Məhkəmə qərarları › İş №2(103)-5380/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5380/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5380/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2105/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərin əvəzinə görə kompensasiya qismində 59.388 manat və 269 manat dövlət rüsumu olmaqla, cəmi 59.657 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 18 avqust 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və notarial qaydada təsdiqlənmişdir. Müqaviləyə əsasən, o, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsini bütünlüklə Cavabdeh MMC-yə verməyi, icarəçi isə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürür. Obyekt cavabdeh tərəfindən ticarət, kommersiya və ya hər hansı digər məqsədlə icarəyə götürülmüşdür. Bundan başqa, müqavilə üzrə icarə sahəsini 45 kvt/saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olsa da, cavabdehin müraciətinə əsasən icarə sahəsini 60 kvt/saat elektrik enerjisi ilə təchiz etmişdir. Cavabdehin müraciətinə əsasən icarə sahəsinə elektrik enerjisinin kilovatının artırılması üçün əlavə texniki şərtin alınması və elektrik enerjisinin çəkilməsi üçün o, 16.731,90 manat əlavə xərc çəkmişdir. Müvafiq qəbzlərin surətləri iddia ərizəsinə əlavə edilmişdir. Qeyd olunmalıdır ki, obyekt müqavilə şərtlərinə əsasən tərəfindən qanunvericiliyə, o cümlədən yanğın təhlükəsizliyi, əmək təhlükəsizliyi, texniki təhlükəsizlik, sanitar-gigiyena və obyektin icarəçinin istifadə məqsədləri üçün tələb olunan standartlara, normalara və qaydalara, digər tələblərə və müqavilənin şərtlərinə uyğun olaraq təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə tərəflər arasında imzalanmış akt əsasında cavabdehin istifadəsinə verilmişdir. İcarə müqaviləsi üzrə icarə haqqı məbləğinin müəyyən edildiyi 2.1ci bəndində ilk il üçün icarə məbləğinin aylıq ÖMV daxil 9.140 manat, bir ildən sonra 11.425 manat təşkil edəcəyi qeyd olunmuşdur. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır. Müqavilənin bitmə tarixi həmin müqavilənin 3.2-ci bəndində qeyd olunduğu kimi 16 avqust 2033-cü il müəyyən edilmişdir. Lakin buna baxmayaraq icarəçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək icarə haqqını ödəmir. Göründüyü kimi, icarə sahəsinin müqaviləyə uyğun şəkildə verilməsi və elektrik, su təchizatının təmin edilməsi ilə bağlı bütün müqavilə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Belə ki, cavabdeh müqaviləyə əsasən ödəməli olduğu icarə haqqını ödəmir. Halbuki, müqavilənin 5.3.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmir və bunun nəticəsində iddiaçıya yüksək məbləğdə maddi ziyan dəyir. Beləliklə, cavabdehin müqaviləyə zidd qanunsuz hərəkətləri nəticəsində, iddiaçı üçün əlverişsiz şərait yaranmış, iddiaçı əsassız və qanunsuz olaraq vaxt və pul itkisinə məruz qalmışdır. Odur ki, müqavilənin 15.2-ci bəndini rəhbər tutaraq həmin müqavilələr üzrə ödənilməmiş icarə haqqının tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır; 3.2-ci bəndinə əsasən icarə müqaviləsi 16 avqust 2033-cü il tarixədək qüvvədədir. Müqavilənin 5.3.1-ci bəndinə əsasən, icarə haqqını vaxtında və tam həcmdə ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 15.2-ci bəndinə əsasən bu müqavilədən irəli gələn və ya onunla bağlı bütün mübahisələr, danışıqlar yolu ilə həll oluna bilmədikdə, aidiyyəti üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məhkəmə qaydasında həll edilir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2105/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(006)-2105/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmamış və qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, 18 avqust 2023-cü il tarixdə tərəflər arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair notarial qaydada ilkin müqavilə bağlanılmışdır. Məhkəmə qəbul etdiyi qətnamədə müqavilənin ilkin icarə müqaviləsi olduğunu qeyd etmiş, lakin qərarla bağlı ümumiyyətlə əsaslandırma etməmişdir. Həmçinin, iddiaçı əmlaka dair heç bir hüquq müəyyənedici sənəd təqdim etməmiş, edə bilməmişdir. Niyyət protokolu olan ilkin müqavilə “icarəçi” tərəfindən qəbul edilməmiş, obyektdə heç bir iş və ya hansısa fəaliyyət göstərilməmişdir. Bu hal iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında dəfələrlə etiraf və təsdiq edilmişdir. Belə olan halda,cavabdeh nə hüquqi cəhətdən, nə də ki, faktiki cəhətdən məsuliyyət daşımır və niyət mərhələsində olan müqavilə özlüyündə icarə haqqı və digər öhdəliklər yarada bilməz. Lakin, məhkəmə əsassız olaraq "niyyət sazişini" İcarə müqaviləsi kimi qiymətləndirmişdir. Lakin, bu halda belə cavabdehə qarşı qərəzli yanaşılmışdır. Belə ki, ilkin icarə müqaviləsinə əsasən icarəyəverənin obyekti 45 kvt/saat elektrik enerjisi ilə təchiz etmək öhdəliyi olduğu və cavabdeh tərəfindən əlavə heç bir tələb olmadığı halda iddiaçı tamamilə şəxsi mülahizəsinə əsasən obyekti 60 kvt/saat elektrik enerjisi ilə təchiz etmiş və bu səbəblə müəyyən ödənişlər etmişdir. Bu əlavə 15 kvt üçün çəkilmiş xərci isə cavabdehdən tələb etmiş və Məhkəmə heç bir araşdırma aparmadan sübut və məntiqi əsası olmadan edilmiş xahişi 16731.90 manat hissədə də təmin etmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə müqavilənin ilkin icarə müqaviləsi olduğunu qeyd etmiş, lakin qərarla bağlı ümumiyyətlə əsaslandırma etməmişdir.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə aidiyyət məsələsi ilə bağlı bildirmişdir ki, şəxsin VÖEN-i dayandırılmamış ləğv edilmişdir. Vergilər Məcəlləsinin 99-cu maddəsində muzdlu işə aid olmayan fəaliyyətdən gəlir maddəsində müzdlu işin növlərini sahibkarlıq və qeyri-sahibkarlıq növlərinə bölür. Həmin maddənin 99.3.3-cü yarımbəndinə əsasən əmlakın icarəyə verilməsindən alınan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən alınan gəlirdir. Əmlakın icarəyə verilmə fəaliyətinin sahibkarlıq fəaliyyəti olmadığı Qanun və Məcəllə ilə sübut edilir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, eyni zamanda prosessual pozuntular da mövcuddur, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

9. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

10. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

12. 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

13. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

14. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.

15. 32.3-32.5-ci maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

16. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

18. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, mübahisənin subyektiv tərkibini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2105/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.

19. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından müəyyən edildiyi kimi tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən fərdi sahibkar (VÖEN **********) olan iddiaçı özünə məxsus ünvan 1 ünvanında inşa edilən yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 393 m2 olan qeyri-yaşayış sahəsini ayda 9.140 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2033-cü il tarixinə kimi cavabdehə icarəyə vermişdir. Qeyd edilən hallara uyğun olaraq, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 avqust 2023-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqı və müqavilənin cavabdeh tərəfindən icra edilməməsinə görə dəymiş maddi zərərin əvəzi olaraq kompensasiya qismində 59.388 manat və 269 manat dövlət rüsumu olmaqla, cəmi 59.657 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Göründüyü kimi tərəflər arasında mübahisənin yaranmasına faktiki əsas iddiaçının (fərdi sahibkar) özünə məxsus olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan qeyri-yaşayış sahəsinin cavabdehin icarəsinə verdiyi, bunun nəticəsində müvafiq zərərə uğradığı olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsində baxılmalıdır.

22. İddiaçı tərəf hazırkı mübahisənin kommersiya mübahisəsi olmadığına istinad edərək, tərəflər arasında hüquq münasibətləri yaranarkən onun vergi ödəyicisi olmadığını vurğulamışdır. Bununla əlaqədar kollegiya qeyd edir ki, iddiaçının sahibkar statusuna malik olmayan fiziki şəxs olaraq müqavilə bağlamaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması hazırkı işin məhkəmə aidiyyətinə hər hansı formada təsir göstərə bilməz.

23. Belə ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyəti müəyyən edilən zaman, məhz mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması tələb edilir. Bu zaman fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması da işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.

24. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılmaq üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

25. Xüsusi olaraq qeyd edilməlidir ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.

26. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-96/2022 saylı, 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

27. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa. şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2105/2024 saylı, 27 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar