Məhkəmə qərarları › İş №2(103)-5371/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5371/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5371/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehlərin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 (Cavabdeh2 vasitəsilə) oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli müqaviləyə əsasən nağd kredit üzrə 8646,14 manat əsas borc, vəfat etdiyi tarixə 61,64 manat faiz borcu olmaqla, cəmi 8707,78 manat, xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli müqaviləyə əsasən kart krediti üzrə isə 2728,99 manat əsas borc olmaqla, cəmi 2728,99 manat, ödənilmiş 112,17 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 16%-lə, 36 ay müddətinə 10000 manat nağd kredit verilmişdir. Bundan əlavə olaraq, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24%-lə, 36 ay müddətinə 5000 manat məbləğində krediti xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. 425842 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 3344/2024 nömrəli məktubdan görünür ki, X2 mirasını qəbul etmiş vərəsələri Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən X4 xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka 8646.14 manat əsas, vəfat etdiyi tarixə 61.14 manat faiz borcu olmaqla, cəmi 8707.78 manat təşkil edir. Təqdim olunmuş digər maliyyə arayışına əsasən X2 xx.xx.2025-ci il tarixədək tam kart kredit xətti üzrə banka 2728.99 manat əsas borc olmaqla, cəmi 2728.99 manat təşkil edir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-3233/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Əminə Abbasova) ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-ci il tarixli BPM**********78 nömrəli Tam kart müqaviləsi üzrə əsas borca görə 2728,99 (iki min yeddi yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat, xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Kredit Müqaviləsi üzrə əsas borca görə 8646,14 (səkkiz min altı yüz qırx altı manat on dörd qəpik) manat, faiz borcuna görə 61,64 (altmış bir manat altmış dörd qəpik) manat, ümumilikdə 8707,78 (səkkiz min yeddi yüz yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,17 (yüz on iki manat on yeddi qəpik) manat və xidmət haqqının əvəzi olaraq 0,40 (qırx) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 (Cavabdeh2 vasitəsi ilə) və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənil məsiqət edilmişdir.

4. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh1 cavabdeh kimi göstərilə bilməz. Çünki xx.xx.2015-ci il tarixdə anadan olmuşdur, azyaşlıdır, yetkinlik yaşına çatmamışdır və fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Bundan əlavə o və Cavabdeh2 mərhum R.Mustafayevadan heç bir miras qəbul etməmişlər. Mərhumun birinci növbə vərəsələri olan iş üzrə cavabdehlərin hər hansı bir əmlakı miras şəklində qəbul etmələrini təsdiq edə biləcək sübut məhkəməyə təqdim edilmədiyindən və məhkəmənin özünündə belə bir sübut əldə edə bilmədiyindən cavabdehlərin mərhumun öhdəliklərinə görə cavabdehlik daşıması əsassızdır. TƏBİB-in Respublika Müharibə Veteranları Xəstəxanasının xx.xx.2024-cü il tarixli 18-1-1-73/2- 116/2024 nömrəli məktubuna əsasən, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən mərhum X2 ölümünə görə alınmış 3701,21 manat pula gəldikdə isə nəzərə alınmalıdır ki, 3701,21 manat pul sağlığında R.Mustafayeva məxsus olmuş vəsait olmamaqla onun ölümündən sonra vərəsəsinə işlədiyi tibb müəssisəsi tərəfindən verilmiş ödənişdir. Onun ölümünə görə ödənmiş həmin 3701,21 manat pul miras qoyanın öldüyü məqamadək ona məxsus vəsait olmadığından Cavabdeh2 və Cavabdeh1 məhz həmin vəsaitə istinad edilməklə miras qoyanın kreditorlarının tələblərini ödəməkdə cavabdehlik daşıyan şəxs deyildirlər. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və onu müdafiə edərək, əlavə olaraq bildirdi ki, mərhum gəlini ürək tutmasından 30 yaşında rəhmətə gedib, 1 övladı var idi. Nəvəsi Hüseynxan 10 yaşı olduğuna görə cavabdeh kimi göstərilə bilməz. Eyni zamanda qeyd etdi ki, cavabdehlərə heç bir miras qalmayıb. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddianının nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 16%-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir.

9. "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 24%-lə, 36 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır.

10. 10.05.2024-cü il tarixli, 287 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

11. 28.06.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş - X2 vərəsələri: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 46, 46A, 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, 62, mənzil 2 ünvanında qeydiyyatda olan əri Cavabdeh2 (AA*******, xx.xx.2022 - Asan 5, FİN: xxxxxxx, d/t: xx.xx.1989) və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 46, 46A, 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A. 58B, 60, 60A, 60B, 60C, 62, mənzil 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur (AA*******, xx.xx.2020 - Asan 2, FİN: xxxxxxx, d/t: xx.xx.2015) və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Bakı Baş Səhiyyə Mərkəzi" X8 Respublika Müharibə Veteranları Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1- 1-73/2-116/2024-cü il tarixli məktubuna əsasən 3701,21 (üç min yeddi yüz bir manat 21 qəpik) manat pul vəsaitindən ibarətdir.

12. xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Tam kart müqaviləsi ilə bağlı təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 2728,99 manat əsas borcu qalmışdır.

13. xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Kredit Müqaviləsi ilə bağlı təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 8646,14 manat əsas, 61,64 manat faiz borcu olmaqla, cəmi 8707,78 manat borcu qalmışdır. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 739.1-ci və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Tətbiq edilən prosessual hüquq normaları:

15. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı bankla mərhum X4 arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi və kredit xətti müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə borclu vəfat etmiş, həmin anda isə bank qarşısnda icra olunmamış öhdəlik qalmışdır. X2 ölümündən sonra cavabdehlər - mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar.

20. 28.06.2024-cü iltarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında”şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş - X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1dur və onlardan hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası TƏBİB-in Respublika Müharibə Veteranları Xəstəxanasının xx.xx.2024-cü il tarixli,18-1-1-73/2-116/2024 nömrəli məktubuna əsasən 3701,21 manat pul vəsaitindən ibarətdir.

21. Rayon məhkəməsi qeyd etmişdir ki, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda isə, kreditorun vərəsəyə qarşı iddia irəli sürmək hüququ yaranır və vərəsə miras qoyanın kreditoru qarşısında da miras əmlak kütləsi həcmində öhdəlik daşıyır.

22. Cavabdeh apellyasiya şikayətində mərhumun ölümünə görə ödənilmiş 3701,21 manat pul vəsaitinin miras qoyanın öldüyü məqamadək ona məxsus vəsait olmadığına istinad edərək, miras qoyanın kreditorlarının tələblərini ödəməkdə cavabdehlik daşıyan şəxs olmadıqlarını və mərhumdan onlara heç bir miras qalmadığını qeyd etmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın övladının 10 yaşının olması və buna görə də cavabdeh ola bilməməsinə dair şikayətin dəlili əsaslı sayılmır, çünki MM-in 1134-cü maddəsinin tələbinə görə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər, şəxsin vərəsə olması və mirasın qəbulu üçün onun yaşının əhəmiyyəti yoxdur. Belə ki, MM-in 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm olunur.

24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil işin araşdırılmış halları ilə uyğun görünür. Bununla belə, qanunvericiliyin tələbinə əsasən cavabdeh miras qoyanın miras qalmış əmlakının onun öhdəliklərindən daha az olmasını sübut etmə vəzifəsini daşıyır. Odur ki, mövcud məhkəmə tərcübəsinə əsasən cavabdeh üzərinə düşən sübutetmə vəzifəsini tam olaraq icra etməmiş, bu halı tam olaraq sübuta yetirə bilməmişdir.

25. Eyni zamanda Məhkəmə kollegiyası rayon məhkəməsinin istinad etdiyi MM-in 1307-ci maddəsi ilə bağlı qeyd edir ki, 21 iyun 2025-ci il tarixli №216-VİİQD saylı Qanunla MM-in 1307-ci maddəsi ləğv edilmişdir, lakin həmin normada nəzərdə tutulmuş tələblər, həm də daha müfəssəl formada MM-yə elə həmin qanunla yeni əlavə olunmuş 1306.4 və 1306.5-ci maddələrdə təsbit olunmuşdur.

26. Belə ki, Mülki Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır.

28. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

30. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

31. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

32. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və şikayət təmin edilə bilməz.

33. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

38. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar