Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5372/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaranmış debitor borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə cavabdehin yarandığı debitor borcun ödənilməsi məqsədi ilə 5.437,93 manat, iddia ərizəsinin məhkəməyə verilməsi alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,38 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdehin yaşadığı və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfail Cəfərov küçəsi, “Dan ulduzu” düşərgəsində yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00610 nömrəli abonent kodu verilmiş və yaşayış sahəsini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Ötən illər ərzində təbii qazdan istifadə etmiş cavabdeh 5.437,93 manat məbləğində yaranmış debitor borcu Birlik tərəfindən ona dəflərlə edilmiş xəbərdarlıqlara baxmayaraq Birliyə ödəməmişdir. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 97,28 manat məbləğində dövlət rüsumu ödəmək və hüquqi yardım almaq üçün 400 manat məbləğində xərc çəkmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.443,59 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 19,12 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Birliyin xeyrinə cavabdehdən son bir il üçün 1.443,59 manat məbləğində debitor borc tutula bilər. Qalan məbləğ ilə bağlı tələb iddia müddətinin ötürülməsi səbəbindən tutula bilməz. İddia qismən İş materiallarından həmçinin görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Birlik tərəfindən 78,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin olunduğundan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə tərəflərə aid edilməlidir. Buna görə də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə 19,12 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməlidir. Rüsumun qalan hissəsi ilə iddiaçı Birliyin özünə aid edilməlidir. İddiaçı Birlik iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün onun tərəfindən hüquqi yardıma görə 400 manat məbləğində xərc çəkdiyini və həmin xərcin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, bu xərcin onun tərəfindən çəkilməsini təsdiq edən “Ödəniş qəbzini” məhkəməyə təqdim etməmişdir. Buna görə bu məbləğ tam və ya qismən cavabdehdən tutula bilməz. c) apellyasiya şikayəti barədə məlumat
5. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Birlik ilə Laçın rayonundan məcburi köçkün olan cavabdeh arasında xx.xx.2017-ci il tarixdə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlansa da, “Dan ulduzu” düşərgəsində cavabdehin ailəsindən başqa məcburi köçkün olan təxminən 15 ailə yaşayır. Düşərgədə yaşayan şəxslərin hamısı təbii qazdan istifadə etsələr də, hamının qaz xətti düşərgədə quraşdırılmış və cavabdehin adına qeydə alınmış 1 qaz sayğacına birləşdirilmişdir. Cavabdeh həmin müqaviləni imzalayarkan, onun mahiyyətini anlamamış, müqavilənin şərtləri ilə tanış olmamışdır. Buna görə də, iddiaçı Birliyin ona qarşı irəli sürdüyü iddia tələbi tam həcmdə rədd edilməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İş üzrə cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
9. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının həddi barədə məlumat
10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı Birlik iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayətini cavabdeh vermişdir. Apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
12. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı Birlik ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus yaşayış sahəsi təbii qazla təchiz edilir və bununla bağlı qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Müqaviləyə əsasən istehlakçı olan cavabdeh iddiaçı Birlik qarşısında üzərinə öhdəlik götürmüşdür ki, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qazpaylayıcısı olan Birlik tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydalarının” tələblərinə əməl etməlidir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.).
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).
17. İddiaçı Birlik tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən, hesablamadan və “Abonentin saldosundan” görünür ki, apellyasiya baxışının predmeti olan müddət ərzində təbii qadan istifadəyə görə cavabdehin iddiaçı Birliyə 1.443,59 manat məbləğində debitor borcu yaranmışdır. Birlik tərəfindən cavabdehə dəflərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh iddiaçıya olan həmin borcu ödəməmişdir.
18. İşin müəyyən edilmiş bu halına yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən yanaşdıqda müəyyən edilir ki, cavabdeh iddiaçı Birlik qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır və Birliyə olan həmin borcu ödəməlidir.
19. Borcun olmaması və ya daha az məbləğdə olması halı cavabdeh tərəfindən sübuta yetirilmir. Halbuki, MPM-in 77-ci maddəsinə görə, bu halı sübut etmək vəzifəsi hazırkı halda cavabdehin üzərinə düşür. g) apellyasiya baxışının nəticəsi
20. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı Birlik tərəfindən mübahisələndirə biləcək hissəsində iddianın qiyməti (5.437,93 – 1.424,47=) 4.013,46 manat, cavabdeh tərəfindən mübahisələndirə biləcək hissəsində iddianın qiyməti isə 1.424,47 manat təşkil edir.
24. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.