Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5395/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iş üzrə QƏRARİ (Açar sözlər:alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sarıyev Xəyal Əjdər oğlu, (sədrlik edən və məruzəçi) Cəfərov Namiq Şamil oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, cavabdeh X3 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(007)-1135/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli rəsmi nikah Bakı şəhər Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(007)-506/2018 saylı qətnaməsi əsasında pozulmuşdur.
2. Qeyd olunan qətnaməyə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və uşaqların yetkinlik yaşına çatana qədər Cavabdeh iki uşağa görə hər ay 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)-669/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda uşaqların 8-9 yaşları var və onların saxlanması üçün ayrılmış aliment uşaqların sağlam böyüməsi üçün olan ehtiyacları ödəmir. Hesab edir ki, valideynlər uşaqların sağlam böyüməsi üçün onların digər xərclərini ödəməyə borcludurlar. Qeyd edir ki, hal-hazırda uşaqların tələbatını nəzərə alsaq cavabdehin ödədiyi məbləğ uşaqların heç bir tələbatını ödəmir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1135/2022 saylı iş üzrə 04 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilərək, Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2(007)- 669/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Abbaszadə Raul Rafiq oğlunun və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması, alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddianı təmin edərkən yetkinlik yaşına çatmamış uşaqların mənafeyini nəzərə almışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 75.1, 78.1, 78.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun rəsmi iş yerinin olduğunu və əmək haqqı aldığını, başqa iş yeri olmadığını araşdırmamışdır. Əgər məhkəmə bu halı nəzərə alaraq, onun 300 manat əmək haqqı almasını və başqa gəlirinin olmadığını nəzərə alsaydı, qərar fərqli olardı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 12.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi:
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 15.Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 16.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi).
22. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. 23.Kollegiya qeyd edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən olunduğu halda, məhkəmə qətnaməsi ilə hər uşağa görə 154 manat alimentin tutulması hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir və bu uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. 24.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 25.Məhkəmə kollegiyası cavabdehin az əmək haqqı almasına münasibətdə hesab edir ki, az gəlir əldə etmək cavabdehi öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelllyasiya şikayəti təmin olunmamalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(007)- 1135/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xəyal Sarıyev
Hakimlər: Namiq Cəfərov
Emin Mehdiyev