Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5393/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: icarə müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-1991/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yerləşən 123,5 kv.m. ölçüdə torpaq sahəsi dövlətin (hazırki mübahisə üzrə dövlətin adından çıxış edən səlahiyyətli qurum Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, bundan sonra iddiaçı), onun üzərində olan 65,30 kv.m ölçüdə qeyri-yaşayış binası isə Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyətindədir. Həmin əmlakı cavabdeh X6 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən əldə etmiş və xx.xx.2022-ci il tarixdə onun əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən həmin torpaq sahəsi xx.xx.2024-cü il tarixədək aylıq 617,5 manat, illik 7.410 icarə haqqı ödənilməsi şərti ilə cavabdehə icarəyə verilmişdir. İcarə haqqının hər ayın 10-dək ödənilməsi razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus hesaba 864.50 manat məbləğində pul ödənilmiş, müqavilənin qüvvədə olduğu bütün müddət ərzində isə başqa heç bir ödəniş edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2916/2022 nömrəli qərarı ilə ********* nömrəli cinayət işi üzrə cavabdehin mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuş, həmin qərarın cinayət işinin mahiyyəti üzrə həll olunanadək qüvvədə olacağı göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərarla həmin cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh yaranmış borcu ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin şikayəti qismən təmin edilərək, ********* nömrəli cinayət işi üzrə bu əmlakın üzərinə qoyulmuş həbs götürülsə də, həmin qərardan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-79/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, cavabdehin şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 3508 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə 10.806,25 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək, onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. İcarə müqavilə ləğv edilmədiyindən və hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2023-cü il tarixli, 3-21-3/2-15571/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, sonuncu məktubu qəbul etməkdən imtina etmiş və bu barədə akt tərtib edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1991/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.806,25 manat məbləğində pulun alınaraq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat İdarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ********************, VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi, Cavabdeh 122,42 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X5).
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdən torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının cavabdehə məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini aylıq 864,50 manat icarə haqqı müqabilində cavabdehin müddətli (xx.xx.2024-cü il tarixədək) istifadəsinə verməsi, cavabdehin isə müqavilə üzrə cəmi 1 dəfə - xx.xx.2022-ci il tarixdə 864,50 manat məbləğində icarə haqqı ödəməsi, bundan sonra isə müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi və nəticədə iddiaçıya xx.xx.2024-cü il tarixədək 10.806,25 manat məbləğində borcunun yaranması iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Müqavilənin qanunla nəzərdə tutulmuş qaydada ləğv edilməməsinə, yəni qüvvədə olmasına baxmayaraq, iddiaçının xəbərdarlıq etdiyi halda belə, cavabdehin həmin müqavilədən irəli gələn vəzifəsini yerinə yetirməməsi mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsi üzərində həbs olmasına istinad edərək, həmin sahədən istifadə edə bilmədiyini və buna görə torpağın icarə haqqını ödəmədiyini, bununla da, müqaviləni ləğv etmək niyyətində olduğunu bildirsə də, onun bu dəlilləri məhkəmə tərəfindən ona görə əsassız hesab edilmişdir ki, bu hallar cavabdehin qanundan və müqavilədən irəli gələn vəzifəsinin icra edilməməsini haqlı çıxarmır. Hazırda icraatı dayandırılmış cinayət işi üzrə cavabdehin özünə məxsus olan qeyri-yaşayış sahəsinin üzərində həbs olması mübahisəsiz olsa da, cavabdeh bu əsasdan çıxış edərək müqaviləni ləğv etmək niyyətində olduğunu öhdəliyin icrasından boyun qaçırmaq kimi qeyri-qanuni yollarla deyil, qanunla nəzərdə tutulmuş tədbirləri həyata keçirməklə (məsələn, iddiaçıya pretenziya göndərməklə) göstərə bilərdi. Lakin cavabdeh tərəfin özünün izahatı ilə müəyyən edilmişdir ki, o, müqavilənin ləğv edilməsi ilə bağlı qarşı tərəfə heç bir pretenziya ünvanlamamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, müqavilənin qüvvədə olması öz təsdiqini tapdığından, tərəflər də öz növbəsində müqavilə üzrə öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən, Cavabdeh 122,42 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-cı, 421-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 700-cü, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-15-ci, 23-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9-cu, 14.2-ci, 76-cı, 77.1-ci, 80-cı, 86-cı, 88-ci, 106-cı, 107-ci, 119.1-ci, 217-ci, 218-ci, 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözügedən torpaq sahəsi üzərində icarə hüquqlarını tam olaraq həyata keçirə bilmir, buna səbəb isə həmin torpağa və digər əmlaklara dair uzun müddətdir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində gedən cinayət işinin yaratdığı əngəllərdir. Məhkəmə bu halı icarəçi olaraq onun qanuni mənafelərinin pozuntusu olaraq nəzərə almamışdır. İcarə müqaviləsində icarə haqqının hansı hallarda ödənilməməsinin üzürlü sayılması və mümkünlüyü barədə fors major halların olub-olmaması məhkəmə tərəfindən araşdırılmamış və buna dair hüquqi münasibət bildirilməmişdir. Məhkəmə tərəflər arasında barışıq əldə edilməsinə dair öz təkliflərini verməmiş, buna heç bir cəhd etmədən sadəcə dövlət qurumunun üstün mövqeyinə uyğun formal sənədlər əsasında işə baxıb qərar vermişdir. Məhkəmə iddiaçının iddia tələbini məhkəmə baxışı gedişatı zamanı artırılmasını qəbul etmişdir. Halbuki belə bir ərizə yalnız işin hazırlıq iclasında, məhkəmə baxışına qədər verilə bilərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İştirak etdiyi məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
14. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar; 14-cü maddəsinə əsasən icarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 65,30 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən cavabdehə satılmış, bundan sonra cavabdehin xx.xx.2022-ci il tarixdə həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin əmlakın yerləşdiyi ümumi sahəsi 123,5 kv.m olan torpaq sahəsi iki il müddətinə hər ay 617,50 manat (illik 7.410 manat) icarə haqqı ödəmək şərti ilə cavabdehə icarəyə verilmişdir. Cavabdehə məxsus olan həmin əmlak da daxil olduğu bir neçə əmlakın X6 tərəfindən verilmiş saxta etibarnamə əsasında satılması əsası üzrə xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi açılmışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2916/2022 nömrəli qərarı ilə həmin cinayət işi üzrə cinayət işinin predmetini təşkil edən əmlaklar üzərinə iş yekunlaşanadək həbs qoyulmuş (həmin qərar qanuni qüvvəsini almışdır) və xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxs müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işi çərçivəsində üzərinə həbs qoyulmuş əmlakdan həbsin götürülməsi ilə bağlı cavabdehin şikayəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(001)-79/2024 nömrəli qərarı ilə həbs götürülsə də, həmin qərardan verilmiş protest təmin edilmiş, qeyd edilən qərar ləğv edilmiş, şikayətin icraata götürülməsindən imtina edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə yalnız bir dəfə xx.xx.2022ci il tarixdə 864,50 manat məbləğində icarə haqqı ödəmişdir.
21. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə cavabdehin xx.xx.2024-cü il tarixə 10.806,25 manat məbləğində icarə haqqı borcunun yarandığına istinad edərək həmin məbləğin dövlət büdcəsinə ödənilməsini tələb edir. Cavabdeh isə müqavilənin mövcudluğunu, o cümlədən tələb edilən məbləği mübahisələndirmir. Cavabdehin arqumenti ona söykənir ki, torpaq sahəsinin yerləşdiyi mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulduğundan o, faktiki olaraq torpaq sahəsindən icarəçi kimi istifadə hüququndan məhrum olmuş və istifadə etmədiyi torpaq sahəsinə görə də icarə haqqı ödəməmişdir.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, müəyyən edilmiş icarə haqqını müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, ödənilməmiş icarə haqqı üzrə borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
23. Məhkəmə kollegiyası cavabdehin icarəçi kimi torpaqdan faktiki istifadə edə bilməməsi və müqavilənin fors-major hallar nəticəsində icrasının mümkün olmaması ilə bağlı arqumentinə münasibətə bildirir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış binasının üzərinə həbs tərəflər arasında icarə müqavilə bağlandıqdan sonra qoyulmuşdur. Həbs məhz cavabdehin mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş, bu məsələdə iddiaçının hər hansı məsuliyyəti yoxdur. Digər tərəfdən hazırki vəziyyət fors-major hal kimi qiymətləndirilə bilməz.
24. Hər bir halda tərəflər arasında qüvvədə olan icarə müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri olduğu halda cavabdehin hər hansı, xüsusilə də hazırki səbəblərdən icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə edə bilməməsi cavabehin icarə haqqını ödəməməsi və bununla da müqavilə şərtlərini pozması üçün əsas ola bilməz. Əks yanaşma müqavilə münasibətləri üzrə öhdəliklərin heçə sayılmasına gətirib çıxarar ki, bu da həmin hüquq institunun ümumilikdə mahiyyətinə ziddir.
25. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, cavabdeh qeyd etdiyi hallara istinad edərək, iddiaçıya müraciət edib aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilərdi. Həm Mülki Məcəllənin bu sahəni tənzimləyən müvafiq müddəalarında, həm də tərəflər arasında bağlanmış müqavilədə (7.2-ci bənd) belə hüquqi imkanlar nəzərdə tutulubdur. Lakin cavabdehin iddiaçıya belə bir məzmunda pretenziya məktubu göndərməsi, o cümlədən müqavilənin icrasından qeyd edilən səbəblərdən imtina etməsi barədə niyyətini bildirməsi müəyyən edilmir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və həmin ərizə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında sədrlik edən hakim tərəfindən elan edilərək, icraata qəbul edilmişdir. Başqa sözlə, bu məsələ ilə bağlı hər hansı prosessual pozuntuya yol verilməmiş və tələbin həcminin artırılması barədə ərizə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilmiş və icraata qəbul edilmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-c i, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1991/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.