Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5381/2025 26.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 184/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı iddia və tələbin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, DKM/007N04A01427922/01/İP nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və xx.xx.2022-ci il tarixli, DKM/007N04A01427922 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 30.177,03 manat məbləğində əsas, xx.xx.2025-ci il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 7.989,57 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, xx.xx.2025-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 4.674,75 manat məbləğində penya, cəmi 42.841,35 manat və xx.xx.2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 218,53 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-184/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/007N04A01427922/01/İP nömrəli İpoteka müqaviləsi üzrə Cavabdeh 30.177,03 manat əsas borc, 7.989,57 manat faiz borcu və 1.000 manat penya olmaqla, ümumilikdə 39.166,60 manat məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilən 45 manat və ödənilmiş dövlət rüsumunun 198,86 manatının tutularaq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi, tələbin ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması, borcun yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi və ipoteka predmeti olan Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsində istifadədə olan 0.0197 ha torpaq sahəsində yerləşən 32 nömrəli, 1 mərtəbəli, 129.9 kv.m ümumi, 52.6 kv.m yaşayış, 77.3 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 75.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan 19,67 manatının iddiaçı ASC “Xalq” Bankının özünə aid edilməsi, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini iş üzrə əsas götürərək, yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman iddiaçı ASC “Xalq” Bankı “Elektron” məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam icra edildiyini, bu səbəbdən iddiadan imtina etdiklərini bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman Cavabdeh “Elektron” məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etdiyini, hazırki apellyasiya şikayətinə baxılmasına hər hansı zərurətin qalmadığını, bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin lazimi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə, o cümlədən iddiaçının iddiadan və cavabdehin apellyasiya şikayətindən imtinası barədə ərizələrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddiadan imtina barədə ərizəsini, cavabdehin həmin ərizə ilə oxşar məzmunlu apellyasiya şikayətindən imtina barədə ərizəsini (iradə ifadəsini) mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hərəkətlərin qanuna zidd olması dedikdə müvafiq prosessual hərəkətin qanunvericiliyin tələbi pozulmaqla edilməsi və həmin hərəkətin mahiyyətinin qanuna zidd olması başa düşülür. Həmin hərəkətlərin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması dedikdə isə bu hərəkətlərin doğurduğu hüquqi nəticələrin konkret hüquqi və ya fiziki şəxsin qanuni maraqlarına birbaşa zidd olması başa düşülür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC “Xalq” Bankının iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-184/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə tələbin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5381/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5381/2025
26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver