Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5374/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından Cavabdeh qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.229,60 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 244,18 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,74 manat, ümumilikdə 8.578,52 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə abonent olan cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-04495xx/xx-2022 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə əsasında cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 679 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana iddiaçı Birliyin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh, onunla Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Belə ki, Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunmuş və bu halı təsdiqləyən fotoşəkillər çəkilmiş, müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan aktlar (cəmi 6 akt) əsasında aparılmış araşdırmalar və hesablamalar nəticəsində müəyyən edilmişdir ki, qaz sayğacından kənar çəkilmiş qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə vurduğu maddi zərər 8.229,60 manat məbləğindədir. Təbii qazdan qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə 244,18 manat məbləğində debitor borcu yaranmış, lakin cavabdeh həmin borcu ödəməkdən yayınmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 104,74 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 3.255,16 manat, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 244,18 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış ziyan məbləği qanuni hesab edilə bilməz. Belə ki, cavabdehə aid “Abonent saldosundan” da görünür ki, cavabdehə məxsus fərdi yaşayış evində 1 ədəd “PQ-4” qaz plitəsi və 1 ədəd dəmir soba var. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədə 1 ədəd “PQ-4” üçün orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd “Qeyri standart su qızdırıcısı” (QSSQ) üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd dəmir soba üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti isə 180 gün deyil 30 gün kimi qəbul edir. Habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 180 gün kimi qəbul edilmişdir. Məhkəmə hesabat müddətinin 180 gün deyil 30 gün kimi nəzərə alınması ilə bağlı bildirir ki, iş materiallarında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli borcun etirafı barədə ərizə olduğundan yəni iddiaçı Birlik tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehə borcun etirafı barədə ərizə imzalandığından 1 ay sonra xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında vurulmuş ziyanın 180 günə hesablanmasını əsaslı hesab etmir. Bundan başqa, məhkəmə, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə 1 ədəd “PQ-4” üçün orta günlük iş rejimi 24 saat deyil, 6 saat, hesabat müddəti isə 30 gün, 1 ədəd QSSQ üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün, 1 ədəd dəmir soba üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 30 gün kimi qəbul edir. Məhkəmə dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədə 1 ədəd “PQ-4” üçün orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat müddəti isə 30 gün, 1 ədəd “QSSQ” üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti isə 30 gün, 1 ədəd dəmir soba üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti isə 30 gün kimi qəbul edir. Belə olan halda itirilmiş qazın bərpası 1 ədəd PQ-4 üçün 1,2 x 6 x 30 = 216 m3, 1 ədəd “QSSQ” üçün 3 x 12 x 30 = 1080 m3, 1 ədəd dəmir soba üçün 1,4 x 12 x 30 = 504 m3, cəmi 1800 m3 hesablanmalı və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 (on iki qəpik) manata vurulmalıdır. İddiaçıya dəymiş zərər 1800 x 0,12 = 216 manat məbləğində olması müəyyən edilir. xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlar üzrə cəmi ziyan 216 x 3= 648 manat müəyyən edilir. Vurulmuş ziyanın hesablanması ilə bağlı cavabdeh xx.xx.2022-ci il tarixində 2.607,16 manat borcu olduğunu etiraf etmiş, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlar üzrə 648 manat ziyan müəyyən edilir. Belə olan halda cavabdehdən 2.607,16 + 648 = 3.255,16 manat dəymiş ziyan tutularaq iddiaçı Birliyə ödənilməlidir. Bundan başqa 244,18 manat debitor borcu olması işin mübahisəsiz halıdır. Digər tərəfdən, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Bundan əlavə, iddia 104.74 manat dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilməli, 55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı Birliyin hesabına ödənilməlidir, çünki iddia qismən əsaslıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin hallarına səhv qiymət vermiş və nəticədə iddianın bir qismini əsassız olaraq təmin etməmişdir. Həmin hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İş üzrə iddiaçı Birlik apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
8. Cavabdeh, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının həddi barədə məlumat
9. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birlik isə apellyasiya şikayətində iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
10. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçı Birlik ilə cavabdeh arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehlakçı olan iddiaçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qazpaylayıcısı olan Birlik tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu müqavilənin və “Qazdan istifadə Qaydalarının” tələblərinə əməl etməlidir. Birliyin əməkdaşları tərəfindən iddiaçıya məxsus evə aid qaz xəttinə və qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə edir. Bununla bağlı müxtəlif tarixlərdə 2020-2023-cü illər ərzində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar (cəmi 6 akt) tərtib edilmişdir. Həmin aktlar əsasında ASC tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 8.229,60 manat məbləğində ziyan vurulmuşdur.
14. Qeyd edilməlidir ki, iddia tələbinin təmin edilməyən hissəsi cavabdehin borcunu etirafından sonrakı tarixlərdə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar üzrə dəymiş zərərin düzgün hesablanmaması ilə bağlıdır. Rayon Məhkəməsi həmin aktlar üzrə 648 manat ziyan müəyyən etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evində 1 ədəd “PQ-4”, 1 ədəd dəmir soba olduğu müəyyən olunur. 1 ədəd “PQ-4” üçün orta günlük iş rejimi 24 saat deyil, 6 saat, hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd dəmir soba üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat, hesabat müddəti isə 180 gün deyil 30 gün kimi qəbul edilir. Lakin Tələbnamələrdə qeyd edilən qurğuların orta günlük iş rejimi və hesabat müddəti çox göstərildiyi üçün qeyd edilən aktlar üzrə dəymiş ziyanın miqdarı da düzgün müəyyən edilməmişdir.
15. Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, həmin akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün olan 1 ədəd “PQ-4”, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün olan 1 ədəd QSSQ, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün olan 2 ədəd Dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 36.720 m3 hesablanmışdır.
16. Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, həmin akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd “PQ-4”, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd “QSSQ”, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 2 ədəd dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 6.120 m3 hesablanmışdır.
17. Rayon Məhkəməsinin istinad etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, həmin akta əsasən maksimal saatlıq qaz sərfi 1,2 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd “PQ-4”, maksimal saatlıq qaz sərfi 3 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd “QSSQ”, maksimal saatlıq qaz sərfi 1,4 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 2 ədəd dəmir soba və maksimal saatlıq qaz sərfi 1,5 m3 olan orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olan 1 ədəd İran sobası olduğu qəbul edilərək, 6.120 m3 hesablanmışdır.
18. Məhkəmə iddianın təmin edilməməsi hissəsində Rayon Məhkəməsinin gəldiyi qənaəti, yəni təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli aktlar əsasında hesablanmış ziyan məbləğinin qanuni hesab edilməsi barədə qənaəti haqlı hesab edir. Çünki iddiaçının adına tərtib edilmiş “Abonent saldosundan” da görünür ki, cavabdehə məxsus fərdi yaşayış evində 1 ədəd “PQ-4” və 1 ədəd dəmir sobadan istifadə olunur.
19. “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədə 1 ədəd “PQ-4” üçün orta günlük iş rejimi 24 saat deyil, 6 saat hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd “QSSQ” üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti isə 180 gün deyil 30 gün, 1 ədəd dəmir soba üçün orta günlük iş rejimi 24 saat deyil, 12 saat hesabat müddəti isə 180 gün deyil 30 gün kimi qəbul edilməsi ağlabatandır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli borcun etirafı barədə ərizə verməsindən 1 ay sonra xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında vurulmuş ziyanın 180 günə hesablanması əsaslı hesab edilə bilməz.
20. Bundan başqa, qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmadan, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 180 gün kimi qəbul edilmişdir.
21. Belə olan halda itirilmiş qazın bərpası 1 ədəd “PQ-4” üçün (1,2 x 6 x 30 =) 216 m3, 1 ədəd “QSSQ” üçün (3 x 12 x 30 =) 1.080 m3, 1 ədəd dəmir soba üçün (1,4 x 12 x 30 =) 504 m3, cəmi 1.800 m3 hesablanmalı və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 (on iki qəpik) manata vurulmalıdır. İddiaçı Birliyə dəymiş zərər (1.800 x 0,12=) 216 manat məbləğində olması müəyyən edilir.
22. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlar üzrə cəmi ziyan (216 x 3=) 648 manat müəyyən edilir.
23. Məhkəmə bildirir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 13.). Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar (maddə 22.).
25. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Qaz sayğaclarının üzərində müvafiq Dövlət Xidmətinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (bənd 4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (maddə 4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (maddə 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 4.9.).
28. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən vurulmuş ziyanın miqdarı düzgün müəyyən edilmişdir.
29. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəni əsaslı, iddiaçı Birliyin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi
30. Apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Hazırki iş üzrə iddiaçı Birliyin iddia tələbi (8.229,60+244,18=) 8.473,78 manat olmuş (iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi tələb edilən 104,74 manat məhkəmə xərclərinə aid olduğundan iddia tələbinin məbləğinə aid deyil), işə baxmış Rayon Məhkəməsi isə iddianı qismən təmin edərək (3.255,16+244,18=) 3.499,34 manat məbləğində pulun cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmasını qət etmişdir. Belə olan halda müəyyən edilir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamənin iddiaçı Birlik tərəfindən mübahisələndirilə biləcək hissəsinin məbləği 5.000 manatdan azdır, (8.473,78- 3.499,34=) 4.974,44 manatdır.
34. Buna görə də qəbul edilməlidir ki, iddiaçı Birlik hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
35. Hazırki qətnamədən cavabdeh də kassasiya şikayəti verə bilməz.
36. Belə ki, MPM-nin 403.1-ci maddəsinə görə, MPM-nin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamələrdən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
37. İşdən isə görünür ki, hazırki iş üzrə cavabdehin təmin olunmayan tələbi mövcud deyil. O, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verməmiş, Məhkəmə də, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığını, qətnamədən iddiaçı Birlik tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddianın bir qisminin təmin edilməməsi barədə hissədə yoxlamışdır.
38. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyun 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.