Məhkəmə qərarları › İş №2(103)-538/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-538/2020

14.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-538/2020 14.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh3 və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-164/2019 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-164/2019 nömrəli 10.121 ABŞ dolları əsas borc, 9.336 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 19.507 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın istər əsas borc, istər faiz, istərsə də cərimə tələbinə dair hissəsini ətraflı araşdırmadan, göstərilən məbləğin əsaslılığını yoxlamadan, həmin məbləğlərin hansı əsasla hesablanmasını aydınlaşdırmadan qətnamə qəbul etmişdir.Məhkəmənin, iddiaçının iddia tələbində göstərilən məlumatları dəqiqləşdirmədən, iddia ərizəsində göstərilmiş məbləği qəbul etməsi qanunsuz və əsassızdır, ədalətsizlik kimi qiymətləndirilməlidir.İddiaçının tələb etdiyi borc məbləğinin əsaslı olub-olmamasının araşdırılması üçün mühasibat sahəsində xüsusi bilik tələb olunduğundan, vəsatətiəsasında məhkəmə tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.Ekspertizanın təyin olunması barədə məhkəmənin qərardad qəbul etməsi onu göstərir ki, məhkəmənin özündə də tələbin əsaslılığına şübhə olmuşdur.Ekspertizanın aparılması üçün müvafiq materialların ekspertə təqdim olunması məqsədi ilə onun tərəfindən məhkəmə qarşısında vəsatət qaldırılmış və həmin vəsatətdə qeyd edilən materialların ekspertə verilməsi üçün vəsatət məhkəmənin xx xxxx 2018-ci il tarixli məktubu ilə iddiaçıya göndərilmişdir.Lakin iddiaçı tərəfindən buna əməl edilməmişdir.Bundan sonra, məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, lakin yenə də ekspertizanın keçirilməsi mümkün olmamışdır.Sübutların mümkünlüyü baxımından iddia tələbinin əsaslılığı üçün ekspert rəyinin zəruri olmasına baxmayaraq, müvafiq rəy alınmadan məhkəmənin iddianın təmin olunması barədə qətnamə qəbul etməsi düzgün hesab oluna bilməz.Belə çıxır ki, məhkəmə bir tərəfdən iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılması üçün ekspertiza keçirilməsini zəruri hesab edir, digər tərəfdən isə ekspert rəyi olmadan və rəylə həll olunmalı olan məsələləri aydınlaşdırmadan qətnamə qəbul edir.Bundan başqa, məhkəmə zaminlərlə bağlı məsələni də düzgün həll etməmişdir. Məhkəmə iclasında Cavabdeh3 faiz borcu hissəsində iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 vəkili X4 da faiz borcu hissəsində iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019cu il tarixli, 28207 saylı rəyinə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri; hesabdan çıxarış; maliyyə arayışı məlumatları; xx xxxxxx 2015-ci il tarixli, 03-MK/01185 saylı kredit müqavıiəs və xx xxxxx 2015-ci il tarixli əlavə razılaşmanın şərtləri əsas götürülməklə Cavabdeh3 banka olan borcu aşağıdakı kimi müəyyən olunur xx xxxxxx 2017-ci il tarixə 13,071,88 USD: əsas borc üzrə 10.123,72 USD, faiz borcu üzrə 2.948,16 USD. xx xxxxxx 2018-ci il tarixə 15.587,06 USD: əsas borc üzrə 10.123,72 USD, faiz borcu üzrə 5.463,34 USD borcu müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh3 apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə qətnamənin ləğv edilməsi xahiş edilsə də şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni cavabdeh Çingiz Məmmədxanovun şikayəti üzrə iddianın təmin olunan hissəsində və ona münasibətdə yoxlanılmalı, iddianın təmin edilməyən hissəsində və digər şəxs(lər)ə münasibətdə qətnaməyə toxunulmamalıdır. İddia tələbinin faiz borcunun məbləği ilə bağlı faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə tam uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə tam uzlaşmadığından həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən faiz borcunun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, əsas borcun 10121 ABŞ dolları, cəriməni isə azaldaraq 50 ABŞ dolları müəyyən etmiş, cəmi 19507 ABŞ dolları tutulmasını qət etmişdir. Göründüyü kimi, faiz borcunun məbləği hissəsində məhkəmənin mövqeyi anlaşılan olmamışdır. Qətnaməni Cavabdeh3 başqa digər şəxslər mübahisələndirməmişdir. Ona görə də qətnamə yalnız onun şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılır. O, isə qətnaməni ümumilikdə borcun, yəni əsas, faz və cərimə hissəsində mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə Cavabdeh3 iddia ərizəsinin tərtib olunduğu yəni, xx xxxxxx 2018-ci il tarixə əsas borcu 10123,72 ABŞ dolları, faiz borcu 5.463,34 ABŞ dolları olduğu müəyyən edilmiş, cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən cərimə borcu hesablanmamış, lakin birinci instansiya məhkəməsi tərəfindən cərimə 50 ABŞ dollarınadək azaldılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı tələb edilən borcunn düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Bununla yanaşı, iddiaçı əsas borc kimi 10121 ABŞ dolları tələb etdiyindən bu hissədə ekspertiza rəyi ilə müəyyən edilən deyil, tələb edilən məbləğ, faiz borcunun məbləği hissəsində isə ekspertiza rəyində müəyyən edilmiş məbləğ nəzərə alınmalıdır. Çünki, ekspertin rəyi mötəbər hesab edilsə belə, məhkəmənin iddia tələbindən kənara çıxa bilməz. Göstərilənlərlə yanaşı, məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyində qeyd olunur ki, Cavabdeh3 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 121,77 USD məbləğində ödəniş edilmiş, lakin banka olan borc məbləği xx xxxxxx 2018-ci il tarixə hesablandığından 121,77 USD məbləğində ödəniş nəzərə alınmadı. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin məbləğ iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, o cümlədən bir hissəsi isə qətnamə çıxarıldıqdan sonrakı tarixlərdə ödənildiyindən 121,77 ABŞ dollarının yekun borc məbləğindən silinməsi qətnamənin icrası zamanı mütləq nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-164/2019 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manatın 50(əlli) manatı Cavabdeh3 alınaraq, 50(əlli) manatı isə İddiaçı açıq səhmdar cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-164/2019 nömrəli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Faiz borcun məbləği 5463,34 (beş min dörd yüz altmış üç ABŞ dolları, otuz dörd) ABŞ dolları, əsas, faiz borcu və cərimənin cəmi isə 15.634,34 (on beş min altı yüz otuz dörd ABŞ dolları, otuz dörd sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə Cavabdeh3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 100 (yüz) manatın 50(əlli) manatı Cavabdeh3 alınaraq, 50(əlli) manatı isə İddiaçı açıq səhmdar cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar