Məhkəmə qərarları › İş №2(103)-5366/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5366/2022

20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5366/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyi ilə məhkəmə qərarının vaxtında icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 111268 ABŞ dolları məbləğində pulun, həmçinin ödənilmiş 480,72 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2022 saylı, 17 iyun 2022ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ləğv edilmədiyi təqdirdə şikayətə baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2022 saylı, 28 iyun 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İcra Haqqında Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İddia tələbindən göründüyü kimi iddiaçının hal-hazırda niyyəti cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinin hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İddiaçı bu səbəbdən qeyd olunan iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarnın 16.1-ci bəndinə əsasən Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Həmin Qərarın 16.2-ci bəndinə uyğun olaraq qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən haqlı olaraq hesab etmiş dir ki, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon icra Şöbəsinə qarşı «icra hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddianın ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qərardaddan da göründüyü kimim, məhkəmə iddiaçıya hazırki iddia tələbi ilə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur və mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2022 saylı, 17 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2812/2022 saylı, 17 iyun 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar