Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5372/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(002)-662/2021saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 23.05.2019-cu il tarixli, RPF- 00018-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.01.2021-ci il tarixinə ödənilməmiş 4778,82 manat əsas borc, 35,6 manat faiz borcu, ümumilikdə 4814,42 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh və X2 iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında 23.05.2109-cu il tarixli, RPF 00018-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 4779 (dörd min yeddi yüz yetmiş doqquz) manat 81 (səksən bir) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış SMN-00011-16/15U saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 23 may 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASCnin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində PRF-00018-16/19A saylı, 23 may 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəliilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0,02%-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdehin kredit müqaviləsi üzrə 08.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 4778,82 manat əsas borc, 35,6 manat faiz borcu vardır. Beləliklə cavabdehin 08.01.2021-ci il tarixinə ümumi borcu 4814,42 manat təşkil edir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(002)-662/2021saylı qətnaməsi ilə iddia təmin edilərək, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli, RPF-00018-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filial ilə Cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli, RPF-00018-16/19A saylı kredit müqaviləsinə əsasən, 08.01.2021-ci il tarixə ödənilməmiş 4778,82 manat əsas borc, 35,6 manat faiz borcu, ümumilikdə 4814,42 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh tutularaq Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(002)-662/2021saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı təşkilat iddia ərizəsində əsas borc 4778,82 manat əsas borc göstərmiş, həmin əsas borca 35,6 faiz hesablanmışdır. Halbuku cavabdeh indiyə kimi banka kifayət qədər pul ödəmişdir və həmin pulun xeyli hissəsi də faiz borcuna hesablanmışdır. Məhkəmədə ümumilikdə həqiqi borcun nə qədər olması araşdırılmamış və cavabdehin əmlak və maddi vəziyyəti nəzərə alınmamış, iddia təmin edilməklə onun maddi vəziyyətini dahada ağırlaşdırmışdır. İddiaçı Bank “xxxx” ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı tərəf məhkəməyə teleqram göndərərək, iştirakları olmadan işə baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 23.05.2019cu il tarixli, RPF-00018-16/19A saylı kredit müqaviləsindən görünür ki, Bank “xxxx” ASC 4779 (dörd min yeddi yüz yetmiş doqquz) manat 81 (səksən bir) qəpik krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəştli müddət tətbiq etməklə 60 (altmış) müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış SMN-00011-16/15U saylı, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 23 may 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından Bank “xxxx” ASC-nin 08.01.2021-ci il tarixli arayışdan görünür ki, 06.01.2021-ci il tarixə X1 banka əsas borc məbləği 4778,82 manat, ümumi faiz borcu 35,6 manat, dəbbə borcu 0 (sıfır) manat, cəmi borcu 4814,42 manat təşkil edir. İş materialarından Bank “xxxx” ASC-nin 06.10.2020-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh ən qısa zamanda borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında MPM-nin 218.3-cü maddəsinə əsasən iddia tələbi həcmində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun borcun düzgün hesablanmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir. Kollegiya apellyatorun əmlak və maddi vəziyyəti nəzərə alınmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, onun maddi və əmlak vəziyyətinin ağırlığı gələcəkdə MPM-nin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(002)- 662/2021saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-5372/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5372/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver