Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5392/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi, iddia müddətinin ötürülməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(007)-1140/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “NİKOYL" X1 (hazırda İddiaçı ASC) 6 saylı filialı ilə X5 arasında bağlanmış 10 sentyabr 2012-ci il tarixli, 17-A-1-0-4104-12 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X4 illik 21 % hesablanmaqla 36 aylıq müddəinə 7000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur.
2. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanlanmş xx.xx.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Aqil Abbasovun adına vərəsəlik işi açılaraq, xx.xx.2017-ci il tarixdə Cavabdeh vəsərəlik şəhadətnamələri verilmişdir.
4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2628/2015 saylı iş üzrə qəbul olunmuş xx.xx.2015-ci il tarixli qərardadla iddiaçı “NİKOYL" X1 cavabdeh X4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi geri qaytarılmışdır.
5. İddiaçı “NİKOYL" X3 cavabdeh X4 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1273/2019 saylı iş üzrə qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərardadına əsasən həmin iddia ərizəsi ilə bağlı mülki işin icraatı iddiaçının hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-48/2021 saylı iş üzrə qəbul olunmuş xx.xx.2021-ci il tarixli qərardadına əsasən qeyd edilən mülki işin icraatına cavabdeh X5 məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “NİKOYL" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə X5 arasında 10 sentyabr 2012-ci il tarixli, 17-A-1-0- 4104-12 saylı kredit müqaviləsi bağlanıb və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən illik 21 % hesablanmaqla 36 aylıq müddəinə cavabdehə 7000 manat məbləğində kredit verməyi öhdəsinə götürüb və bu məbləği ödəyib. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2012-ci il buraxılışlı “VAZ-21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, ******* mühərrik nömrəli, qara metal rəngli avtomobilin alınması olub. "NİKOYL” İKB-nin (Yelo Bank ASC) 6 Saylı filialı və X5 arasında bağlanan 10 sentyabr 2012-ci il tarixli, 17-A-1-0-4104-12 saylı kredit müqaviləsinə əlavə olunan "Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə 264 manat, ümumilikdə isə 9493 manat ödəməyi öz öhdəsinə götürüb. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilən "Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edlib. Bank qarşısında götürülən öhdəliklər icra olunmadığı üçün A.Abbasova qarşı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət olunub. Proses dövründə cavabdehin vəfat etdiyi müəyyən edilib və məhkəmənin 05 mart 2019-cu il tarixli qərardadı ilə hüquqi varis müəyyən edilənə kimi iş üzrə icraatın dayandırılması qərara alınıb. Qərardad onunla əsaslandırılıb ki, 5 saylı Bakı "ASAN xidmət' X7 tərəfindən 16 noyabr 2016-cı il tarixində verilən ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh X5 12 noyabr 2016-cı il tarixdə Bakı şəhərində ölüb. X4 dair vərəsəlik işinin açılması barədə məhkəməyə məlumat daxil olduğu üçün Nizami Rayon Məhkəməsində 2(006)-45/2021 saylı iş üzrə icraat təzələnib və iş üzrə məhkəmə prosesi təyin edilib. Həmçinin iddiaçə tərəfindən tələbin dəqəqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət olunaraq Banka olan borcun cavabdehin hüquqi varisi Cavabdeh tutulması xahiş olunub. Nizami Rayon Məhkəməsi cavabdehin ona qarşı iddia verilməmişdən qabaq öldüyünü əsas gətirərək 11 noyabr 2021-ci il tarixli, 2(007)-48/2021 saylı qərardadla iş üzrə icraata xitam verib. İddia ərizəsinə əlavə edilən 5 saylı Bakı “ASAN xidmət” X7 tərəfindən 16 noyabr 2016-cı il tarixində verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki X5 16 noyabr 2016-cı il tarixində ölüb. Mərhumun adına 4 sayl Bak “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işi açılaraq 16 may 2017-ci il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilib. Borcun ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilib. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməyib.
9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(007)- 1140/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, X5 ilə bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iş iddiaçı tərəfindən hələ 2017-ci ildə məhkəməyə hazırlanarkən MAPS arayışına əsasən cavabdehin vəfat etdiyi müəyyən olunmuşdur. Bununla bağlı olaraq 06 oktyabr 2017-ci il tarixli, 5415 saylı sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinə müraciət olunmuş, A.Ababsovun ölümü ilə əlaqədar olaraq vərəslik işinin açılıbaçılmaması barədə məlumatın verilməsi xahiş olunmuşdur. Lakin, verilmş sorğuya cavabın alınması mümkün olmamışdır. Bununla yanaşı qeyd edilən tarixdə adıçəkilən quruma tərəflərindən digər kredit müqavilələri üzrə vəfat etmiş borclular barədə də eyni məzmunlu 15 sayda məktub ünvanlanmışdır. Həmin işlər üzrə də sorğulara cavab verilməmişdir. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlamağımıza baxmayaraq sorğulara cavabın alınması mümkün olmamış, yalnız bildirilmişdir ki, vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatlar Ədliyyə Nazirliyinin “Elektron xidmətlər” portalına yerləşdirilməklə açıq istifadəyə verimişdir. X5 barədə məlumatlar Nazirliyin qeyd edilən portalına daxil edilsə də, vərəsəlik barədə məlumatlar ordada hələ də öz əksini tapmır. Göründüyü kimi, Notariat İdarəsi sorğuları cavablandırmamış və tövsiyyə etdiyi portaldan da düzgün məlumat əldə etmək mümkün olmamışdır. Bu səbəbdən də "xxxx" İKB ASC (İddiaçı ASC) cavabdehin vəfat etdiyini bilə-bilə, ən azından məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsi tərəfindən hüquqi varis müəyyən edilən zaman cavab veriləcəyinin bildiyi üçün və bu müddətdə də işin məhkəmə qərarı əsasında dayandırılacağından, MAPS arayışını işə tikmədən X4 qarşı 04 yanvar 2019-cu il tarixli iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 05 mart 2019-cu il tarixli, 2(007)- 1273/2019 saylı qərardadı ilə cavabdehin hüquqi varisi müəyyən edilənə kimi iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş üzrə hüquqi vərəsə 16 may 2017-ci il tarixdə müəyyən olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsi təqribən 2 il 6 aydan sonra məhkəməyə bu barədə məlumat verilmiş və iş üzrə icraat 13 sentyabr 2021-ci il tarixli, 2(007)-48/2021 saylı qərardadla təzələnərək, 11 noyabr 2021-ci il tarixli qərardadla iş üzrə icraata xitam veilmişdir. Məhkəmə iş üzrə icraata xitam verməklə yalnış nəticəyə gəlmişdir. İş üzrə icraata xitam verilməsi üçün mütləq şəkildə hüquqi varis müəyyən edilməlidirmi? Göründüyü kimi iş üzrə qəbul etdilmiş qərardadlar və sonda məhkəmənin gəldiyi nəticə işə birtərəfli və qərəzli yanaşma olduğuna əsas verir. İş üzrə icraata xitam verilməsi barədə qərərdaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(103)-1185/2022 saylı qərardadı ilə şikayətləri təmin olunmamış və Nizami Rayon Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyirik ki, Nizami Rayon Məhkəməsi 05 mart 2019-cu il tarixində cavabdehin hüquqi varisi müəyyən edilənə qədər iş üzrə icraatı dayandırımış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinə hüquqi varisin olub-olmaması barədə sorğu göndərmiş, bu sorğuya isə 2 il 6 ay sonra cavab verilmiş və bundan sonra iş təzələnmişdir. Nəzərə alınsa ki, məhkəmə tərəfindən sorğu göndərilən tarixdən 2 il qabaq X2 Abbasovun miras əmlakını qəbul etmişdir, deməli Notariat İdarəsi dərhal sorğunu cavablandırmalı idi. Əgər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsi sorğuya qısa müddət ərzində cavab vermiş olsaydı və yaxud elektron portalda məlumatlar vaxtında yerləşdirilsəydi, iddia müddəti ötürülməzdi. İddiaçıya iş üzrə hüquqi varisin mövcudluğu 13 senyabr 2021-ci il tarixdə, iş üzrə icraat təzələndikdən sonra məlum olduğundan hesab edirik ki, iddia müddətinin axımı 13 sentyabr 2021-ci tarixdən hesablanmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, hazırkı mülki mübhiə üzrə kredit müqaviləsinin müddəti 2015-ci ildə bitmişdir. Borclu öhdəliyini icra etmədiyi üçün bank həmin ildə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra yenidən iddia verilmiş, məhkəmə müvəqəti təminat tədbiri kimi cavabdehə məxsusu olan avtomobilin üzərinə həbs qoymuşdur. Borclunun oğlu bankın əməkdaşı olmuş, kredit öhdəliyinin icrası ilə bağlı razılıq əldə edildiyi üçün 2016-ci ildə iddia ərizəsi baxılmamış saxlanılmışdır. X11 xx.xx.2016-cı ildə vəfat etmişdir. Məhkəmədə yenidən 04 yanvar 2019cu il tarixdə iddia qaldırılarkən borclunun vəfatı barəsində məlumatlı olmuşlar, ona görə də iddia ərizəsinə MAPS arayışı yox, cavabdehin şəxsiyyət vəsiqəsini əlavə etmişlər ki, məhkəmə tərəfindən iddia tələbləri icraata götrülsün. Bundan əlavə 2017-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazırliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə vərəsəlik işinin açılıb-açılçmaması barədə məlumat əldə etmək üçün müraciət etmişlər, lakin onların cavablarına cavab verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazırliyinin Qeydiyyat və Notariat Baş İdarəsi sonradan verdiyi cavabında guya onlara belə bir sorgu daxil olmadığını bildirir.
14. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etmədiyini bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
16. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
17. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
19. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
20. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
21. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
23. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
24. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
25. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
26. Maddə 381. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
27. Maddə 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. 28.. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, “NİKOYL" X1 (İddiaçı ASC) 6 saylı filialı ilə X5 arasında kredit müqaviləsi 10 sentyabr 2012-ci il tarixdə 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 10 sentyabr 2015-ci il tarixdə başa çatmışdır.
37. İddiaçı həmin kredit öhdəliyi üzrə borcluya qarşı xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət etsə də, iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəfindən növbəti dəfə qaldırılmış iddia ərizəsi xx.xx.2019-cu ildə məhkəməyə daxil olmuş, bu zaman artıq üç illik iddia müddəti ötürülmüşdür. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ilə həmin işin icraatı iddiaçının vərəsəsi müəyyən olunanadək dayandırılmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyd edilən mülki işin icraatına cavabdeh X5 məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən xitam verilmişdir. İddiaçı qeyd olunan qərardadları mübahisələndirməmiş,xx.xx.2022-ci il tarixdə yenidən, bu dəfə iddiaçının vərəsəsinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 3 illik iddia müddəti ötürüldüyündən birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətini tətbiq etməklə iddianı təmin etməmişdir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-il tarixli qərarında qeyd olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
39. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1140/2022 saylı iş üzrə 13 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.