Məhkəmə qərarları › İş №2(103)-5386/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5386/2024

24.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5386/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə "xxxx" KB ASC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinə əsasən iddiaçı cavabdeh bankdan MasterCard tipli Ucard və Visa platinum debet kartlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus plastik kartdan xx.xx.2024-cü il tarixdə 9.878 (onun 78 manatı komissiya haqqı) manat məbləğində vəsait istifadə edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi mobil nömrəyə (**********) göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması bildirilmiş və kart bloklanmışdır (diqqət, şübhəli cihaz, kart bloklandı, unibankla əlaqə saxlayın). İddiaçı həmin pul vəsaitinin onun tərəfindən istifadə edilmədiyini, qeyd edilən məbləğin onun Visa Platinum debet kartından dələduzlar tərəfindən çıxarıldığını və bunun cavabdeh tərəfindən tələb olunan səviyyədə təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində baş verdiyini iddia edərək, cavabdehə müraciət etmişdir. Cavabdehin cavab məktubunda onun sistemdə qeyd olunan mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni və kart məlumatlarını dələduzlara təqdim etməklə, ona aid mobil tədbiqə dələduzlar tərəfindən uğurlu girişin qeydə alınmasına vəsilə olduğu, dələduzlar tərəfindən ona məxsus Ubank tədbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyatın qeydə alındığı və kartın bloklandığı ona bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-dən kartında olan vəsaitin təhlükəsizlik qaydalarına uyğun olaraq qorunmadığına görə ona vurulmuş 10.000 manat məbləğində maddi zərərin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" KB ASC-dən Mastercard tipli Ucard və Visa Platinum debet kartları almış və istifadə etmişdir. Visa Platinum debet kartına 10.000 manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Bankdan verilən xx.xx.2023-xx.xx.2024 tarixləri üzrə hesabdan çıxarışdan da görünür ki, hesabında 10.000 manat məbləğində vəsaiti olmuşdur. Mastercard tipli Ucard online sifariş verilərək kuryer tərəfindən təqdim edilmiş, Visa Platinum debet kartını isə Əcəmi filialından əldə etmişdir. Hər iki plastik kart üzrə ona müqavilə təqdim edilməmiş, banka müraciət etdiyi zaman isə müqavilənin olmadığını və bankın səhifəsində yerləşdirilmiş təlimatın şərtlərinə əsaslandığını şifahi şəkildə bildirmişlər. xx.xx.2024-cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə edərkən ona OTP təsdiq kodu gəlmiş və o, həmin kart üzrə OTP kodunu təsdiq edərək əməliyyat aparmışdır. Lakin bir az sonra ona sms gəlmiş və Ubank mobil tətbiqi bloklanmışdır. xx.xx.2024-cü il tarixdə tətbiqin bloklanmasının səbəbini aydınlaşdırmaq üçün banka müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, İMŞİEŞ/02016-2024 nömrəli məktuba əsasən bank bildirmişdir ki, sistemdə qeyd olunan mobil nömrəsinə göndərilən birdəfəlik şifrəni və kart məlumatlarını dələduzlara təqdim edərək ona aid olan Ubank mobil tətbiqə dələduzlar tərəfindən uğurlu girişin qeydə alınmasına vəsilə olmuş, Ubank mobil tətbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyat qeydə alınaraq kartı bloklanmışdır. Bankdan əldə etdiyi hesabdan çıxarışda xx.xx.2024-cü il tarixdə 9.800 manat və 78 manat məbləğində pul məbləği onu Visa Platinum debet kartında olan vəsaitdən dələduzlar tərəfindən çıxarıldığı məlum olmuşdur. Bank kartlarının hesablarının ayrı olmasını nəzərə alaraq xx.xx.2024-cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə etdiyi halda niyə onun digər kartından məbləğ oğurlanmışdır? O, Mastercard tipli Ucard debet kartı üzrə məlumatları ötürmüşdür, amma bu o demək deyil ki, onun digər kartının yetərli dərəcədə təhlükəsizliyi qorunmamalı və həmin kartda olan məbləğin oğurlanmasına gətirib çıxarmalıdır. Bank tərəfindən mütəmadi olaraq Müştəri və ya İstifadəçi məxfi məlumatlarının toplanması, saxlanılması və emal edilməsi üsullarının təkmilləşdirilməsi həyata keçirilir. Fişinq və digər dələduzluq pozuntularının törədilməsi məqsədi ilə həyata keçirilən qanunsuz daxil olmaların qarşısının alınmasını Bank, fiziki tədbirlərin effektivliyini artıraraq həyata keçirir. Əgər kartların təhlükəsizliyinə qarşı bank tərəfindən daha güclü təhlükəsizlik tədbirləri görülsə idi, onun Mastercard tipli Ucard debet kartında əməliyyat apardığı zaman digər Visa Platinum debet kartında olan 10.000 manat məbləğində vəsaitin dələduzlar tərəfindən oğurlanmasına səbəb olmazdı. Buradan da görünür ki, bank öz üzərinə düşən təhlükəsizlik qaydalarına yetərincə riayət etməmişdir. Qeyd olunan Mastercard Ucard-a OTP təsdiq kodu gəldikdə digər Visa Platinum debet kartından pulun çıxarılması oğurlanmağına yönəlməzdi. Əgər bank təhlükəsizlik qaydalarını tam təmin, yəni kart üzrə çıxış limiti tətbiq etsə idi debet kartdan birdəfəlik 10.000 manat məbləğində vəsait hesabdan çıxarıla bilməzdi, həmçinin bir kart üçün gələn təsdiq kodu digər karta yönəlməzdi. İşgüzar səfərlə əlaqədar olaraq xarici ölkəyə aviabilet almışdır. Hesabında olan məbləğin kartdan çıxarılması ilə əlaqədar səfəri təxirə salınmış, həmin aviabiletin məbləği ona geri qaytarılmayaraq həmin hissədə də ona maddi ziyan dəymişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinə əsasən Mastercard tipliUcard və Viza platinium debet kartlarını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus kartdan 9.878 manat məbləğində vəsait istifadə edilmişdir. Kartdan istifadə edərkən baş vermiş hallar aşağıdakılardır: iddiaçı sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olaraq, istifadəsində olan kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər iddiaçıya məxsus unibank Mobil bank tədbiqinə daxil olaraq, kartdan silinməni həyata keçirmişlər. Bundan sonra bank tərəfindən iddiaçının təqdim etdiyi mobil nömrəsinə (**********) göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumat verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.22-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır”. Ofertanın 5.9-cu bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyəti daşıyır”. 5.16-cı bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumatinformasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır”. Eyni zamanda, ofertanın 18.3-cü bəndinə əsasən “Müştəri”nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Müştəri” tam məsuliyyət daşıyır. Bu zaman “Müştəri” mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək, bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş 120 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X9)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bir, yaxud əlbir olan bir neçə şəxs tərəfindən bankın adına oxşar saxta səhifə yaradılmış və iddiaçıdan onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin, bank kart məlumatları istənilmişdir. İddiaçı ona məxsus məxfi məlumatları və mobil nömrəsini həmin şəxsə (şəxslərə) verdiyi üçün həmin məlumatlardan istifadə olunmuş, iddiaçıya məxsus mobil bankinq başqa smartfona yüklənmiş və nəticə etibarı ilə iddiaçının adına olan bütün kartlar dələduz (dələduzlar) üçün əlçatan olmuşdur. İddiaçı yuxarıda qeyd olunan halla bağlı banka müraciət etdikdə, bank tərəfindən ona xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və müraciətə ətraflı şəkildə cavab verilmişdir. İddiaçıya məxsus pul vəsaitlərin iddiaçının iradəsinə zidd olaraq məxaric edilməsi (başqa hesablara köçürülməsi, nağdlaşdırılması və s.) cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı deyil. Cavabdeh Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair metodoloji rəhbərliyin tələblərini yerinə yetirmiş, Ebankçılıq xidmətlərindən istifadə zamanı məsafədən həyata keçirilən hücumların növləri, onların aşkar edilməsi və qarşısının alınması üzrə zəruri tədbirlər görmüşdür.

7. İddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərliyə istinad edərək, iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, o Mastercard tipli Ucard debet kartından istifadə etdiyi halda onun digər kartından xx.xx.2024-cü il tarixdə pul vəsaitinin oğurlanması təmamilə bankın məsuliyyətidir. Çünki, onun adına olan "xxxx" KB ASC-də açılmış Mastercard tipli Ucard və Visa Platinum debet kartlarının hər birinə fərqli hesab nömrələri açılmışdır. Bu səbəbdən bir kart hesabından istifadə digər kart hesabından pul vəsaitinin oğurlanması ilə nəticələnməməli idi. Qeyd olunan Tələblərdən də görünür ki, E-bankçılıq xidməti üzrə təhlükəsizlik prosedurlarında, o cümlədən istifadəçinin səlahiyyəti olmayan məlumatlara girişinin məhdudlaşdırılması üçün məntiqi və fiziki giriş üzrə tədbirlər görülməlidir. Hazırki işdən isə məlum olur ki, "xxxx" KB ASC səlahiyyəti olmayan məlumatlara girişinin məhdudlaşdırılması üçün məntiqi və fiziki giriş üzrə tədbirlər müəyyən etməmiş, bu səbəbdən onun bir kart hesabından istifadə edərkən digər kart hesabından üçüncü şəxslər oğurluq etmişlər. Qanunvericilik kartların yetərli dərəcədə təhlükəsizliyini təmin etmə öhdəliyindən bankı azad etmir. Azərbaycan Respublikasının Mərkəzi X15, bankların üzərinə E-bankçılıq xidməti üzrə təhlükəsizlik prosedurlarında yalnız qeyd olunan Tələblərdə göstərilənlərlə kifayətlənməməyi bildirmişdir. Belə ki, həmin Tələblərdə banklara prosedur olaraq nəzərədə tutulan ən azı ifadəsi ilə bankların üzərinə həmçinin əməliyyatlar zamanı əlavə təhlükəsizlik tədbirlərinin də həyata keçirilməsi tövsiyə edilmişdir. Mobile Bank proqramının standart təhlükəsizlik qaydalarına əsasən hər hansı bir hesabdan kənar hesaba ödəniş edildiyi zaman limitlənmə tətbiq edilməlidir. Lakin bu limit nə Ubank mobil tətbiqində nə də bank hesabında edilməmişdir. Əlavə olaraq bank hesablarında hər hansı bir şübhəli əməliyyat olduğunda bankın Fraud təhlükəsizlik sistemləri və əməkdaşları bununla bağlı dərhal tədbirlər görməli və bank müştərisini dərhal məlumatlandırmalıdır. Halbuki müştəri baş vermiş hadisə zamanı heç bir bildiriş almamışdır. Hadisə baş verdikdən sonra mobile bank hesabına daxil olmağa çalışsa da, nəticə əldə etməmişdir. Səbəb isə mobile tətbiqə girişin bloklandığı qeyd edilmişdir. Hadisə baş verdikdən sonra mobile tətbiqə girişin bloklanması özü də göstərir ki, bankın proqram təminatında texniki nöqsanlar olub. Bu texniki nöqsanların nəticəsidir ki, müştərinin bank hesabından vəsait tam şəkildə çıxarılmışdır. Məhkəmə elektron bankçılıq xidmətlərinin göstərilməsi və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair X2 istinad etsə də, həmin tələblərlə bankın üzərinə qoyulan, oxşar saxta internet səhifəsinin istifadəsini məhdudlaşdırması öhdəliyinin olmasını nəzərə almamışdır. Belə ki, o, bankın adına oxşar saxta səhifənin yaradılması yolu ilə aldadılmış və onun şəxsiyyət vəsiqəsi məlumatları, həmçinin bank kart məlumatları istənilmişdir. O öz növbəsində ona məxsus məxfi məlumatları və mobil nömrəsini həqiqətən "xxxx" KB ASC-nin əməkdaşları olduğuna inandığı üçün “dələduzlara” vermişdir. Dələduzlar həmin məlumatlardan istifadə edərək, ona məxsus mobil bankinqini öz telefonlarına yükləmiş, nəticədə onun adına olan bütün kartlar dələduzlar üçün əlçatan olmuşdur. Yəni, "xxxx" KB ASC onun bank hesablarına qanunsuz daxil olmaların qarşısının alınması üçün X2 müvafiq tədbir görməmişdir. Baş vermiş hadisənin bütün təfərrüatlarının geniş şəkildə məhkəmənin nəzərinə çatıdırlması məqsədi ilə bir sıra sübutların əldə ediləməsinə ehtiyac yaranmışdır. Bu məqsədlə "xxxx" KB ASC-dən Nüfuz etmə Sınaq Hesabatı (Penetration testing report), X6, X10, X7, X3 və Mobil Bank və Billing sistemlərindən log fayllarının təqdim edilməsi barədə onun tərəfindən məhkəməyə vəsatət verilmişdir. Buna baxmayaraq, məhkəmə əsassız olaraq vəsətəti təmin etməmiş, bununla da tərəflərin çəkişmə prinsipi pozulmuş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasına məhkəmə tərəfindən maneə yaradılmışdır. Beləliklə də məhkəmənin bu mövqeyi obyektiv qərar qəbul edilməməsinə gətirib çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun; 1129.2-ci maddəsinə əsasən işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir; 1129.3-cü maddəsinə əsasən mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər; 1131-ci maddəsinə əsasən malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1132-ci maddəsinə əsasən malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinə əsasən iddiaçı cavabdeh bankdan MasterCard tipli Ucard və Visa platinum debet kartlarını əldə etmişdir. Onun Visa platinum debet kartında 10.000 manat məbləğində pul vəsaiti olmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus Visa platinum debet kartdan 9.878 (ondan 78 manat komissiya haqqı) manat məbləğində vəsait istifadə edilmişdir.

21. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixdə Mastercard tipli Ucard debet kartından istifadə edərkən ona göndərilmiş OTP kodunu təsdiq edərək, əməliyyat apardığını, lakin bir müddət sonra ona bu barədə sms göndərilərək, Ubank mobil tədbiqinin bloklandığını, səbəbləri ilə maraqlandıqda ona Ubank mobil tədbiqinə başqa şəxs (dələduzlar) tərəfindən uğurlu girişin olması və həmin tədbiqlə şübhəli əməliyyatın aparılmasının qeydə alınması səbəbindən kartının bloklanması barədə məlumatın verildiyini, bankdan əldə etdiyi hesabdan çıxarışdan isə xx.xx.2024-cü il tarixdə 9.800 manat məbləğində pul vəsaitinin onun Visa Platinum debet kartından çıxarıldığını aşkar etdiyini, halbuki əməliyyatda bu kartdan ümumiyyətlə istifadə etmədiyini bildirir və cavabdeh tərəfinən tələb olunan səviyyədə təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində qeyd edilən məbləğin hər hansı əməliyyat aparmadığı Visa platinum debet kartından silinməsinin mümkün olduğunu iddia edir və bu səbəbdən ona vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb edir.

22. Cavabdeh iddianı qəbul etmir, iddiaçının sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olaraq, istifadəsində olan kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etdiyini və bu məlumatlar əsasında digər şəxslərin iddiaçıya məxsus Ubank tədbiqinə daxil olaraq, kartdan silinmə həyata keçirdiklərini, həmin Ubank tədbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyat qeydə alınmaqla bu barədə iddiaçının sistemdə olan mobil nömrəsinə məlumatın göndərildiyini və kartın bloklandığını bildirir.

23. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

24. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

25. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

26. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən Ubank proqram tədbiqinə, o cümlədən plastik kartlara kənar şəxslərin müdaxiləsinin qarşısının alınması üzrə təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilmədiyini və nəticə etibarı ilə bu sahədə xidmətlərin qüsurlu icra edildiyini sübut etməli idi. Lakin iddiaçı bu mövqedən çıxış etsə də, onun əsaslı olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə işin hallarından iddiaçının plastik kartından kənar şəxslər tərəfindən pulun çəkilməsində cavabdehin hər hansı təqsirinin olmadığı, bunun məhz iddiaçı tərəfindən kart məlumatlarının və birdəfəlik şifrənin (OTP kodunun) kənar şəxslərə verilməsi nəticəsində mümkün olduğu müəyyən edilir. Belə olan halda, cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıya bilməz.

27. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının Visa platinum debet kartından kənar şəxslər tərəfindən pul vəsaitinin çıxarılması (silinməsi) iddiaçı tərəfindən əməliyyatın aparılmadığı bir şəraitdə, habelə onun Ubank proqram tədbiqinn yarılması və ya tədbiqə edilmiş hucum nəticəsində baş verməmişdir. Bu silinmə bilavasitə iddiaçı tərəfindən kart vasitəsi ilə əməliyyat aparılan zaman həyata keçirilmiş və nəticə etibarı ilə bu silinmə iddiaçının ötürdüyü məlumatlar hesabına mümkün olmuşdur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə internet şəbəkə vasitəsi ilə daxil olduğu ünvan (platforma) üzrə ona məxsus olan MasterCard tipli Ucard debet kartı vasitəsi ilə əməliyyatın aparılması üçün ondan kart məlumatları və OTP (X16) kodu istənilmiş, o da həmin kodu əldə etdikdən sonra onu kart məlumatları ilə birlikdə tələb edilən ünvana (kənar şəxslərə) göndərmişdir (iddiaçı bunu özü də etiraf edir). Bu məlumatları əldə etmiş şəxslər də iddiaçının Ubank proqram tədbiqini başqa smartfona yükləməklə, tədbiqə daxil olmuşlar və iddiaçının Visa platinum debet kartından 9.800 manat məbləğində vəsaiti silmişdilər (çıxarmışdılar).

28. Halbuki, OTP kodu göndərərkən cavabdeh həmin ismarıcı “Diqqət” sözü ilə başlamış və bundan sonra həmin kodun səlahiyyətsiz şəxslərə ötürülməməsi, kart məlumatlarının dələduzlardan qorunması tövsiyə olunmuşdur. Buna baxmayaraq, iddiaçı tərəfindən OTP kod və digər məlumatlar başqa şəxslərə ötürülmüş və onlar tərəfindən iddiaçıya məxsus Ubank tədbiqi ilə əməliyyat icra edildikdən sonra, bank tərəfindən şübhəli əməliyyat qeydə alınmış və iddiaçının kartı bloklanmışdır. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya “Diqqət! Şübhəli cihaz. Kart bloklandı. Unibank ilə əlaqə saxlayın.” məzmunda ismarıc göndərilmişdir.

29. Bununla belə, həmin vəziyyətdə cavabdeh öz üzərinə düşən bütün vəzifələri yerinə yetirmiş və vəziyyətə uyğun təhlükəsizlik tədbirləri görərək, digər şəxslər tərəfindən (plastik kartda pul vəsaitinin qalıb-qalmamasından asılı olmayaraq) növbəti əməliyyatların aparılmasının qarşısını almışdır. Hər bir halda, iddiaçı ona məxsus olan Ubank proqram tədbiqindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir və bu proqram tədbiqindən şübhəli əməliyyat aparılmalıdır ki, (məsələn, başqa cihazdan istifadə edilməlidir) cavabdeh şübhəli əməliyyat qeydə alsın və qarşılayıcı tədbir görsün, o cümlədən kartın bloklanmasını həyata keçirsin. İddiaçıya məxsus Ubank proqram tədbiqinin yüklənməsini və onun özü kimi həmin tədbiqə daxil olmasını və istifadə edilməsini mümkün edən məlumatların iddiaçı tərəfindən başqa şəxslərə ötürülməsi nəticəsində onun kartlarından pulun silinməsi (çıxarılması) cavabdeh tərəfindən bu sahə üzrə xidmətlərin düzgün göstərilməməsi, o cümlədən təhlükəsizlik tədbirlərinin tələb olunan səviyyədə təşkil edilməməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh iddiaçıya məxsus Ubank proqram təminatını, o cümlədən onun kartlarının təhlükəsizliyini (kənar hucumlardan, yarılmadan, müdaxilədən və s. qoruyur) kənar şəxslərdən qoruyur. Lakin bu tədbiqi onun özündən qoruya bilməz (öz iradəsi ilə ötürülməli olmayan məlumatların ötürülməsi hallarında).

30. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, iddiaçı həmin kartdan 2023-cü ilin sentyabr ayından istifadə etməyə başlamış və həmin tarixdən hadisə baş verdiyi xx.xx.2024-cü il tarixədək kart üzrə dövriyyə olmuşdur. Lakin belə bir hadisə məhz iddiaçı tərəfindən yuxarıda göstərilən hərəkətlərə yol verildikdən sonra baş vermişdir.

31. Məhkəmə kollegiyası iddiaçının dəlilinə istinadən onu da qeyd edir ki, hər hansı şəxsə (hazırki vəziyyətdə iddiaçıya) məxsus olan Ubank proqram tədbiqi kənar şəxslər tərəfindən yükləndikdən və bu tədbiqə daxil olmaq, ondan istifadə etmək imkanı əldə edildikdən sonra həmin tədbiqdə olan bütün kartlar əlçatan olur və belə olan halda, bunu mümkün edən məlumatların hansı kart üzrə əməliyyatın aparılması zamanı ötürülməsinin hər hansı əhəmiyyəti olmur. Başqa sözlə, iddiaçının Ubank proqram tədbiqinə digər şəxslərin daxil olması mümkün olduqdan sonra həmin tədbiqdə olan hər bir, o cümlədən həmin vaxt əməliyyatın aparılmasında iddiaçı tərəfindən istifadə edilməyən Visa platinum debet kartından da pulun silinməsi (çıxarılması) mümkün olur.

32. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Ümumi oferta” müqaviləsinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kart-çeklərə görə müştəri məsuliyyəti daşıyır, kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır, müştəri öz hesabının müstəqil sərəncamçısıdır, “Müştəri”nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Müştəri” tam məsuliyyət daşıyır. Bu zaman “Müştəri” mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək, bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz.

33. Bununla belə, iddiaçının Visa platinum debet kartından onun iradəsinə zidd olaraq 9.800 manat (78 manat komissiya qismində hesabdan ilinmişdir) məbləğində pul vəsaiti silinmişdirsə də, bu silinmə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi, habelə bu sahə üzrə xidmətlərin qüsurlu göstərilməsi nəticəsində baş verməmişdir. Hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən iddiaçıya bu sahə üzrə göstərilən xidmət barəsində natamam və düzgün olmayan məlumat verilməmişdir. Hadisə məhz iddiaçının istifadə etdiyi Ubank proqram tədbiqi ilə bağlı məxfi saxlamalı və başqa şəxslərə ötürməli olmadığı məlumatların ötürülməsi nəticəsində baş vermişdir. İddiaçı bunun əksini, o cümlədən kartından iradəsinə zidd olaraq pulun silinməsi nəticəsində ona maddi zərərin məhz cavabdehin göstərdiyi xidmətin (təşkil etdiyi təhlükəsizlik tədbirlərinin) qusurları nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır, bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2544/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar