Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5396/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh və onun vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 5500 ABŞ dolları məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2015-ci ildə tanış olmuşdur. Belə ki, Rauf 8-ci km bazarda alver edirdi.Onun qonşusu ondan mal alıb satırdı.Raufun maşını olduğu üçün onlar birlikdə "Binə" ticarət mərkəzinə hər gün gələrək satmaq məqsədi ilə mal alırdılar. Belə ki, Raufun qonşusu onun müştəri olduğu üçün cavabdehlə aralarında tanışlıq yaranmışdır.Belə ki,Rauf da ondan yavaş-yavaş mal alıb satmağa başlamışdır.Hər dəfə gələndə ondan yarı nəğd, yarı isə nisyə şəklində mal alıb aparırdı. Bu minvalla Raufun ona borcu yarandı və bu borc tezliklə 1500-2000 manat həddinə gəlib çatdı. Bir gün Rauf ona gəlib dedi ki, özündən əlavə qardaşı və yeznəsi üçün də mal alır, çünku onlar onunla şərik işləyir.Buna görə ondan daha artıq mal istədi. O,cavabdehin bu istəyinə qarşı çıxmışvə bildirdi ki, sənə artıq mal verə bilməz. Ehtiyat edir. Rauf da ona dedi ki,qorxma. Onun şərikləri başqa adamlar deyil, öz qardaşı və öz yeznəsidir. Bildirdi ki, Rauf arada haqq-salam var, sonra bir problem olar. Özün də bilirsən ki, nə qədər borcum var. Mart ayına kimi borcları bağlanmalıdır. Doğrusu ona əlavə mal vermək istəməyib. Hər dəfə gələndə üz vururdu ki,əlavə mal ver,heç bir problem olmaz.Rauf özü Günəşlidə yaşayırdı. O isə Qaraçuxurda. Bir gün Rauf yenə ona dedi ki, biz qonşuyuq,burda nə qorxulu bir şey var. Raufun qardaşının qonşusu "Binə" bazarında onunla bir sırada işləyirdi.O, gedib qonşudan Raufun qardaşı haqqında soruşmuşdur. Qeyd edib ki, o qonşu X2rdaşı ilə qonşu binada yaşayırdı. O,dedi ki, Raufun qardaşının Xalqlar Dostluğunda binanın altında bir neçə maqazini var. İmkanlı olduğunu söylədi.O isə üzə düşdü və aradakı münasibəti nəzərə alıb ona əlavə mal vermək qərarına gəldi.Sonra Rauf gəlib qardaşı və yeznəsi üçün ondan əlavə mal nisyə götüründə razılaşdılar ki, Rauf bütün borcları mart ayının sonuna kimi ödəyəcək. Başqa söz ola bilməz. Rauf söz verdi,and içdi. Bundan sonra Raufun ona borcu 5000-6000 dollar həddinə gəlib çatdı.Yanvar-fevral ayları keçdi.Hər dəfə o, Raufla danışanda onu arxayınedirdi ki, razılığa əsasən mart ayının sonuna kimi bütün borcu ödəyəcək. Mart ayı gəlib çatdı. Ancaq Raufdan bir xəbər çıxmır və yanına da daha gəlib-getmir. O məcbur olub Raufun "8-ci km" bazarındakı iş yerinə getdi.Onunla borc qaytarmaq haqqında söhbət etmişdir. Bu dəfə də Rauf ona dedi ki,ağılına başqa fikir gəlməsin. “Pulları bacına vermişəm”.Bu yaxınlarda alıb borcunu bağlayacaq. Amma Rauf bu vədinə də əməl etmədi.Bundan sonra Raufla bir neçə dəfə fərqli yerlərdə görüşmüşdür. Ona demişdir ki,onda gəl onun satılmayan mallarını qaytar. Ancaq Rauf yenə də and içdi ki,buna ehtiyac yoxdur.O, bütün malların pullarını verəcək. O, bir Raufu Günəşliyə görüşə çağırmış, həmin görüşdə onun özünün də borclu olduğu adam da iştirak edirdi.Rauf onun borclu olduğunu yaxşı bilirdi.Onlar, üçüdə birlikdə borc haqqında söhbət etmiş və niyə belə edirsən, sözünün arxasından qaçırsan?.Rauf dedi ki,bu qədər gözləmisiniz,indi biraz da gözləyin. Pullar bacısındadır. “Tezliklə alıb verəcəm”. Bildirdi ki,Rauf neçə aydır ki,söz verirsən ki,biraz da gözlə,amma bu sözlərinə əməl etmirsən.Axı özün bildiyin kimi borcu var,onu verməlidir. Bu dəfə də, Rauf adəti üzrə yenə and içdi ki,tezliklə borcunu ödəyəcək. O, həmin vaxt Raufa dedi ki,gəl səndə qalan mallarını qaytar və onları qalıq mal kimi ucuz qiymətə sataraq və borcundan silinsin.Həm də bu yolla öz borcundan da ödəyin.Ancaq Rauf yenə onu aldatdı. Aylar,fəsillər keçdi,amma o, ondan nə mal,nə də pul ala bildi.Sonra o xəbər tutdu ki, ondan başqa Raufa nisyə mal verənlər gəlib ondan öz mallarını yığıb aparıblar.Raufla onlar arasında böyük söz-söhbət olub.Ancaq o bunu Raufa deməmişdir. 2016-ci ilin oktyabr ayında Rauf onun arenda işlədiyi maqazinə gəldi.Və borclu ola-ola yenə ondan borca mal istədi, dedi ki,borcun hələ bəs deyil,sən yenə borca mal istəyirsən. Dedi ki,axşam Günəşlidə görüşüb söhbət edərik. Günəşlidə yenə görüşdük.Bu dəfə də o ondan borcumu istəmiş, həmin vaxt Raufun Mercedes markalı maşını var idi.Rauf dedi ki,əgər bacısıonun pulunu gecikdirsə,o zaman bu maşını satıb borcunu verəcək.Ertəsi gün Rauf bazara gəldi və ondan 1638 dollar dəyərində nisyə mal götürdü və onun borcu 5500 dollar oldu.Halbuki o,çox miqdarda mal istəyirdi. O özü ona az mal vermişdir. Bu dəfə belə şərt kəsdik ki,Rauf hər həftə ona 400 manat verəcək.Bu razılığın üstündən bir həftə keçdi.Raufu gözləyirdi ki,gətirib ona 400 manat verəcəm.Amma o gəlmədi. Zəng vurdu ki, nömrəsi bağlı idi. Ertəsi gün o, Raufun işlədiyi "8-ci km" bazarına getmiş, qonşuları dedi ki, Rauf bazardan qaçıb.Bu dəfə o, onun qardaşına başqa nömrə ilə zəng vurmuş, ona Raufla aralarında olan borc məsələsini demiş, ona kömək et ki,o ya borcunu versin,ya da malları qeri qaytarsın. O da bu məsələyə boyun olmaqdan imtina etdi.Sonra Raufun ikinci şəriki olan yeznəsi ilə görüşmüş, o da boyun qaçırmüşdır. Onun öz borclu olduğu adam qəfildən xəstəliyə düşdü. Ona olan borcunu tez müddətdə qaytarmaq məcburiyyətində olmuşdur. Əlində nəğd şəkildə pul olmadığından başqa-başqa insanlardan kredit şəklində pul alıb həmin adamın borcunu qaytarmışdır.Bu işdə 10000 dollarlıq ziyan etmişdir. Bir daha qeyd edir ki,bu borcu vaxtında qaytara bilməməyinə və sonda bu qədər ziyanlığa düşməyinin əsas səbəbkarı məhz Rauf oldu.İki il yarım müddətdə Raufla birbaşa əlaqə qura bilməmişdir.Sonda o, məcbur olub xx.xx.2019-ci il tarixində 102 qaynar xəttinə müraciət etmişdir.Onlar da işi Qaradağ rayonu Polis İdarəsinin 10-cu polis bölməsinə həvalə etdilər.25 gündən sonra polis bölməsi zəng vurub onu idarəyə çağırmışlar.O, polis idarəsində Raufla görüşmüş, Rauf həmin vaxt ona olan 5500 dollarlıq borcunu etiraf etmişdir.Uzun mübahisədən sonra Rauf polisin vasitəsilə ona hər ay 150 manat verməyi təklif etdi.Ancaq o, bu qədər ödənişlə onun borcunun nə vaxt qurtaracağını hesabladıqdan və bunun uzun müddət alacağını nəzərə alıb Raufun bu təklifi ilə razılaşmamışdır.Halhazrırda o məcburi köçkünlər binasında yaşayır.Özü də Ağdam rayonu məcburi köçkünüdür. Yəni həmin ev onun mülkiyyəti deyil.Özü də 6 nəfərlik ailəni dolandırmaq məcburiyyətindədir.Ana yaşlaşıb və ona baxır. Həyat yoldaşı da xəstədir. Həddən artıq borcu var. Bu borcu ödəməyə heç bir imkanının olmadığını bildirir. Yuxarıda qeyd etdiyi kimi onun şikayəti əsasında Qaradağ rayonu 10-cu polis bölməsinə araşdırma aparıldı və Cavabdeh polis bölməsində verdiyi izahatında ona borclu olduğunu etiraf etdi. O, hazırki iddia ərizəsinə əlavə etmək məqsədi ilə təhqiqatçıdan araşdırma materiallarının və Cavabdeh izahatının kserosurətini tələb etdikdə təhqiqatçı ona bildirmişdir ki, həmin sənədlər yalnız məhkəmənin sorğusu əsasında verilə bilər. Bu səbəblədə o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, o iddiaçı ilə 2015-ci ildən başlayaraq qarşılıqlı razılaşma əsasında hesablaşmanın nisyə formasında mal alqı-satqısı aparmışlar. Hər dəfə mal aldıqda əvvəlki mallardan satılmış hissəsini Vaqifə ödəməklə əlavə mal alır və fəaliyyətlərini bu qaydada davam etdirmişlər. Aralarında olan etibar və etimada əsasən Vaqif hər dəfə ona mal verərkən özündə müəyyən qeydlər aparmış və ona bu barədə bildirmişdir. Onların arasında olan mal dövrüyyəsi bir qayda olaraq manatla aparılırdı. O da Vaqifdən aldığı malları kiməsə nisyə verirdi və həmin nsiyələri yığıb Vaqifə olan borcunu ödəyirdi. Lakin arada müəyyən çətinliklərin yaranması, malların alqı-satqısının ləng getməsi, nisyə verilən malların pullarının vaxtında yığılmaması və bəzi bazar qaydalarının işə mənfi təsiri onun borclarının yaranmasına səbəb olmuşdur. Onun iddiaçıdan aldığı malların dəyəri heç vaxt ABŞ dolları ilə hesablanmamışdır. İddiaçının özündə apardığı hesabat onun iddiaçıya olan borcunu tam düzgün şəkildə əks etdirmir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək bildirmişlər ki, cavabdeh polis bölməsində borcunun olduğunu etiraf etsə də izahatının mahiyyətini başa düşməmiş, əsalində onun borcu manatla olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olamadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxxx 2019 cu il tarixli Qaradağ rayon Polis idarəsinin 10 –cu polis bölməsinin 070-13176-1219 saylı məktubuna əlavə edilmiş Cavabdeh izahatından görünür ki, onun İddiaçı 5500 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü, yəni cavabdehin iddiaçıya borcu olduğunu sübuta yetirmək bilavasitə iddiaçının üzərinə düşmüşdür. Məhkəməyə başqa mötəbər sübut təqdim edilməsə də, kollegiya qeyd etməyi zəruri hesab edir ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh polis orqanına verdiyi izahatında onun İddiaçı 5500 ABŞ dolları borcu olduğunu etiraf etməsi, onun iddiaçıya borcunun yarandığı və onu geri qaytarmamış olması nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunmalıdır ki, iddiaçıdan aldığını etiraf etdiyi borcun ABŞ dolları ilə deyil manatla olduğunu sübut etmək yükü cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə sübut olunmalıdır; o isə aldığını etiraf etdiyi borcun manatla olduğuna dair məhkəməyə heç bir sübut verməmişdir. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının tələbini cavabdehin etiraf etdiyi həcmində təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4960/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5396/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5396/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver