat mənəvi ziyanın (72 ay x 1000 manat), 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair ilk iddiası rədd edilmişdir. İddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı 26 aprel 2012-ci il tarixli müqavilənin və 26 aprel 2012-ci il tarixli, 192 saylı kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqli iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh MTK (podratçı adlandırılacaq) arasında bağlanmış 26 aprel 2012-ci il tarixli müqaviləsi və 192 saylı 26 aprel 2012-ci il tarixli kassa mədaxil qəbzinin etibarsız hesab edilməsi, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 108643 manat (yüz səkkiz min yüz qırx üç ) manat məbləğində pulun tutulması qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)- 5691/2019 saylı qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırmaları ilə sübuta yetirilmişdir ki, cavabdeh 26 aprel 2012-ci il tarixdən 108.643 manat vəsaiti özündə saxlamaqla ona zərər vurmuşdur. 2012-ci ildən sonra manat bir neçə dəfə devalvasiyaya uğramış, dəyərdən düşmüşdür, qiymətlər bir neçə dəfə artmışdır. Cavabdeh isə bu vəsaiti hələ də qaytarmamış, məhkəmə qərarını da icra etməmişdir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(009)-133/2022 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 21402,67 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, 108643 manat pul 26 aprel 2012-ci il tarixdən cavabdehin istifadəsində qalmışdır. Lakin hesablama bu zamandan olmamışdır. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən hal hazıra İddiaçı Cavabdeh MTK-dan alacağı maddi zərəri aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108643,00 (AZN) + 19.7 % = 21.402,67 manat; xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə - 108643,00 (AZN) + 57,8 % = 62.795,65 manat. Buna baxmayaraq məhkəmə buradakı aşağı məbləği əsas götürərək qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

12. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatdırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı

14. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, «həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MMnin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bu baxımdan, MM-nin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər».

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən ddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

23. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyində hesablanmış məbləğin aşağı həddini tutmuşdur.

24. Kollegiya qeyd edir ki, iddiaçının həmin dəlili əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin qeyd edilən tələblərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5691/2019 saylı qərarının qəbul edildiyi tarixdən başlanaraq 108643 manat pul vəsaitinə görə faizin hesablanması qənaətinə gələrkən haqlı olmuşdur.

25. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9570 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizlərinə əsasən xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə - 108643,00 (AZN) + 19.7 % = 21.402,67 manat maddi zərər müəyyən olunur.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-133/2022 saylı iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar