Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5388/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində tanınmasına dair ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2017/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(007)- 2017/2024 saylı qətnaməsi ilə, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixli 3M1686 nömrəli icarə müqaviləsinə əsasən “GRATHOS CDD 775” tipli 700 KVA-lıq generatora istismar şərtlərinin pozulması nəticəsində vurulmuş 25000 manat maddi zərərin və ödənilmiş 170 manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ərizəçi Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını əsas gətirərək, maraqlı şəxs kimi tanınmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs cavabdeh hüquqi şəxsin direktoru (qanuni təmsilçisi) olmuş, qətnamə çıxarılmamışdan qabaq işdən çıxarılmışdır. Cavabdeh ASC hazırda qətnamə ilə tutulmalı olan məbləğ ondan tələb edir. Bu səbəbdən də qətnamə onun hüquq və vəzifələrinə (maraqlarına) toxunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2017/2024 saylı qərardadı ilə (hakim Rauf Əhmədov) ərizə təmin olunmamışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi sözügedən qətnamənin məhz onun hansı hüquq və vəzifələrinə toxunmasını ifadə etməmiş, habelə bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda Maraqlı şəxs ərizəsinin təmin edilməsi üçün əsaslar mövcud olmadığından, ərizə təmin edilə bilməz. Ərizəçi həmin qərardaddan şikayət vermiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2017/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün iş materialları ilə birgə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən aktı ilə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən məhkəmə aktından şikayət verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq məhkəmə aktının həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə aktı həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) şikayətin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalıdır. Belə ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşdə olan sənədlərdən və ərizənin mahiyyətindən görünür ki, ərizəçi, Cavabdeh ASC-nin direktoru olmuş, birinci instansiya məhkəməsində cavabdehi təmsil etmiş, mübahisə də məhz hüquqi şəxsin hüquq qabiliyyətindən irəli gələrək, İddiaçı ilə aralarında yaranmış icarə hüquq münasibətlərini əhatə etmişdir. MM-nin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. MPM-in 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 69.3-cü maddəsinə əsasən, təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Qeyd edildiyi kimi, mübahisə məhz İddiaçı ilə Cavabdeh ASC arasında yaranmış, həmçinin qətnamədə (onun mətnində) birbaşa olaraq məhz ərizəçi ilə bağlı hər hansı hal müəyyən olunmamışdır. Belə olan halda qətnamənin ərizəçinin hansı hüquq və vəzifələrinə toxunması aydın olmamaqla, əsaslandlırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, sonradan hüquqi şəxsin ərizəçiyə qarşı tələb irəli sürməsi halı da vəziyyəti dəyişdirmir. Belə ki, qanunverici hüquqi şəxslə onun adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs arasında mülki hüquqi mübahisələrin yaranmasını istisna etməmişdir (məsələn, MM-nin 49.3-cü mad.) Lakin, belə mübahisə yarandığı halda, məsələ məhz həmin icraat çərçivəsində maddi və prosessual hüquq normalarına əsasən öz həllini tapa bilər. Beləliklə, məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, sözügedən qətnamənin ərizəçinin hüquq və vəzifələrinə toxunmasına dair prosessual əsaslar mövcud deyildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş e- 2(007)-2017/2024 saylı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasına dair ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2017/2024 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 2017/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5388/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5388/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver