Məhkəmə qərarları › İş №2(103)-5380/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5380/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5380/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış 14.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona illik faiz dərəcəsi 28% faiz olmaqla 36 ay müddətinə 6680 ABŞ dolları kredit verildiyini, adı çəkilən şəxsin öhdəliklərinin təminatı kimi Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlandığını, Cavabdeh1 öhdəliklərini lazımi qaydada icra etmədiyini və 5341,41 AB, dolları əsas, 1029,51 ABŞ dolları faiz, 74,46 ABŞ dolları cərimə borcunun yarandığını bildirmiş, cavabdehlərdən həmin borc məbləğinin, həmçinin 30 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun özünə aid hissədə ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu, işin obyektiv araşdırılmadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (həyat yoldaşı) Nizami Əsədov və vəkili Abbas Təyyarlı şikayəti müdafiə etdiklərini qeyd etməklə yanaşı, qətnamədən şikayəti əslində əsas borclunun vəfat etməsindən sonra icra məmurunun ona münasibətdə icraata xitam verməsi səbəbilə verdiklərini, zaminin əsas borclu ilə birlikdə məsuliyyət daşıdığını və qətnamənin qanuna əsaslandığını başa düşdüklərini, bununla belə icra məmurunun borcu yalnız zamindən tələb etməsinin və əsas borcluya aid hissədə icra sənədinə xitam verməsinin qanunsuz olduğunu bildirmişlər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 isə 30.07.2016-cı il tarixdə (qətnamənin çıxarılmasından 3 gün sonra) vəfat etdiyi müəyyən olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsin mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, zaminin şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və əsas borclunun (yaxud onun varislərinin) şikayəti olmadığı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh2 şikayətinin məzmunu qətnamənin əsas borcluya münasibətdə də yoxlanılmasına əsas vermir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh2 mübahisələndirdiyi hissədə (ona aid hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, bankla Cavabdeh1 arasında bağlanmış 14.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona illik faiz dərəcəsi 28% faiz olmaqla 36 ay müddətinə 6680 ABŞ dolları kredit verilmiş, müqavilənin şərtlərinə görə Cavabdeh1, ödəniş cədvəlinə uyğun hər ay sabit şəkildə 276,37 ABŞ dolları olmaqla, ümumilikdə 9948,82 ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmiş, bu öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə tam həcmdə maddi məsuliyyəti nəzərdə tutan eyni tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 öhdəliklərini lazımi qaydada icra etməmiş və onun 5341,41 AB, dolları əsas, 1029,51 ABŞ dolları faiz, 74,46 ABŞ dolları cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5507/2016 saylı iş üzrə 27 iyul 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar