Məhkəmə qərarları › İş №2(103)-5387/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5387/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5387/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakıxanov Gülmira Akif qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər:(pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(006)-2834/2024 saylı qətnaməsindən iddiaçı Bakıxanov Gülmira Akif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 29 gün gün (beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. 2.İddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs, hazırki iş üzrə Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzinin tutulmasını istəyir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Bakıxanov Gülmira Akif qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi kimi 1100 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəmə xərclərinin əvəzi kimi 31 manat məbləğində pul vəsaitinin tutularaq Bakıxanov Gülmira Akif qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 1100 manat məbləğində pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cinayət işi üzrə sübuta yetirilmişdir ki, Cavabdeh tamah niyyəti ilə Bakıxanov Gülmira Akif qızının əmlakını talamışdır. Belə ki, xx.xx.2023- cü il tarixdə saat 03 radələrində İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi küçəsi, 119 saylı evdə olarkən yataq otağında dolabda geyim əşyalarının arasından qiyməti 400 manat olan əyyarı 585, çəkisi 3,55 qram bir ədəd qızıl qolbağı və qiyməti 700 manat olan əyarı 585, çəkisi 6,22 qram bir ədəd qızıl qolbağı gizli olaraq talamışdır. Cinayət işi üzrə onun əməli sübuta yetirilmişdir, lakin həmin zaman Bakıxanov Gülmira Akif qızına cinayət işindən mülki iddia verə biləcəyi hüququ izah edilməmişdir. Hazırda mövcud iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 iyul 2024-cü il tarixli, 2(008)-2834/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, vurulmuş zərərə görə 830 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Bakıxanov Gülmira Akif qızına ödənilməsi, iddianı qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 29 gün gün (beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. 7.Həmin hökmdən görünür ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023- cü il tarixli 9/6413 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, may ayına 01 ədəd 585 əyarlı, çəkisi 3,55 qram qızıl boyunbağının orta bazar qiyməti 302 manat, 01 ədəd 585 əyarlı, çəkisi 6,22 qram olan qızıl boyunbağının orta bazar qiyməti 528 manat ümumilikdə 830 manat təşkil edir. 8.Məhkəmə MPM-in 82.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və may ayına 01 ədəd 585 əyarlı, çəkisi 3,55 qram qızıl boyunbağının orta bazar qiymətinin 302 manat, 01 ədəd 585 əyarlı, çəkisi 6,22 qram olan qızıl boyunbağının orta bazar qiymətinin 528 manat olmaqla, ümumilikdə 830 manat təşkil etməsi faktı aşkar olmaqla, cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmlə sübut edilmişdir. Həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 9.Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməklə vurulmuş zərərə görə 830 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bakıxanov Gülmira Akif qızına ödənilməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 14.2, 119.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən iddiaçı Bakıxanov Gülmira Akif qızı apellyasiya şikayəti verərək, qətnamənin qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda olmaqla qeyd edilmişdir ki, Cavabdeh tamah niyyəti ilə Bakıxanov Gülmira Akif qızının əmlakını talamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi küçəsi, 119 saylı evdə olarkən yataq otağında dolabda geyim əşyalarının arasından qiyməti 400 manat olan əyyarı 585, çəkisi 3,55 qram bir ədəd qızıl qolbağı və qiyməti 700 manat olan əyarı 585, çəkisi 6,22 qram bir ədəd qızıl qolbağı gizli olaraq talamışdır. Məhkəmə tərəfindən isə kifayət qədər araşdırılma aparılmayaraq iddia tam şəkildə təmin edilməmiş və qismən təmin edilmişdir. Halbuki məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılsaydı iddianın tam şəkildə təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilərdi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddianın tam təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehlə sosial şəbəkədə tanış olmuşdur, o evdə olmayanda əmlkaını talamış, ona 1100 manat ziyan vurmuşdur. 15.Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatının olmadığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 17.Maddə 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 18.Maddə 21.2.Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. 19.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 20.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 22.Maddə 82.4.Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 23.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 24.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 25.Maddələr 385.1.2, 385.1.4.Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, iddiaçı iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini xahiş etsə də, tələb bölünməz olduğundan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 28.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 29.Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin1(004)-466/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 ay 29 gün gün (beş ay iyirmi doqquz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. 30.Həmin hökmdən görünür ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində qeyri-rəsmi münasibətdə olduğu İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçşəsi 119 saylı evdə olarkən yataq otağında dolabda geymi əşyalarının arasından qiyməti 400 manat olan əyarı 585, çəkisi 3,55 qram bir ədəd qızıl boyunbağı və qiyməti 700 manat olan, əyarı 585, çəkisi 6,22 qram bir ədən qızıl qolbağı gizli olaraq talamaqla zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. 31.Hökmdən həmçinin müəyyən olunur ki, məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində törətdiyi əməli etiraf etmiş, törətdiyi əməli etiraf etməsinin, səmimi peşman olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. 32.Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 82.4-cü maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh İddiaçı onun əmlakını oğurlayaraq 1100 manat məbləğində maddi ziyan vurması iş materialları ilə öz təsdiqini tapmışdır. 33.Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. asını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməldir. 36.Qeyd edilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü işin faktiki halları onun iddia tələbinin qanuni əsasının (mülki hüquq pozuntusundan əmələ gələn öhdəlik) dispozisiya şərtləri ilə uzlaşmaqdadır. 37.Qeyd olunan konteksdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun olmamışdır. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. 38.Kollegiya qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 39.Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024cü il tarixli, 2(006)-2834/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, vurulmuş zərərə görə 1100 manat və ödənilmiş 31 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bakıxanov Gülmira Akif qızına ödənilməldir. 40.Kollegiya qeyd edir ki, iddianın qiyməti 5000 manatdan aşağı oldğundan MPM-in 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Bakıxanov Gülmira Akif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(006)-2834/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Vurulmuş zərərə görə 1100 (bir min yüz) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bakıxanov Gülmira Akif qızına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar