Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5380/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: kredit borcu, borcu dəyişdirmə, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4035/25 saylı iş üzrə 03 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 iyun 2022-ci il tarixli MK/69172/86/3 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 24% olmaqla 30000 manat məbləğində kredit verilmiş, Cavabdeh3 və Cavabdeh2 həmin kreditin qaytarılmasına zamin durmuşlar.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 12393,15 manat məbləğində əsas borcun, 1629,19 manat məbləğində faiz borcunun, 1607,38 manat məbləğində cərimə borcunun, cəmi 15629,72 manat borcun və 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmiş, nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-4035/2025) iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 12393,15 manat əsas, 1629,19 manat faiz borcu, 1239,30 manat cərimə borcu olmaqla, cəmi 15261,64 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etmədiyindən tələb həddində əsas və faiz borcu, eləcə də azaldılmış 1239,30 manat cərimə borcu cavabdehlərdən tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1, 449.4, 467, 472.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qanunsuz və əsassız olması səbəbindən məhkəmə qətnaməsi ilə razı deyil. Belə ki, iclasın yeri və vaxtı barədə ətraflı məlumatı olmayıb, bu səbəbdən də iş üzrə öz mövqeyini bildirmək və izahat vermək imkanı əldə etməyib. Kredit müqaviləsi üzrə müəyyən ödənişlər edib. Müqavilə şərtlərinə əsasən ödəniş cədvəlinə uyğun bir neçə ay ödəniş həyata keçirilmiş, lakin bu hallar iş materiallarında və qərarda öz əksini tapmayıb. Bank tərəfindən təqdim olunan arayış və tələblərlə tam razı deyil. Borcla bağlı hesablamaların və faizlərin məbləği ilə bağlı qeyrimüəyyənliklər var, lakin bu barədə mövqeyini izah etmək üçün şərait yaranmayıb. Kredit müqaviləsində zamin duran şəxslərin məsuliyyət dairəsi barədə ona ətraflı məlumat verilməyib və bu məsələ məhkəmə araşdırmasında hansı əsasla qiymətləndirildiyi ona məlum deyildir. Məhkəmə ödənilmiş məbləğlərin miqdarını, faizlərin və cərimələrin düzgün hesablanıb-hesablanmadığı, zaminlik məsuliyyətinin dairəsi və tətbiq formasını tam araşdırmadan və bu halların mütəxəssis rəyilə yoxlanması zəruri olduğu halda iş üzrə heç bir ekspertiza təyin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin (apelyatorun) nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya baxışının həddi
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, qətnamədən yalnız Cavabdeh1 şikayət versə də, o, qətnaməni bütünlüklə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu, eləcə də mübahisələndirilən məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını, yəni cavabdehlərin müştərək məsuliyyət daşıdığını nəzərə alaraq qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. İddiaçı cavabdehin müqavilə öhdəliklərini yerinə yetirmədiyinə istinad edərək hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi iddianın həcminin artırılması barədə ərizəyə əsasən 12393,15 manat məbləğində əsas, 1629,19 manat məbləğində faiz, 1607,38 manat məbləğində cərimə borcunun tutulması barədədir.
16. Birinci instansiya məhkəməsi iddianı əsas və faiz borcunun tələb olunması hissəsində əsaslı sayaraq tam təmin etmiş, dəbbə pulunu isə 1239,30 manatadək azaltmışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən əsas və faiz borcunun məbləğini iddia tələbinin həcminin artırılması barədə ərizəyə əsasən müəyyən etmişdir.
17. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmadığını, borcun şişirdildiyini, yüksək göstərildiyini qeyd etmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
20. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə yaranmış 12393,15 manat əsas, 1629,19 manat faiz, 1607,38 manat cərimə borcu barədə məlumat verilmiş və müqavilənin ləğv edildiyi bildirilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertiza qarşısında cavabdehə pretenziyanın göndərildiyi xx.xx.2025-ci il tarixə və iddia tələbinin dəqiqləşdirildiyi xx.xx.2025-ci il tarixə ödənilməmiş əsas, faiz və cərimə borcunun məbləği aparılmış bütün ödənişlər nəzərə alınmaqla borcun hesablanması barədə sual qoyulmuşdur.
22. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/5376 nömrəli ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə cavabdehin 10.622,24 manat əsas, 623.17 manat faiz, xx.xx.2025-ci il tarixə isə 10.622,24 manat əsas, 1642,91 manat faiz borcu olduğu müəyyən edilmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu nəyə görə müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə deyil, məhz iddia tələbi həddində müəyyən etdiyini qətnamədə əsaslandıra bilməmişdir.
24. Məhkəmə kollegiyası ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilməli və borcun məbləği müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə uyğun gələn həddə müəyyən edilməlidir.
25. Cərimə borcuna münasibətdə Kollegiya əsas və faiz borcunun məbləğini nəzərə alaraq cərimə borcunun 500 manatadək azaldılmasını kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından ağlabatan hesab edir.
26. Nəticədə, cavabdehlərdən kredit müqaviləsi üzrə əsas borca görə 10.622,24 manat, faiz borcuna görə 623.17 manat, dəbbə borcuna görə 500 manat pul tutulmalıdır.
27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 03 iyul 2025-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 12393,15 manat əsas, 1629,19 manat faiz, 1239,30 manat cərimə borcu olmaqla, cəmi 15261,64 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilsin və onlardan tutulan əsas borcun məbləği 10.622,24 (on min altı yüz iyirmi iki manat, iyirmi dörd qəpik) manat, faiz borcunun məbləği 623.17 (altı yüz iyirmi üç manat, on yeddi qəpik) manat, dəbbə (cərimə) borcunun məbləği 500 (beş yüz) manat, cəmi tutulan məbləğ isə 11.745,41 (on bir min yeddi yüz qırx beş manat, qırx bir qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.