Məhkəmə qərarları › İş №2(103)-5373/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5373/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5373/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcunun ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2576/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 48 ay müddətinə illik 20 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən ödənilməli faiz borcunun məbləği 4604,20 manat təşkil etmişdir.

2. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat borcun, 133,51 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırımışdır ki, "xxxx" ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 20 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Lakin borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehə kreditin qaytarılması haqqında xx.xx.2021-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. xx.xx.2022-ci il tarixə cavabdehin banka 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün ödənilməmiş qalan kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2576/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddianın təmin edilməsi, Cavabdeh 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 (on dörd min beş yüz iki manat 83 qəpik) manat borc, 133,51 (yüz otuz üç manat 51 qəpik) manat dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia irəli sürülərkən 48 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi irəli sürülməmiş, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən halar aşdırılmamışdır. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışını mötəbər sübut növü kimi qəbul edərək cavabdehin borc məbləği ilə razılaşmamasına baxmayaraq ekspertiza təyin etməmişdir. Beləliklə, hazırki iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, nəticədə prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, qətnamə çıxararkən hakim ilk növbədə iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilib edilməməsini araşdırmamışdır. Belə ki, bank tərəfindən cavabdehə müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi ilə bağlı heç bir pretenziya məktubu göndərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 443.1 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Maddə 445.1 icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.

16. 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2576/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə ilə bağladığı 10 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində banka olna borcunun müəyyən edilməsi üçün melki iş üzrə ekspertizanın keçirilməli olduğunu qeyd edir. Kollegiya hesab edir ki, hazırki halda mülki iş üzrə ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarında olan maliyyə arayışından və apellyasiya icraatı zamanı təqdim edilmiş hesabdan çıxarışdan müəyyən olunur ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borcdan 137,63 manat və faiz borcundan isə cəmi 167 manat ödəniş etmiş, onun "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə 9862,37 manat əsas borc, 4640,46 manat faiz borcu olmaqla, cəmi 14502,83 manat məbləğində borcu qalmışdır.

28. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, hazırki tələbdə kredit müqviləsinin ləğvi deyil, kredit müqaviləsi üzrə ödənilməmiş borc tələb oldunduğundan bank tərəfindən cavabdehə müqavilənin ləğvi barədə hər hansı pretenziya məktubunun göndərilməsinə lüzum olmamışdır.

29. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2576/2022 saylı 06 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar