Məhkəmə qərarları › İş №2(103)-5387/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5387/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5387/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “alğı-satqı müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(002)-1027/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 28.06.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********91024 olan Samsung Galaxy A7 markalı telefon, qoruyucu üzlük və qorucu örtük üçün, 631 manat ödənilməmiş hissə, 63 manat cərimə, ümumilikdə 694 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 724 manatın cavabdehdən alınaraq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə bağlanmış 28.06.2019cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********91024 olan Samsung Galaxy A7 markalı telefon, qoruyucu üzlük və qorucu örtük almış və nəticədə 694 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 972 manat (18 ay x 54 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********91024 olan Samsung Galaxy A7 markalı telefon, qoruyucu üzlük və qorucu örtük üçün ümumilikdə 694 manat olmaqla, ondan, 631 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 341 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(002)- 1027/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 28.06.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən ödənilməmiş 631 manat məbləğində borc və 63 manat məbləğində cərimə borcu olmaqla, cəmi 694 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, cərimə məbləği ilə qətiyyən razı deyil, 6 ay davamlı ödəniş etmişdir. Hissə-hissə ödəməyə imkanı var, pandemiya, hərbi təlimlər və müharibə səbəbindən ödənişlər gecikdirilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tələb edilən cərimə məbləğinə aid hissədə dəyişdirilməlidir. İşin müəyyən olunmuş hallarına görə, “xxxx” MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 28.06.2019-cu il tarixli, 00748317 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı İMEİ Kodu **********91024 olan Samsung Galaxy A7 markalı telefonu, qoruyucu üzlüyü və qorucu örtüyü alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlıqların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin Əlavə ödəniş cədvəlinin 2-ci bəndində göstərilmişdir ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. 19 fevral 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh “xxxx” MMC-yə alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 631 manat və 63 manat cərimə olmaqla, ümumilikdə 694 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh apelyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını qeyd etsə də, hər hansı konkret dəlilə əsaslanmamış, formal olaraq qanuvericiliyin normalarını sadalamaqla kifayətlənmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kollegiya hesab edir ki, məhkəmə cəriməni tələb edilən məbləğdə tutmaqda haqlı olmamışdır. İşin hallarını nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, tələb edilən cərimə məbləği azaldılaraq 5 manat məbləğində tutulmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1027/2021 saylı iş üzrə 06 aprel 2021-ci il tarixli qətnaməsi cərimə məbləğinə aid hissədə dəyişdirilsin və həmin məbləğ 5 manat müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar