Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5370/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-229/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada avtomobilinə dəymiş ziyanın əvəzi olaraq 1525 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-229/21) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada dəymiş ziyanın əvəzi olaraq 1425 (min dörd yüz iyirmi beş) manat pul və 28 manat (iyirmi doqquz) manat dövlət rüsumunun tutularaq iddiaçı X1 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın qismən təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 24 sentyabr 2020-ci il tarixdə saat 18:20 radələrində özünə məxsus “Mersedes Benz E240” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı abtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə hərəkətdə olarkən Cavabdeh2 sürücüsü Cavabdeh1 idarə etdiyi “İsuzu Saz” markalı **- OU-*** dövlət qeydiyyat nişanlı avtobusla qoşa xətti kəsərək yolun əks istiqamətinə çıxmış və nəticədə yol nəqliyyat hadisəsi törədərək onun avtomobilinə ziyan vurmuşdur. Bu barədə inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh1 100 manat məbləğində cərimə edilmişdir. Həmin protokoldan da aydın olur ki, hadisənin baş verməsində təqsirkar şəxs Cavabdeh1 olmuş və onun təqsiri üzündən avtonəqliyyat hadisəsi baş vermişdir. Həmin avtonəqliyyat hadisəsi zamanı ona məxsus avtomobilə dəymiş ziyan avtoservis tərəfindən qiymətləndirilmiş və bu barədə zərər aktı tərtib edilmişdir. Ona məxsus avtomobilə 1525 manat məbləğində zərər dəymişdir. O, cavabdehlərdən dəfələrlə vurulmuş ziyanın ödənilməsini tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi Cavabdeh1 avtobusu digər Cavabdeh2 tərəfindən verilən yol vərəqəsinə əsasən idarə etmişdir, belə olan təqdirdə hər iki cavabdeh ona dəymiş ziyana görə məsuliyyət daşıyır. Avtomobilin təmir xərci və onun maşınsız qaldığı dövrdə çəkdiyi xərclər iddia tələbindən də artıq olmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahat verərək bildirmişdir ki, həqiqətən 24 sentyabr 2020-ci il tarixdə Cavabdeh2 sürücüsü kimi idarə etdiyi “İsuzu Saz” markalı **- OU-*** dövlət qeydiyyat nişanlı avtobusla yol nəqliyyat hadisəsi törədərək iddiaçının avtomobilinə ziyan vurmuşdur. Lakin ekpert rəyi ilə hesablanmış zərərin dəyərini həddən artıq şişirdilmiş hesab edir və vurulmuş zərər düzgün hesablanmadığına görə iddia tələbinə etiraz edir. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, hadisənin baş verməsində təqsirkar olan sürücü Cavabdeh1 onların işçisi olmuşdur. İddiaçının avtomobilinə ziyan dəydiyini qəbul edir, lakin ekspert rəyi ilə razılaşmayaraq hesablanmış zərərin dəyərini həddən artıq şişirdilmiş hesab edir və vurulmuş zərər düzgün hesablanmadığına görə iddia tələbinə etiraz edir. İddia tələbi üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, hadisə zamanı iddiaçının avtomobilinə tələb etdiyi məbləğdə deyil, cəmi 500 manata yaxın ziyan dəymişdir. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin yol nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə 1425 manat məbləğində ziyan dəymişdir. Ekspertizanın rəyi ilə razı deyil, ekspertiza onların iştirakı olmadan keçirilmiş və hesablanmış zərərin dəyəri həddən artıq şişirdilmişdir. İş üzrə əlavə ekspertiza təyin edilərək dəyən zərərin məbləği dəqiqləşdirilməlidir. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnaməni tələbinin təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni yalnız iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nıəzərə alaraq qətnamənin əsaslılığını yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 24 sentyabr 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə digər Cavabdeh2 işçisi qismində Cavabdeh1 təqsirli bilindiyi və hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyanın vurulduğu tərəflər arasında mübahisə doğurmur. Vurulmuş zərərin məbləğləri ilə bağlı tərəflər arasında fikir ayrılığı mövcuddur. İddiaçının tələbi cavabdehdən maddi ziyana görə 1525 manat məbləğində pulun tutulması barədədir. Cavabdehlər iddiaçının avtomobilinə ziyan vurduqlarını qəbul etsələr də, tələb olunan ziyan məbləğinin həqiqəti əks etdirmədiyini, əslində ziyanın təxminən 500 manata yaxın olduğunu göstərmişlər. Birinci instansiya məhkəməsi ziyanın məbləğinin dəqiqləşdirilməsi məqsədilə ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2021-ci il tarixli, 9/5329 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, “Mersedes Benz E240 minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1425 manat təşkil edir. Birinci instansiya məhkəməsi ekspert rəyinin mötəbərliyini qəbul edərək iddianı qismən təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1099.1-cı və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə ekspert rəyini əsas götürərək hadisə nəticəsində iddiaçıya 1425 manat məbləğində maddi ziyan dəydiyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq bir daha qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi hallar mötəbər sübutlarla təsdiq edilməmişdir. İddiaçının ekspert rəyi ilə razılaşmaması həmin rəyin mötəbər olmadığına dəlalət etmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən iş üzrə əlavə ekspertiza təyin olunmasına da lüzum görmədi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5370/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5370/2021
28.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver