Məhkəmə qərarları › İş №2(103)-538/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-538/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-538/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-538/2024 (Açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “icarə müqaviləsi üzrə ödənişlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1899/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 10 yanvar 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli Aİ 05/0122 nömrəli icarə müqaviləsi bağlamışdır. Bu icarə müqaviləsinə görə Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində yerləşən ümumi sahəsi 1473.1 kv.m ibarət olan əmlak kompleksi cavabdehə icarəyə verilmiş və cavabdeh hər ay 5814 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

2. İcarə obyekti xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin istifadəsində olmuş və o, həmin müddət üçün ödəməli olduğu icarə haqqı məbləğindən cəmi 18465,76 manat məbləğində pul ödəmişdir. Bununla da cavabdehin bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı qarşısında borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “icarə müqaviləsi üzrə ödənişlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 20642 manat məbləğində pulun və ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində yerləşən ümumi sahəsi 1473.1 kv.m ibarət olan ona məxsus əmlak kompleksinin idarə olunması üçün anası X3 baş etibarnamə vermişdir. Anası ona məxsus olan əmlak kompleksi ilə bağlı "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən hər təqvim ayı üçün vergilər daxil olmaqla 5814 manat müəyyən edilmiş və icarə haqqını ödəniş təqvim ayı bitdikdən sonra hər növbəti təqvim ayının ilk 20 günü ərzində bank köçürmə yolu ilə icarəçi tərəfindən icarəyə verənə ödəməlidir. Həmin icarə müqaviləsi üzrə 2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün ödənilməli olan 5814 manat əvəzinə 5014 manat anasına məxsus olan bank kartına ödənilmişdir. 2022-ci ilin ilk dörd ayı üzrə icarə haqqından hər ay 800 manat və həmin ilin may, iyun və iyul ayları üçün ödənişlər ümumiyyətlə ödənilməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə müraciət etməyinə baxmayaraq, günü bugünə kimi həmin aylar üzrə olan borclar ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsinə əsasən 20642 manat borcu yaranmışdır. 5.Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh "xxxx" ASC-dən 16432 manat, əldən çıxmış gəlirə əsasən 340 manat məbləğində pulun və ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1899/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 15449,24 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 153 manatın 140 manatının cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 449.1, 449.2, 675, 700.1, 701.2.4, 705-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə cavabdehin iştirakı olmadan, qanunvericiliyin çəkişmə prinsipini pozaraq işə birtərəfli baxmış və nəticədə əsassız qətnamə çıxarılmışdır. Məhkəmə icarə obyektinin həqiqətən icarəçinin istifadəsində olubolmamasına düzgün hüquqi qiymət verməmişdir. İddiaçı məhkəməyə icarə obyektinin Akkordun istifadəsində olmasına dair heç bir sübut təqdim etmədiyi halda məhkəmə yalnız tərəflər arasında icarə müqaviləsinin müvcudluğunu və xx.xx.2022-ci il tarixdən həmin icarə obyektinin "xxxx" MMC-yə icarəyə verilməsini əsas götürərək belə qənaətə gəlir ki, icarə obyekti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək cavabdehin istifadəsində olmuşdur. Tərəflər arasında bağlanılmış 05 yanvar 2022-ci il tarixli Aİ 05/0122 saylı İcarə müqaviləsinin 3.2.1-ci bəndinə əsasən icarəyə verənin/ iddiaçının vəzifəsi icarəyə verilən əmlak kompleksini müqavilədə nəzərdə tutulmuş qaydada təhvil-təslim aktı əsasında İcarəçiyə təhvil verməlidir. İcarə müqaviləsinin 4.1-ci bəndinə əsasən əmlak komleksinin İcarəçiyə təhvil verilməsi hər iki tərəfin səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. Təhvil –təslim aktının tərtib edilməsi İcarəyə verənin vəzifəsidir. Beləliklə hesab edirik ki, məhkəmə işə cavavabdehin iştirakı olmadan birtərəfli, tərəflərin çəkişmə prinsipinə riayət etmədən baxaraq, işi tam, ətraflı, obyektiv araşdırmadan, sübutlara düzgün hüquqi qiymət vermədən tez-tələsik əsassız qətnamə çıxarmışdır. Cavabdehə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 449.1 və 449.2. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

17. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

18. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Maddə 701.2.4 və 705. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. İddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı (nümayəndəsi X5) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı ona məxsus Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksini “icarəçi” "xxxx" ASC-yə istifadəyə verməyi, “icarəçi” "xxxx" ASC isə aylıq 5814 manat icarə haqqı ödənişini müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür;

29. "xxxx" ASC-yə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

30. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, şirkət Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksini xx.xx.2022-ci il tarixdən icarəyə götürmüşdür.

31. İddiaçı (nümayəndəsi X5) ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, YİM-004/2022 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı ona məxsus Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksini “icarəçi” "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına istifadəyə verməyi, “icarəçi” "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı isə aylıq 3500 manat icarə haqqını ödənişini müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür.

32. "xxxx" ASC-nin hesabdan çıxarışdan görünür ki, X2 hesabına "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 3453 manat, xx.xx.2022-ci il tarixdə 5003,73 manat, xx.xx.2022-ci il tarixdə 10009,03 manat məbləğində vəsait köçürülmüşdür.

33. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə əmlakını icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdən etibarən isə icarə obyekti "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına icarəyə verilmişdir. Faktiki olaraq icarə obyekti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh "xxxx" ASC -nin istifadəsində olmuşdur.

34. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisə əmlakın icarəyə verilməsi ilə əlaqədar (faktiki olaraq cəmi 6 ay müddətində) müqavilə münasibətlərindən irəli gələrək yaranmışdır və bu səbəbdən iddia tələbi üzrə hüquqi dəyərləndirmə tərəflər arasında bağlanmış müqavilə şərtləri nəzərə alınmaqla icarə müqaviləsi və öhdəlik hüququna aid normalar əsasında aparılmalıdır.

35. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir.

36. Həmin icarə müqaviləsinə əsasən 1 aylıq icarə haqqı 5814 manat müəyyən edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 3453 manat, xx.xx.2022-ci il tarixdə 5003,73 manat, xx.xx.2022-ci il tarixdə 10009,03 manat, cəmi 18465,76 manat məbləğində pul icarə haqqı olaraq ödənilmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmlakın faktiki olaraq onun icarəsində olduğu dövr üçün icarə haqlarını tam ödəməmiş, nəticədə müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir.

37. Kollegiya cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etməməsi barədə qənaətə gələrkən nəzərə almışdır ki, işdə olan materiallara əsasən cavabdehin müqavilə üzrə icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından, sonuncunun bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqını tam olaraq icarəyə verənə ödəməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını, sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaların dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

38. Kollegiya icarə müqaviləsi üzrə cavabdehdən tutulmalı olan pul məbləği ilə bağlı hissədə iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə həmin pul məbləğinin miqdarını düzgün müəyyən etmişdir. Hazırda iddiaçı icarə haqlarına görə cavabdehin ödənilməmiş 16432 manat borcunun qaldığını iddia etsə də, işin faktiki halları iddianın bu hissədə tam doğruluğunu təsdiq etmir. Belə ki, işdə olan sübutlardan bəlli olur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində aylıq icarə haqqının 5814 manat olduğu göstərilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli arayışından və onunla bağlanmış icarə müqaviləsindən görünür ki, Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksi xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına icarəyə verilmişdir. Göründüyü kimi, icarə obyekti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (5 ay 25 gün) cavabdehin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən icarə haqqı olaraq cəmi 18465,76 manat məbləğində pul ödənilmişdir. Kollegiya qeyd edir ki, nəzər yetirildikdə həmin dövr ərzində tam olaraq 6 ayın tamam olmadığı, icarəyə götürülən əmlakın xx.xx.2022-ci il tarixdə, yəni 6 ayın tamam olmasına 5 gün qalmış qaytarıldığı görünür. Odur ki, həmin dövr üzrə tam 6 ay deyil, 5 ay 25 gün üçün icarə haqqı hesablanmalı və 15449,24 manat (5814 manat/30 gün = 1 gün üçün icarə haqqı 193,80 manat, (5 ay *5814 manat = 29070 manat) + (25 gün * 193,80 manat = 4845 manat) = 33915 manat - 18465,76 manat = 15449,24 manat)) məbləğində icarə haqqı cavabdehdən tutulmalıdır.

39. AR Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qətnamə yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalıdır.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Deleourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli və “X7rşı” iş üzrə 26 oktyabr 1984- cü il tarixli Qərarlarında qeyd olunur ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.”

41. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə edilmişdir. Bu səbəblə məhkəmə iclaslarına getməməsinin məsuliyyətini cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Buna görə də kollegiya bu dəlili əsassız hesab edir.

42. Apellyator digər dəlil olaraq göstərmişdir ki, məhkəmə iddiaçı tərəfindən təhviltəslim aktının təqdim edilməməsinə baxmayaraq, obyektin cavabdehə icarəyə verildiyi qənaətinə gəlmiş, həqiqətən də onun istifadəsində olub-olmadığını araşdırmamışdır. Kollegiya bu dəlilli də əsassız mülahizə kimi qəbul edir və vurğulayır ki, icarə obyektinin istifadəsinə verilmədiyi halda hansı səbəbdən icarə haqqı üzrə müəyyən ödənişlər həyata keçirməsinə də cavabdeh açıqlama gətirməli idi. Yaxud cavabdeh icarə haqları üzrə ödəmələr həyata keçirməsinə baxmayaraq, iddiaçının əmlakı istifadəsinə verməməsi ilə bağlı hərəkətsizliyinə son qoyulması üçün hər hansı bir tədbir görə bilərdi.

43. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

44. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1899/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar