Məhkəmə qərarları › İş №2(103)-5371/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5371/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5371/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(002)-350/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən 1100 ABŞ dolları məbləğində əsas borcun, 165 ABŞ dolları məbləğində Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış borcun (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmiş, nəticədə cavabdehin 1100 ABŞ dolları məbləğində borcu yaranmışdır. Belə ki, İddiaçı MMC sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş, sifariş edilən istiqamətlərdə və tarixlərdə elektron aviabiletləri vaxtında təqdim etmiş, cavabdeh tərəf də həmin aviabiletlər üzrə uçuşlarını həyata keçirmişdir. Lakin İddiaçı MMC cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəf bu günə qədər istifadə etdiyi xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh tərəfindən sifariş edilən və vaxtında icra edilən xidmətlərin dəyərinin ödənilməməsi, iddiaçı təşkilatın qanunla qorunan hüquqlarının pozulmasına və ona maddi ziyan dəyməsinə səbəb olmuşdur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bundan əvvəl 2019-cu ildə eyni tələblə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsində eyni cavabdehə və digərlərinə qarşı iddia tələbinə baxılarkən, cavabdeh tərəf xidmətdən istifadə etdiyini etiraf etmiş, lakin nə həmin mülki iş üzrə, nə də hazırkı mülki iş üzrə göstərilən xidmətin dəyərinin ödənilməsi barədə hər hansı sübut təqdim etməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(002)-350/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1100 ABŞ dolları məbləğində pulun (icra gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) və 26 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin nümayəndəsi istər iddia tələbində, istərsə də məhkəmədəki çıxışında ondan tələb etdiyi 1100 ABŞ dolları məbləğində borcun hansı hissəsinin aviabiletlərin dəyərinə, hansı hissəsinin isə göstərilmiş xidmətlərin dəyərinə aid olmasını göstərməmişdir. Ancaq sonradan iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin 26.01.2017-ci il tarixli 103 saylı hesab vərəqinin surətində qeyd edilmişdir ki, Cavabdeh 12.01.2017-ci il tarixdə Bakı-İstanbul-Adana, 16.01.2017-ci il tarixdə isə İstanbul-Adana-Bakı istiqamətləri üzrə aviabiletlərə görə göstərilmiş xidmətlərin dəyəri 1100 ABŞ dolları təşkil edir. Həmin hesab vərəqində də tam olaraq aviabiletin dəyəri göstərilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş elektron bilet məlumatlarında da biletin dəyəri göstərilməmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və iddiaçı tərəfindən təqdim edilmiş hesab vərəqəsinə və aviaşirkətlər tərəfindən biletdən istifadəyə dair verilmiş arayışlara əsasən iddia tələbini əsas borc hissəsində əsaslı hesab edərək təmin etmişdir. Həmçinin məhkəmə iddia tələbini təmin edərkən hansı maddi hüquq normasına istinad etməsini qətnamədə əsaslandırmamışdır. Əgər məhkəmə tərəfindən iddiaçının tələbinin turist xidməti olduğu qəbul edilirsə, onda həmin xidmətlə bağlı aralarında müqavilə olmalı idi. Ancaq belə bir müqavilə mövcud deyildir. Mövcud olmayan müqavilədən isə hər hansı bir öhdəlik yarana bilməz. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nəğd olaraq bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsilə cavabdehin adına elektron bilet rəsmiləşdirilmişdir. Həmin vaxtdan ötən üç ilə yaxın müddət ərzində Fərhadla aralarında ödənişlə bağlı hər hansı bir formada danışıqları olmamışdır. Əgər həqiqətən də biletin pulu ödənilməmiş olsaydı, bu müddət ərzində Fərhad onun mobil telefonuna zəng edərdi və ya onda olan ünvanına ödənişlə bağlı yazılı müraciət edərdi. Əgər belə hallar olubsa onda həmin sənədləri subut qismində təqdim etməli idi. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(002)- 350/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı MMC-nin 26.01.2017-ci il tarixli, 103 saylı hesab vərəqinin surətindən görünür ki, Cavabdeh 12.01.2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə və 16.01.2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə aviabiletlərə görə göstərilmiş xidmətlərin dəyəri 1100 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı MMC-nin 11.01.2017-ci il tarixli elektron bilet məlumatlarından görünür ki, Cavabdeh 12.01.2017-ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə və 16.01.2017-ci il tarixdə Adana-İstanbul-Bakı istiqaməti üzrə uçuş vaxtları qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 23.01.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh 16.01.2017-ci il tarixində İstanbul-Bakı istiqaməti üzrə aviabiletdən istifadə etmişdir. İş materiallarında olan “X9” Şirkətinin Azərbaycan Nümayəndəliyinin 24.01.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh adlı sərnişin 16.01.2017-ci il tarixində Adana-İstanbul marşrutu üzrə səyahət etmişdir. Sərnişin biletinin nömrəsi **********950-dir. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun və xəbərnamənin surətindən görünür ki, ödəniş barədə xəbərdarlıq məktubu 25.01.2019-cu il tarixdə cavabdehə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli, 2(011)-836/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, cavabdehlər X1 1485 ABŞ dolları, X3 1605 ABŞ dolları, Cavabdeh 1100 ABŞ dolları, X2 5085 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, cavabdehin nümayəndəsi onun iddiaçının xidmətlərindən istifadə etdiyini təsdiq etmiş, lakin həmin xidmətlərin dəyərinin ödənildiyini bildirmiş, məhkəmə tərəfindən biletlərin pulunun ödənilməsi barədə hər hansı sübutun təqdim olunmadığı qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25.09.2020-ci il tarixli, 2(103)-5580/2020 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(011)-836/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, iddiaçıya hər bir cavabdehə qarşı ayrıca iddia ərizəsi ilə qanunla müəyyən edilmiş məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki iddiaçı tərəfindən cavabdehə 12.01.2017ci il tarixdə Bakı-İstanbul-Adana istiqaməti üzrə və 16.01.2017-ci il tarixdə Adana-İstanbul- Bakı istiqaməti üzrə elektron aviabiletlərin alınması təmin edilmiş, cavabdeh tərəf həmin aviabiletlərdən istifadə etməklə müvafiq istiqamətlər üzrə səfərlərini həyata keçirmiş, lakin iddiaçı tərəfindən təqdim olunan həmin aviabiletlərin dəyərini (1100 ABŞ dolları) halhazıradək ödəməmişdir. Əvvəlki məhkəmə aktlarında tərəflərin izahatlarında qeyd olunanları da nəzərə almaqla məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında qeyd olunan sifariş üzrə xidmətin göstərildiyi mübahisə doğurmur, hazırkı iş üzrə apellyasiya baxışı zamanı da cavabdeh ona müvafiq xidmətin göstərildiyini etiraf edərək müvafiq məbləğdə pul ödədiyini bildirmiş, lakin cavabdeh həmin xidmətin ödənildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində turizmin anlayışı verilmişdir. Həmin normaya görə turizm Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri) mənasını ifadə edir. “Turizm haqqında” Qanuna əsasən, turizm məhsulu dedikdə, turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) başa düşülür. Göründüyü kimi, iddiaçı MMC tərəfindən turagent kimi cavabdehlərə turistlərin yerləşdirilməsi və hava yolu ilə daşınması növündə turizm məhsullarının satışı üzrə vasitəçilik fəaliyyəti həyata keçirilmişdir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC turoperator kimi cavabdehlərə turizm məhsullarının satışını deyil, turagent kimi turizm məhsullarının satışı üzrə vasitəçilik fəaliyyətini həyata keçirmişdir. Buna görə də tərəflər arasında turizm məhsulunun satışı haqqında yazılı müqaviləyə zərurət olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 862.1-ci maddəsinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərinə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 862.2-ci maddəsinə görə, turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı MMC tərəfindən cavabdehə xidmət göstərilərək dəyərinin ödənildiyi sübuta yetirilsə də, cavabdeh tərəfindən həmin xidmətin dəyərinin ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməyib qətnamə ilə razılaşdığından və tutulması qət olunan 1100 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş məzənnə ilə 2000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(002)-350/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar