Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5394/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-693/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 25500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin həmin pulu ondan aldığı andan dələduzluq yolu ilə öz əlinə keçirmək məqsədi güddüyündən barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 25500 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən cavabdeh pulu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmiş, pulu qaytarmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 693/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 25500 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehapellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçı ərizəsini aralarında bağlanmış borc müqaviləsi ilə əsaslandırsa da, məhkəmədə həmin müqavilə bağlanan zaman pul vermədiyini, müqavilənin ondan X6 yerləşən mağazanı 25500 manata alması ilə bağlı sonradan rəsmiləşdirildiyini göstərmişdir. Həmin mağaza iddiaçıya təhvil verilmiş, onun öz təqsiri səbəbindən tərəflər arasındakı münasibətlər baş tutmamış, nəticədə biznes uğursuzluğu baş vermişdir. O, iddiaçıya dəyən ziyanla bağlı ödəniş edəcəyəni bildirmişdir. Aralarında hər hansı borc münasibətləri olmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, X5 (borc verən) Cavabdeh (borc alan) 25500 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermiş, borc alan krediti xx xxxxxx 2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsaslanaraq cavabdehdən 25500 manat məbləğində pulunu tələb etmişdir. Cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinə izahatında qeyd etmişdir ki, həqiqətən iddiaçı və cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır, cavabdeh iddiaçıya 25500 manat məbləğində pul borcludur, cavabdeh uzun müddətdir ki, xəstədir və bu səbəbdən də pulu qaytara bilməmişdir və yaxın vaxtlarda ödəyəcəkdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Cavabdeh iddiaçıdan müqavilə bağlanarkən 25500 manat almadığına əsaslanır, hansı ki, iddiaçı da müqavilə bağlanarkən həmin pulun verildiyini iddia etmir, belə ki, iddiaçı birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, cavabdehdən “X3” yerləşən mağazanı 25500 manata almış, lakin sonradan ona məlum olmuşdur ki, mağaza cavabdehə məxsus deyil, buna görə də həmin pulun ödənilməsi məqsədilə kredit müqaviləsi bağlanmışdır, məhkəmədə cavabdeh tərəfdə borcun olduğunu etiraf etmişdir. Göründüyü kimi müqavilə də bu borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılması üçün bağlanmış müqavilədir. Beləliklə, kredit müqaviləsi mövcud borcun cavabdeh tərəfindən etiraf edilməsi və həmin öhdəliyin icra müddətini ehtiva etmişdir ki, məhkəmə də haqlı olaraq cavabdehin həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh məhkəmə iddianı qəbul etmiş, borcunun olduğunu yaxın zamanlarda qaytaracağını bildirmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülən mülahizələr yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-693/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5394/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5394/2020
20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver