Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5393/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(004)-2138/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10448,32 manat məbləğində əsas kredit borcu, 1957,82 manat məbləğində faiz borcu və 3649,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16055,86 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank ilə bağladığı 29.07.2016cı il tarixli 005L**********74 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 bank ilə bağladığı 24.07.2018-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 ödəmələri dəfələrlə yubatmış, götürdüyü kredit borcundan 9551,68 manat ödəmiş, onun 10448,32 manat məbləğində kredit borcu qalmışdır. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(004)- 2138/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə əsas borc üzrə 10448 manat 32 qəpik, faiz borcu üzrə 1957 manat 82 qəpik, cərimə borcu üzrə 500 manat, ümumilikdə 12906 manat 14 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını, borcun hissə-hissə yalnız ondan tutulması və zaminlərə aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, pandemiya şəraitində iş olmadığından borcu tam ödəyə bilməmişdir. O, banka olan borcunu ödəməkdən yayınmır. Lakin bir dəfəyə o qədər borcu ödəmək mümkün deyildir. Bundan başqa əsas borclu onun özüdür, digər cavabdehlər formal olaraq zamindirlər. Onun maddi vəziyyəti nəzərə alınaraq borcun ondan hissə-hissə tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Məhsəti Hüseynova apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(004)- 2138/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, bank ilə Cavabdeh1 arasında bağlanmış 29.07.2016-cı il tarixli 005L**********74 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində uzun müddətli kredit xətti açılmış, 24.07.2018-ci il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla 20000 manat məbləğində kredit verilmiş, daha sonra bank ilə Cavabdeh1 arasında 19.03.2019-cu il tarixli və 25.12.2019-cu il tarixli Sazişlər bağlanaraq kreditin qalığı və hesablanmış faizləri Sazişlərə uyğun ödənilməsi razılaşdırılmış, Cavabdeh3 və Cavabdeh2 isə İddiaçı QSC ilə arasında bağlanmış 29.07.2016-cı il tarixli zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında birgə məsuliyyət daşıyır. Cavabdehin banka əsas borc üzrə 10448,32 manat, faiz borcu üzrə 1957,82 manat və 3649,72 manat məbləğində cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 məhkəmə prosesində iştirak edərək banka borclu olduğunu etiraf etmişdir. Məhkəmə isə onun əmlak vəziyyətini nəzərə alaraq cərimə borcunu azaltmışdır. Kollegiya qeyd edir ki, apellyator şikayətinin dəlilini əsaslandırmamışdır. Borcun hissə-hissə ödənilməsi barədə məsələyə isə hazırkı mərhələdə deyil, qətnamənin icrası mərhələsində mülki prosessual qanunvericiliyin tələblərinə əsasən müvafiq məhkəməyə müraciət etməklə baxıla bilər. Məhkəmə iddia tələbini zaminlərə aid hissədə təmin etməkdə haqlı olmuşdur. Zaminlik institutunun mahiyyəti məhz borclu öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borcun ödənilməsinə təminatdır. Kollegiya həmçinin qeyd edir ki, zaminlər ümumiyyətlə qətnaməni mübahisələndirməmişlər. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(004)- 2138/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5393/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5393/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver