Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5378/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(003)-2163/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmışdır. Vəkalət verən olan iddiaçı evinin təmir-tikinti işlərini barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. Həmin işin müqabilində iddiaçı tərəfindən cavabdehə 6000 manat pul verilmişdir. Hazırda iddiaçı bildirir ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmişdir. Belə ki, cavabdehə tapşırılan işi onun öz istəyi ilə yarıda saxladığını, ümumilikdə verdiyi 6000 manat puldan 2170 manat hissəsini təmir-tikintiyə xərcləndiyini, cavabdehin 3830 manat pulu isə geri qaytaracağına söz versə də, sözünü yerinə yetirmədiyini bildirir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3830 manat məbləğin, iddia ərizəsi ilə əlaqədar məhkəməyə ödənilmiş 58 manat manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı binada mənzilini təmir etdirmək üçün təmir-tikinti briqadası olan Cavabdeh adlı şəxlə tanış olmuşdur. O, görəcəyi işlərlə tanış olub, 18.500 manat smeta tərtib etmiş və işə başlamaq üçün ilkin olaraq ondan 6.000 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə təmir işlərinə başlaması üçün yaşadığı ünvanda ona 6.000 manat pul vermişdir. O isə 3 gün sonra təmirə başlamış, lakin təmir üçün keyfiyyətsiz materiallardan istifadə etdiyi üçün aralarında narazıçılıq yaranmışdır. Nəticədə hər iki tərəfin razılığı ilə iş dayandırılmışdır. O, pulunu geri tələb etdikdə, gördüyü işləri hesablayaraq materiallara ümumilikdə 2.170 manat pul xərclədiyini bildirmişdir. Pulun qalan hissəsini yəni 3.830 manatı 1 həftə ərzində ona qaytaracağına söz vermişdir. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq o müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Cavabdeh ona borclu olduğunu təsdiq edən şahidlər və telefon yazışmaları vardır. xx.xx.2024-cü il tarixdə Binəqədi rayonunun 7-ci polis bölməsinə ərizə ilə müraciət etmiş, sonuncu orada verdiyi izahatda borclu olduğunu etiraf etmiş və xx.xx.2024-cü il tarixə qədər borcunu ödəyəcəyinə söz vermişdir. Ancaq bu vaxta qədər aldığı pulu qaytarmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(003)-2163/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3800 manat pul və 58 manat dövlət rüsumu olmaqla, cəmi 3858 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş cavabdehin Binəqədi RPİ-nin 7-ci PB də verdiyi izahatından görünür ki, o, iddiaçıdan təmir-tikinti işləri üçün 6000 manat pul aldığını, 2550 manat dəyərində iş gördüyünü, iddiaçıya borclu qaldığı 3450 manat borcunun isə mart ayının sonuna kimi qaytaracağına söz verməsi müəyyən edilmişdir. Buna görə də, cavabdehin Binəqədi RPİ-nin 7-ci PB-də verdiyi izahat sübut növü kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan pul almaq hüququna malik olduğu kimi, eyni zamanda tapşırığın icrası nəticəsində əldə olunanların hamısını iddiaçıya verməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh hüquqlarından istifadə etmiş, tapşırığın icrası nəticəsində əldə olunan pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini tam yerinə yetirməmişdir. Odur ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, iddiaçı qalıq pulu tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab etmişdir ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Məhkəmə ilk növbədə, cavabdeh tərəfindən iddiaçıya 6000,0 manat pulun verilməsi və həmin puldan 2170,0 pulun qaytarılması işin mübahisəsiz halı olduğundan bu hissə ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etməmişdir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən Binəqədi RPİ-nin 7-ci PB-də verdiyi izahat iddiaçıdan 6000,0 manat aldığını etiraf etməklə həmin pulun 2550,0 manatını ona qaytardığını, hal-hazırda iddiaçıya 3450,0 manat borcunun qalmasını bildirmişdir. Buna görə də, məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. İş üzrə iddiaçının 6000,0 manat məbləğində pul vəsaitini cavabdehə verməsi və həmin puldan 3450,0 manat qaytarmasını etiraf etməsi, həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, cavabdeh 3450 manat məbləğində borclu qalmasını etiraf etdiyindən, iddiaçı tələbinin 3450 manat olan hissəsində, yəni cavabdehin 3450 manat borcu olmasını sübut etmək yükündən azad olunmuşdur. Bundan başqa, cavabdeh iddiaçının mənzilində 2550,0 manat dəyərində təmir tikinti işləri görməsini etiraf etsə də, görülən işin 2550 manat dəyərində olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, sübut etmək yükü cavabdeh üzərinə düşməklə, məhz cavabdehin vəzifəsidir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmanı, eyni zamanda Cavabdeh ilə şahid Elçin Qorçuyev telefon danışıqlarını qeyd alınması barədə “səs yazıları”nı iddiasının əsasını təşkil edən dəlil kimi təqdim etmişdir. Məhkəmə tərəfindən həmin dəlillər tədqiq olunmuş, iddiaçının təqdim etdiyi dəlillərin işin faktiki halları ilə uyğun olması müəyyən edilmiş və sübut növü kimi qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi dəlillər, eləcə də işin faktiki halları ilə, cavabdehin təmir-tikinti işləri ilə bağlı iddiaçıdan 6000 manat pul almasını etiraf etməsi, məhkəmə iclasında dindirilən şahidin ifadəsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmanı, eyni zamanda Cavabdeh ilə şahid Elçin Qorçuyev telefon danışıqlarını qeyd alınması barədə “səs yazıları” ilə cavabdehin iddiaçıya 3800,0 manat borclu qalması sübuta yetirilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 3830 manat borcunu qeyd etsə də, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla iddiaçının tələbi 3800 manat hissəsində iddiaçı tərəfindən sübuta yetirilmiş, lakin iddiaçı cavabdehin ona 30 manat borclu qalmasını təsdiq edəcək hər hansı sübutu təqdim edə bilməmişdir. İddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı olmadığından, iddianın 30 manat hissəsi təmin edilməməlidir. Məhkəmə istinad olunan qanunvericilik aktı normalarına əsasən hesab etmişdir ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı verdiyi vəsaiti tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, 3800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xəzər rayon məhkəməsi iddiaçının polis bölməsində verdiyi izahatı da diqqətə alaraq tapşırıq müqaviləsinin məhz iddiaçı tərəfindən pozulması halını təsdiq etmişdir. Tapşırıq müqaviləsinin pozulması təşəbbüsünün iddiaçı tərəfindən gəlməsinə baxmayaraq, Mülki Məcəllənin 786.1-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən sübut edilmədən iddiasının təmin edilməsi qanunsuz olmuşdur. Belə ki, iddiaçı tapşırıq müqaviləsi üzrə hərəkət edən, iş görən onun zərərini qarşılamalı idi, bu qaydadan istisna isə müqavilənin ləğvinə əsasın onun hərəkəti nəticəsində baş vediyini sübut etməli olması halıdır. Hazırki işdə isə bu xüsusat üzrə ümumiyyətlə araşdırılma aparılmamış, iddiaçının hansı səbəbdən müqavilənin ləğvini istəməsi və ümumiyyətlə onun gördüyü işin qiyməti və həcminin nədən ibarət olmasını, hansı tərəfin zərər uğrayıbuğramaması, həmin zərərin kimin tərəfindən vurulması məsələsini məhkəmə aşkara çıxara bilməmişdir. Məhkəmə iş üzrə obyektiv həqiqəti ortaya çıxarmaq istəsəydi görülmüş işlərlə bağlı ekspertiza təyin edər və işlərin ümumi xərci, işçilik haqları da daxil müəyyən edərdi. Bundan başqa Xəzər rayon məhkəməsi iddianı təmin edərkən onun polis bölməsində vermiş olduğu izahata istinad etmişdir. Qeyd edir ki, istənilən bir şəxs polis bölməsi, idarəsində olarkən nə olursa, olsun oradan mümkün qədər tez müddətdə çıxmaq olur. O da polis əməkdaşlarının təzyiqi altında yeganə çıxış yolunun filan qədər pulu qaytarmaqla bağlı izahat yazmaqda olduğunu gördüyündən o məzmunda izahat yazaraq oradan çıxmışdır. Onun 3450 manat pulu qaytaracağı ilə bağlı izahat yazmasına baxmayaraq, məhkəmə 3800 manat pulun tutulması ilə bağlı qətnamə qəbul etmişdir. Onsuz da tapşırıq müqaviləsinin pozulmasının təşəbbüskarı iddiaçı olduğundan onun 3450 manatı qaytarmaq vəzifəsi belə mövcud olmamışdır. Çünki öz üzərinə düşən vəzifələri layiqincə və tapşırılmış formada icra etmişdir. Məhkəmənin də müəyyən etmədiyi hallardan iddiaçı sonradan fikrini dəyişərək geriyə pul tələb etmişdir. Digər tərəfdən işə aidiyyatı olmayan şəxslərlə aralarında keçən danışığın sübut kimi qəbul edilib, qiymətləndirilməsi özü prosessual hüquq normalarının pozuntusu sayılmalıdır. Elçin Qorçuyev tapşırıq müqaviləsi üzrə tərəf kimi çıxış etməmiş və onunla baş vermiş hər hansı bir danışıq sübut kimi dəyərləndirilə bilməzdi. Eyni zamanda, iddiaçı ilə aralarında keçdiyi deyilən yazışmalar da sübut kimi dəyərləndirilib qiymətləndirilə bilməzdi. Həmin sübutların ümumiyyətlə nələr olmasından məlumatı olmamış və mötəbərliyinə kifayət qədər şübhələri mövcuddur. Odur ki, həmin yazışma danışıqları sübut növü kimi qiymətləndirib 3800 manat məbləğində pul tutulması barədə iddianı təmin etmək qanunsuzdur. Eyni zamanda məhkəmə mülki məcəllənin maddi hüquq normasını yanlış təfsir edərək, tapşırığın icrası nəticəsində əldə olunanların hamısını qaytarmaq vəzifəsinin içərisinə işi görmək üçün aldığı haqqı daxil etmişdir. Halbuki maddə mətnindən də anlaşıldığı kimi orada qanunverici tapşırıq müqaviləsi nəticəsində ortaya çıxan əşya, predmet, görülən xidmətin özünü nəzərdə tutmuşdur. Hazırki işdə isə bunun qarşılığı onun gördüyü təmir işi aldığı materiallar və işlətdiyi işçilərin əməyidir. Belə olduğu təqdirdə məhkəmə maddi hüquq normasını yanlış təfsir etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
779. əkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında şifahi formada tapşırıq müqaviləsi bağlanmış, vəkalət verən olan iddiaçı evinin təmir-tikinti işlərini barədə vəkalət alan cavabdehə tapşırıq vermişdir. Həmin işin müqabilində iddiaçı tərəfindən cavabdehə 6000 manat pul verilmişdir. Tərəflər həqiqətən təmir-tikinti işlərinin görülməsi, cavabdehin iddiaçıdan görüləcək işlərin müqabilində cavabdehin iddiaçıdan ilkin olaraq 6000 manat pul alması, iddiaçının təkidi ilə təmir-tikinti işlərinin dayandırılması, verilən pulun qalıq hissəsini cavabdehin iddiaçıya qaytaracağına dair öhdəlik götürməsi və həmin pulu qaytarmaması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin polis bölməsində verdiyi izahatından onun iddiaçıya məxsus evdə 2550,0 manat dəyərində işlərin görülməsi və sonda onun iddiaçıya 3450,0 manat borcunun olması, lakin iddiaçının cavabdehin ona 3830,0 manat borclu olmasını bildirməsidir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Səfərov X3 RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət edərək, yaşadığı mənzili təmir etməsi üçün təmir tikinti briqadası olan Mirzəyeva Natavan adlı şəxsə ilkin olaraq 6000 manat pul ödədiyini, lakin sonuncu tərəfindən təmirin keyfiyyətsiz materiallardan istifadə etdiyi üçün aralarında narazılıq olduğunu və hər ikisinin razılığı ilə işlərinin dayandırlmasını bildirmişdir. Həmin təmir işləri üçün hesablanan materialların pulunun 2170 manat olduğunu, bu səbəbdən də Natavan ona qısa müddət ərzində 3830 manat pulu geri qaytarmasını bildirsə de, qaytarmaması barədə melumat vermişdir Binəqədi RPİ-nin 7-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis kapitanı Vəfadar Həsənovun arayışından görünür ki, aparılan araşdırma zamanı izahatı alınmış vət. Cavabdeh Ağarehim qızı dizayner vəzifəsində işlədiyini, dekabr ayının 7-de İddiaçı məxsus mənzili təmir etməsi üçün mənzilə baxış keçirtdiyini, bu səbəbdən de sonuncudan 6000 manat pul alaraq, işlərə başlamasını bildirmişdir. Lakin Elçin ona işləri bəyənmədiyini və işləri dayandırmasını, aparılan hesabat zamanı isə görülən işlərə 2.550 manat pul vəsaitinin xərcləndiyini bildirdiyi üçün ona 3450 manat pul borcunun qaldığını və mart ayının sonunadek ona olan borcunu geri qaytaracağı barədə öz izahatında qeyd etmişdir. Qeyd olunan xüsusatlarla araşdırma aparılmış, lakin göstərilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi barədə vətəndaşa rəsmi melumat verilmişdir. İş materiallarında olan həmin material üzrə Cavabdeh izahatının surətindən görünür ki, İddiaçı Həsən Əliyev küçəsi, 125 ünvanında yerləşən “Artenco Studio” ofisinə gəlmiş və 9 mikrorayon olan Adil Məmmədov küçəsi, ev 10A yerləşən ümumi sahəsi 123 kv.metr olan mənzilin təmiri və dizayn işlərini, ondan xahiş etmiş, o həmin mənzilə baxış keçirtmiş və smetanı çıxarmağa söz vermişdir. Bir həftə sonra İddiaçı yenidən ofisə gəlmiş və ümumi dəyəri 18500 manat tikinti təmir və dizayn işlərinə razılaşmışlar. Bir həftə sonra İddiaçı ona 6000 manat vəsait ödəmiş və o, bir gün sonr təmir-tikinti işlərinə başlamışdır. 5 iş günü müddətində mənzilin tavan işləri üçün olan materialları almış, həmin ünvana gətirmişdir. Ondan əvvəl yarımçıq qalan elektrik və sanitariya işlərini tamamlamışdır. Bütün gətridyi materiallar Türkiyə istehsalı olmuş, Beytaş və Kögtel firmalarına məxsus olmuşdur. Yeni il qabağı tavan, santexnik, elektrik işlərini təhvil vermişdir. Yeni ildən sonra İddiaçı işləri dayandırmağa qərar vermişdir. Ona verilən 6000 manatın hesabatını tələb etmişdir. Ona təmir-tikintiyə 2550 manat xərclənən hesabatı təqdim etmişdir. Onda qalıq qalan 3450 manatı ona qaytaracağını söyləmiş və oda razılaşmışdır. İddiaçı 3450 manat borcu var. Mart ayının sonunadək qaytaracaqdır. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır, heç bir qohumluq münasibətləri olmamaqla yanaşı, aralarında ədavət yoxdur. Cavabdeh dizayner kimi tanımışdır. Cavabdeh onların bağında işləmişdir. Elçin evində təmir-tikinti işləri gördürmək istədiyindən, Cavabdeh ilə onu tanış etmişdir.. Lakin aralarında olan razılaşma pozulmuş, Elçində onu Natəvanla tanış etdiyi üçün, dəfələrlə Cavabdeh 3800 manat pulu tələb etməsini bildirmişdir. Natəvanla bu barədə dəfələrlə yazışmaları, danışıqları olmuş, ona hətta səs atmış və Elçinə olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin səs yazısını diskə yüklədərək Elçinə təqdim etmişdir. Natəvanın Elçinə 3800 manat borcu vardır və həmin borcunu qaytarmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışmadan, müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya 3800 manat borcun olmasını etiraf edir. Bununla yanaşı Binəqədi RPİ-nin 7-ci PB-də verdiyi izahatında cavabdeh iddiaçıdan 6000,0 manat aldığını etiraf etməklə həmin pulun 2550,0 manatını ona qaytardığını, hal-hazırda iddiaçıya 3450,0 manat borcunun qalmasını bildirmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd olunan izahatı polis əməkdaşlarının təzyiqi altında verməsini bildirsə bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, eləcə də işin faktiki halları ilə cavabdehin təzyiq altında izahat verməsi müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh 3450 manat məbləğində borclu qalmasını etiraf etmiş və iddiaçı tələbinin 3450 manat olan hissəsində, yəni cavabdehin sözügedən məbləğdə borcu olmasını sübut etmək yükündən azad olunmuşdur. Digər tərəfdən cavabdeh iddiaçının mənzilində 2550,0 manat dəyərində təmir tikinti işləri görməsini etiraf etsə də, görülən işin məhz 2550 manat dəyərində olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında dindirilən şahidin ifadəsi, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu ilə Cavabdeh arasında aparılmış “WhatsApp Messenger” proqramı vasitəsi aparılmış yazışma ilə cavabdehin iddiaçıya 3800,0 manat borclu qalması sübuta yetirilmişdir. Cavabdeh apellyasiya şikayətində Elçin Qorçuyevin tapşırıq müqaviləsi üzrə tərəf kimi çıxış etməməsini bildirməklə onunla baş vermiş hər hansı bir danışığın sübut kimi qiymətləndirilməsinin düzgün olmadığını qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, E.Qorçuyev müqavilə tərəfi olmasa da cavabdeh həmin danışığın özü tərəfindən aparılmasını inkar etməməklə bir növ şahidin qeyd etdiklərini qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının verdiyi tapşırığı yerinə yetirmədiyindən, habelə, iddiaçıya zərər dəydiyindən, iddiaçı verdiyi vəsaiti tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, 3800 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanaraq hər iki tərəf üzərlərinə öhdəlik götürsə də məhz cavabdeh tərəfin təqsiri üzündən tapşırıq yerinə yetirilməmişdir. Çünki cavabdeh öz üzərinə düşən vəzifələri layiqincə və tapşırılmış formada icra etməsini bildirsə də, iddiaçı işlərin dayandırılması zamanı eləcə də bundan sonra iddiaçının belə bir tələbi olmamış və iddiaçının şikayəti zamanı polisdə aparılmış araşdırma zamanı da belə bir hala istinad etməmiş eyni zamanda bu barədə mötəbər sübutlar təqdim etməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Göründüyü kimi, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(003)- 2163/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Səadət Səlimova