Məhkəmə qərarları › İş №2(103)-5383/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5383/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5383/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2141/2024 saylı 20 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS- 8929 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 253.500 rubl məbləğində kredit verilmişdir. 31 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 483,53 rubl əsas borc, 8.269,61 rubl faiz, 16.619,95 rubl cərimə olmaqla, ümumilikdə 25.373,09 rubl borcunun olduğu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS-8929 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə yaranmış 483,53 rubl əsas borc, 8.269,61 rubl faiz, 16.619,95 rubl cərimə olmaqla, ümumilikdə 25.373,09 rubl pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka tələb olunan məbləğdə borcu qalmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-2141/2024) iddia rədd olunmuşdur.

5. Məhkəmə işin faktiki hallarına əsasən bu qənaətə gəlmişdir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı onun bu kredit öhdəliyinə şamil olunmuşdur. Bundan sonra cavabdehin Banka olan borcu hesabata əsasən 508,59 manat borcun ödənilməsinə yönəlmiş, qalan 1752,38 manat məbləğ borcluya ödənilmişdir. Öhdəlik icra edilmiş və Cavabdeh İddiaçı ASC qarşısında hazırki müqavilə üzrə hər hansı icra edilməmiş öhdəliyi qalmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə 36 ay müddətinə bağlanılmış, müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddia ərizəsindən də göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən hər hansı ödəniş edilməmişdir. Beləliklə, iddiaçının hazırki müqavilə üzrə tələb etmə müddəti (Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il) xx.xx.2020-ci ildə bitmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı cavabdehə 20 fevral 2024-cü il tarixdə pretenziya məktubu göndərmiş və iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 385.1, 442, 448.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS-8929 saylı kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin tam icra olunduğu andan qüvvədən düşür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;

13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır;

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.

19. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Belə ki, iş materiallarında olan məhkəməyə təqdim edilmiş problemli kreditlərin kompensasiyasına dair hesabatdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120759-CNS8929 saylı kredit müqaviləsinə əsasən 2260,97 manat kompensasiya məbləği hesablanmışdır. Həmin məbləğdən 508,59 manat borcun ödənilməsinə yönələn hissə, 1752,38 manat isə borcalana çatası hissə təşkil etmişdir.

27. Kredit müqaviləsinin 7.1-ci maddəsindən görünür ki, kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin Banka tam icra olunduğu andan qüvvədən düşür.

28. Göründüyü kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı onun bu kredit öhdəliyinə də şamil olunmuş, Cavabdeh İddiaçı ASC qarşısında hazırki müqavilə üzrə hər hansı icra edilməmiş öhdəliyi qalmamışdır.

29. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli hüquq münasibəti üzrə iddia müddəti də keçmişdir.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

31. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə 3 ildən artıq müddət keçdikdən sonra - xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

34. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar