Məhkəmə qərarları › İş №2(103)-5396/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5396/2023

22.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5396/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 2 uşağın – xx.xx.2012-ci il təvəllüdlü X3i və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-1431/2020 nömrəli qətnaməsi ilə atadan (cavabdehdən) ananın (iddiaçının) xeyrinə tutulan alimentin miqdarı (hər ay hər uşaq üçün 170 manat) artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı 2020-ci ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq alimentin miqdarını artırmışdır. Artırılmış alimentin miqdarının hər ay hər uşaq üçün 220 manat müəyyən edilməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Uşaqların atası əmək qabiliyyətlidir, əlilliyi və ya işləməsinə mane olan xəstəliyi yoxdur, münasib qazanc əldə etmək və uşaqların hər biri üçün hər ay 220 manat alimenti ödəmək iqtidarındadır. Beləliklə, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar