Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-538/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(008)-146/20 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Kreditor İddiaçı X2 (indiki «xxxx» Açıq Səhmdar Cəmiyyəti) ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.410,74 ABŞ dolları əsas, 6298,02 ABŞ dolları faiz borcu, 2934,64 ABŞ dolları cərimə, ümumilikdə 20.643,40 ABŞ dolları məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X1 xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilərək bu barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli əmri çıxarılmışdır. İş üzrə borclu Cavabdeh1 qeyd edilən məhkəmə əmrindən etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə məhkəmənin xx xxxx 2018-ci il tarixli əmri ləğv edilərək işə iddia icraatı qaydasında baxılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-146/20) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» ASC-nin xeyrinə, müştərək qaydada 11.410,74 ABŞ dolları əsas borc, 4815,35 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1469,10 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 17.895,19 (on yeddi min səkkiz yüz doxsan beş dollar on doqquz sent) ABŞ dolları borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X2 (indiki «xxxx» Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 27-M-1-0-62-14 N°-li bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə illik 28 % olmaqla 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq bankla digər Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə, zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 11.410,74 ABŞ dolları əsas, 4815,35 ABŞ dolları faiz, 2934,64 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1469,10 ABŞ dollarıəldən çıxmış fayda olmaqla, cəmi 20.629,83 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd edilənlər iddia ərizəsi, iddia ərizəsinə əlavə, işdə olan xx xxxxxx 2014-cü iltarixli 27-M-1-0-62-14 Ns-li bank hesab, kredit və zaminlik müqaviləsi, 27 :avqust 2014-cü il tarixli kassa məxaric orderi, xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışı və digərsənədlərlə təsdiqlənir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona aylıq 28 faiz ödəmək şərtilə 24 ay müddətinə 19000 ABŞ dollarıməbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 iddiaçıya 11410.74 USD əsas, 6298.02 USD ödənilməmiş faiz borcu, 2934.64 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunmuş və şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı kreditdən istifadəyə görə hesablanmış faiz borcunu şişirdərək yüksək məbləğ tələb etmiş və məhkəmə də ətraflı araşdırma aparmadan tələbi təmin etmişdir. Hesab edir ki, faiz borcu yüksək göstərildiyindən həmin fakt yenidən araşdırılmalı, faiz borcunun məbləğinin dəqiqləşdirilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. İddiaçının nümayəndəsi D.Əliyeva məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnamə cavabdehlər tərəfindən yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xəbərdarlığına baxmayaraq borcu ödəmədiklərindən icranı gecikdirmişlər. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 442, 443, 445, 448, 472-ci maddələrinə istinad etmişdir. Cavabdehlər qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində nəticə etibarilə qətnamənin ləğv olunması xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehlər əslində qətnaməni yalnız faiz borcunun tutulması hissəsində mübahisələndirmiş, faiz borcunun şişirdildiyini, yüksək göstərildiyini qeyd etmiş və faiz borcunun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəfindən cavabdehlərin vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/4116 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 Nadir oğlunun İddiaçı İKB ASC-yə olan borcu müqavilə müddətinin sonuna, yəni xx xxx 2017-ci il tarixə 16638,70 USD, o cümlədən əsas borc üzrə 11411,57 USD, faiz borcu üzrə 4792,86 USD, müqavilə müddətinin sonundan iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək, yəni xx xxxx 2018-ci il tarixədək olan faiz borcu isə (5%-lə hesablanmaqla) 434,27 USD müəyyən edilir. Məhkəmə kollegiyası əsas borcun birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləği ilə ekspert rəyində göstərilənlər arasında kəskin fərq və ziddiyyət müəyyən etmədiyindən və məhkəmənin verilmiş tələb üzrə qətnamə çıxardığını (MPM-nin 218.3-cü maddəsi) nəzərə alaraq qətnaməni həmin hissədə əsaslı sayır. Ekspert rəyində gecikdirməyə görə 5 %-lə hesablanmış borcun məbləği müqavilə müddətinin sonundan iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixədək, yəni xx xxxx 2018-ci il tarixə 434,27 USD müəyyən edilmişdir. İddiaçının tələbi isə həmin borcun xx xxx 2017-ci ildən xx xxxxxx 2019-cu il tarixədək olan dövr üçün tutulmasından ibarətdir və birinci instansiya məhkəməsi həmin dövrə görə 1469,10 ABŞ dolları borc məbləği müəyyən etmişdir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 445.7-ci maddəsi rəhbər tutulmaqla gecikdirməyə görə illik 5 %-lə hesablanan faiz borcunun iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxtadək tutulmasını tərəflərin bərabərliyi və əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən müqavilə müddəti üçün 4815,35 ABŞ dolları faiz borcu tutulsa da, ekspert rəyi ilə həmin məbləğin 4792,86 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müqavilə müddəti üçün 4815,35 ABŞ dolları faiz borcunun və müqavilə müddətindən sonrakı dövr üçün gecikdirməyə görə 5 % lə hesablanan 1469,10 ABŞ dollarının tutulması hissəsində dəyişdirilməli və müqavilə müddəti üçün tutulacaq faiz borcunun məbləği 4792,86 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən məhkəməyə müraciət edildiyi xx xxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanan faiz borcu isə 434,27 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4815,35 ABŞ dolları faiz borcunun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1469,10 ABŞ dollarının tutulması hissəsində dəyişdirilsin və həmin məbləğlər müvafiq olaraq 4792,86 ABŞ dolları və 434,27 ABŞ dolları müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-538/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-538/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver