Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5390/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı iş üzrə (açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(003)-3735/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə: 3.119,71 manat, faiz məbləğ üzrə: 169,73 manat, cərimə məbləği üzrə: 91,89 manat, cəmi borc: 3.381,33 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 53,82 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)- 3735/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı borclunun öhdəliyini icra etmədiyini əsas gətirərək kredit borcunun tam şəkildə tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İstinad olunan normalara və hüquqi mövqeyə əsasən, istər müqavilənin ləğv edilməsi, istərsə də müqavilədən imtina edilməsi bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilməli, bundan sonra məhkəməyə müraciət edilə bilər. İddia ərizəsinə qoşmada qeyd olunaraq əlavə edilmiş bildirişin onlayn göndərilməsi barədə məlumatdan görünür ki, bildiriş 2025.07.29. tarixində ***-***-**-** və ***-***-**-** telefon nömrələrinə göndərilmişdir. Lakin iddiaçı həmin əlaqə vasitələrinin cavabdehə məxsus olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, “Elektron Məhkəmə” informasiya sistemində əldə edilən məlumatdan görünür ki, bildirişin göndərildiyi telefon nömrələri cavabdehin adına qeydiyyata alınmış nömrələr deyildır. Əksini təsdiq edən sübut isə müəyyən edilmir və bununla da qanula müəyyən edilmiş pretenziya qaydasına əməl edildiyi təsdiq olunmur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin bağlanması zamanı borcalan (cavabdeh) öz iradəsi ilə banka əlaqə nömrələrini təqdim etmişdir. Bank müştərinin təqdim etdiyi həmin nömrələrdən istifadə etməklə sms-pretenziyaları göndərmişdir. Nömrələrin faktiki olaraq kimin adına qeydiyyatda olması bankın öhdəliyinə daxil deyil, çünki Mülki Məcəllənin tələblərinə görə müqavilə tərəfləri təqdim etdikləri məlumatların düzgünlüyünə özləri cavabdehdirlər. Deməli, bankın vəzifəsi yalnız müştərinin təqdim etdiyi əlaqə vasitələrinə məlumat göndərmək idi və bu öhdəlik tam icra olunub. Mülki Məcəllənin tələblərinə görə, borc öhdəlik müqaviləsindən doğur və borclu müqaviləyə uyğun olaraq öhdəliyini icra etməlidir. Borcun qaytarılması üçün əsas hüquqi fakt kredit müqaviləsi və borcun ödənilməməsidir, pretenziyanın hansı nömrəyə göndərilməsi yox. Ali Məhkəmə təcrübəsinə görə pretenziyanın göndərilməsi faktının mövcudluğu kifayətdir, onun cavabdeh tərəfindən qəbul edilib-edilməməsi borcun mövcudluğuna təsir etmir. Buna görə, pretenziyanın formal səbəblərlə “etibarsız” sayılması iddianın mahiyyət üzrə baxılmasına mane ola bilməz. “Elektron məhkəmə” informasiya sistemi yalnız rəsmi qeydiyyat məlumatlarını göstərir. Lakin vətəndaşların gündəlik istifadə etdiyi nömrələr tez-tez dəyişir və çox vaxt başqasının adına qeydiyyatda olur. Əhəmiyyətli olan odur ki, həmin nömrələri məhz cavabdeh bankla müqavilə münasibətlərində əlaqə vasitəsi kimi təqdim edib. Deməli, məhkəmənin “nömrələr cavabdehin adına deyil” arqumenti hüquqi baxımdan əsassızdır, çünki bank müştərinin verdiyi etibarlı məlumatdan çıxış edib. Mülki Prosessual Məcəllənin 149-150-cimaddələrinə əsasən, iddia ərizəsinin geri qaytarılması yalnız qanunda dəqiq göstərilən əsaslara yol verilir. MPM-də isə “pretenziya sms-in göndərildiyi nömrənin məhz cavabdehin adına olmasının təsdiqlənməsi” kimi tələb yoxdur. Bu səbəbdən, Xəzər Rayon Məhkəməsinin qərardadı prosessual qanunvericiliyə ziddir. İddia ərizəsinin formal və əsassız səbəblərlə geri qaytarılması iddiaçının ədalət mühakiməsinə çıxış hüququnu məhdudlaşdırır. Bu, həm də AİHM-in “ədalətli məhkəmə araşdırması hüququ” (Konvensiyanın 6-cı maddəsi) prinsipinə ziddir. Məhkəmənin əsaslandırması hüquqi əsassızdır, çünki: 1. Pretenziya borcalanın bankla müqavilə münasibətlərində təqdim etdiyi nömrələrə göndərilmişdir; 2. Nömrələrin kimin adına rəsmiləşməsi bankın məsuliyyət dairəsinə aid deyil; 3. Borcun mövcudluğu pretenziyanın hansı nömrəyə göndərilməsi ilə müəyyən olunmur; 4. MPM-də göstərilən əsaslar arasında belə hal geri qaytarma səbəbi kimi nəzərdə tutulmayıb. Onu da xüsusilə nəzərə almaq lazımdır ki, eyni məhkəmədə hakimlər tərəfindən fərqli yanaşmanın olması, tərəfdən asılı olmayan halların əsassız şəkildə tələb edilməsi şəxsin müdafiə hüququnun pozulması, əlavə vaxt itkisi deməkdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına adekvat deyil. İddia ərizəsi tam qanuni şəkildə forma və məzmuna uyğun şəkildə verildiyindən qəbul edilmiş qərardad ləğv edilməli və iş icraata götürülərək baxılmalıdır.
6. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. İddiaçı şikayətə əlavə verərək həmçinin bildirmişdir ki, kredit müqaviləsində göstərilən nömrələr (“***-***-**-**”, “***-***-**-**”) ilə sms göndərilən nömrələr (“***-***-**- **”, “***-***-**-**”) uyğun gəlmir. Cavab olaraq bildirir ki, kredit müqaviləsi uzunmüddətli münasibətdir. Müştərinin əlaqə vasitələri zamanla dəyişir və bu, müştərinin özü tərəfindən banka təqdim olunan əlavə ərizələrlə, müqavilə əlavələri ilə və ya elektron sistemdə dəyişdirilməklə yenilənir. Bank həmin yenilənmiş nömrələrə bildiriş göndərmişdir. Mülki Məcəllənin tələbinə əsasən, müqavilə tərəfləri təqdim etdikləri məlumatların düzgünlüyünə və dəyişiklikləri qarşı tərəfə vaxtında bildirməyə borcludurlar. Əgər cavabdeh nömrələrini dəyişmiş, amma bunu rəsmən banka bildirməyibsə, bu, bankın deyil, borcalanın məsuliyyətidir. Ali Məhkəmənin təcrübəsinə görə müştəri kredit müddətində əlaqə vasitələrində dəyişiklik etdiyi halda bunu bankla paylaşmağa borcludur. Əks təqdirdə, bankın göndərdiyi bildirişlərin “rəsmi müqavilə nömrələrinə uyğun olmaması” borcalanın öz günahıdır. Bankın öhdəliyi yalnız müştərinin təqdim etdiyi əlaqə vasitələrindən istifadə etməkdir. Müştərinin həmin nömrələri başqasının adma qeydiyyatda olması faktı bank üçün hüquqi əhəmiyyət daşımır. Əksini iddia etmək məhkəmənin bank üzərinə qanunda nəzərdə tutulmayan əlavə öhdəlik yükləməsi deməkdir. MPM-in heç bir maddəsində bankın təqdim edilmiş nömrələrin “kimin adına qeydiyyatda olmasını” yoxlamaq öhdəliyi yoxdur. Hüquqi məsuliyyət yalnız qanunla nəzərdə tutulmuş öhdəliklərin pozulmasına görə yarana bilər. Banka belə bir öhdəlik qanunla verilmədiyi halda, məhkəmə praktiki olaraq qanun yaradıcılığı etmişdir. Məhkəmə MM-in 421.2, 423.2, 447.1-ci maddələrinə, MPM-in 150.1.6 və 152.1.6-cı maddələrinə və Konstitusiya Məhkəməsinin xx.xx.2023 tarixli qərarına istinad edir. Bu maddələr daha çox müqavilədən imtina və ya müqavilənin ləğvi halları üçündür. Bankın müraciəti isə müqavilənin qüvvədə saxlanılması, lakin öhdəliyin (borcun) icrası tələbi ilə bağlıdır. Borcun tutulması iddiası ilə müqavilədən imtina eyni hüquqi kateqoriyaya aid deyil. Müqavilə qüvvədədir, bank sadəcə onun icrasını tələb edir. Bu halda pretenziya yalnız məhkəməyə qədər əlavə xəbərdarlıq xarakteri daşıyır, borcun mövcudluğunu təsdiqləyən yeganə şərt deyil. Konstitusiya Məhkəməsinin qərarında da vurğulanır ki, pretenziya digər tərəfə bildirilməlidir. Bank bu tələbi yerinə yetirib, sadəcə məhkəmə formal olaraq “kimin adma rəsmiləşməsini” əsas götürərək onu etibarsız sayıb. Bu, hüququn mahiyyətindən çox formasına üstünlük verməkdir ki, bu da ədalətli məhkəmə prinsiplərinə ziddir. İddiaçı sübut təqdim etmişdir - sms bildirişlərinin göndərilməsinə dair rəsmi məlumat əlavə olunmuşdur. Bu, pretenziyanın göndərildiyini sübut edir. Məhkəmə isə sübutun məzmununu kənara qoyaraq, sübutetməni “başqa şəxsin adına qeydiyyatda olması” arqumentinə bağlamışdır. Bu, MPM-in 77 və 78-ci maddələrində nəzərdə tutulmuş sübutetmə prinsiplərinə ziddir. Əgər məhkəmə sübutların yetərsiz olduğunu hesab edirdisə, MPM-in tələbinə əsasən, iddiaçıdan əlavə sübut tələb etməli idi, dərhal iddianı geri qaytarmaq yox. Məhkəmənin qərarı tərəflərin bərabərliyini pozur. Çünki bank qanuni əsaslarla iddia qaldırır, lakin formal bəhanələrlə iddiası dinlənilmir. Bu, Konstitusiyanın 60cı maddəsində təsbit olunmuş “ədalət mühakiməsinə çıxış hüququnun” pozulmasıdır. Əgər cavabdeh həqiqətən sms-pretenziya almadığını iddia edirsə, bu, iddianın mahiyyəti üzrə araşdırılması zamanı mübahisə mövzusu ola bilər. İddianın geri qaytarılması ilə isə bu mübahisə heç bir şəkildə araşdırılmadan “öncədən bağlanmış” olur.
8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3735/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
13. İddia ərizəsinin məzmunundan görünür ki, tələb cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin icrası ilə bağlıdır.
14. İşdən görünən odur ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət etməmişdən əvvəl cavabdehin ***-***-**-** və ***-***-**-** telefon nömrələrinə kredit borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq (pretenziya) göndərmişdir.
15. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə pretenziyanın hansı formada, hansı üsulla göndərilməsinə dair konkret göstəriş nəzərdə tutulmamışdır. Hazırkı halda iddiaçı tərəfindən cavabdehə pretenziya SMS vasitəsilə göndərilmişdir.
16. Nəzərə alınmalıdır ki, şəxsə məxsus telefon nömrələrinin sonradan dəyişdirilməsi və ya ləğv edilməsi halları istisna olunmur və iddiaçı bu barədə məlumatsız ola bilər. Eyni zamanda, iddiaçının nömrənin konkret şəxsə məxsus olub-olmamasını yoxlamaq kimi texniki imkanları olmaya bilər.
17. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini öz qərardadında qeyd etdiyi əsasla geri qaytarmaqda haqlı olmamışdır.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-3735/2025 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: