Məhkəmə qərarları › İş №2(103)-5396/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5396/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5396/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və üçüncü şəxs ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(077)-170/2020 saylı və xx.xx.2021-ci il tarixli, 2(077)-336/2021 saylı qətnamələrinə əsasən 1xx/xx/108233/15 saylı, xx.xx.2015-ci il tarixli və 1xx/xx/104841/15 saylı, xx.xx.2015-ci il tarixli “Kredit müqavilələri” üzrə onun kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh olaraq hazırkı iş üzrə iddiaçıya qarşı 1xx/xx/108233/15 saylı, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-1007/2021 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh olaraq hazırkı iş üzrə iddiaçıya qarşı tərəflər arasında bağlanmış 1xx/xx/104841/15 saylı, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə isə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-606/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən cavabdeh Fonda rəsmi müraciət edilərək Şuşa Rayon Məhkəməsinin həmin qətnamələrinə əsasən qeyd edilən “Kredit müqavilələri” üzrə kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi (və ya kredit borcunun olması barədə məlumatların müvafiq sistemdən silinməsi) xahiş edilmişdir. Qeyd olunan müraciətə cavab olaraq cavabdeh Fondun **********787 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə həmin qətnamələr ilə Fondun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmaması bildirilmişdir. Hazırda Azərbaycan Kredit Bürosunun məlumat bazasında iddiaçının yuxarıda qeyd edilən hər 2 “Kredit müqavilələri” üzrə ödənilməmiş kredit borclarının olması barədə məlumatlar mövcuddur və bu məlumatların olması iddiaçının yenidən kredit götürmək hüququnu və digər hüquqlarını məhdudlaşdırır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Rayon Məhkəməsi iddia tələbinin ləğv prosesində olan QSC “Bank Standard” KB-nin maraqlarına toxuna biləcəyini nəzərə alaraq Bankı üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir.

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bankın iddiaçıya qarşı kredit müqavilələri üzrə yaranmış borcun qaytarılması barədə iddia tələbləri iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir. İddia müddətinin keçməsi öhdəliyin xitamı üçün əsas olmadığından hazırkı iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. c) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.

9. Cavabdeh Fond işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə onların iştirakı olmadan baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

10. Üçüncü şəxs olan Bankın nümayəndəsi Təhminə Mahmudova apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

12. Belə ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-170/20 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə üçüncü şəxs olan Bank hazırkı iş üzrə iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddiaçıdan onun xeyrinə, onların arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/108233/15 saylı “Kredit müqaviləsi” üzrə cəmi 6.145,79 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Həmin iddiaya dair işə baxmış Şuşa Rayon Məhkəməsi iddia tələbini, iddia müddətinin keçməsi əsası ilə rədd etmişdir.

13. Bankın həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (iş № 2(105)-1007/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

14. Şuşa Rayon Məhkəməsinin 2(077)-336/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, hazırkı iş üzrə üçüncü şəxs olan Bank hazırkı iş üzrə iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddiaçıdan onun xeyrinə, onların arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 1xx/xx/104841/15 saylı “Kredit müqaviləsi” üzrə cəmi 6.523,59 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Həmin iddiaya dair işə baxmış Şuşa Rayon Məhkəməsi iddia tələbini, iddia müddətinin keçməsi əsası ilə rədd etmişdir.

15. Bankın həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (iş № 2(105)-606/2022) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

16. İşdə olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə iddiaçının Banka olan əsas kredit borcu 2.665,90 manat, əsas kredit borcuna hesablanmış faiz borcu 2.592,33 manat, öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimə borcu 1.382,19 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 807 manat məbləğindədir.

17. İşdə olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayışından” görünür ki, Bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə iddiaçının Banka olan əsas kredit borcu 2.523,53 manat, əsas kredit borcuna hesablanmış faiz borcu 1.748,55 manat, öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimə borcu 2.489,69 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 909 manat məbləğindədir.

18. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə Bank arasında bağlanmış və yuxarıda qeyd edilən hər iki “Kredit müqavilələri” üzrə yaranmış borc iddiaçı tərəfindən Banka ödənilməmişdir. Bank, hər iki müqavilə üzrə borcun tutulması ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etsə də, Bankın iddiası iddia müddətinin keçməsi əsası ilə təmin edilməmişdir.

19. Hazırda iddiaçı kredit borcunun olmaması barədə məlumatın Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdeh Fondun üzərinə qoyulmasını tələb edir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” xx.xx.2020-ci il tarixli Qərarı).

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, ...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.

22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iddia müddətinin keçməsi öhdəliyin xitamı üçün əsas olmur.

23. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbini eyni əsasla təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır. f) apellyasiyanın nəticəsi

24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabdeh Fond və üçüncü şəxs olan Bank hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər.

28. İddiaçının isə apellyasiya şikayəti təmin edilmədiyi üçün o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Buna görə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu və iş üzrə üçüncü şəxs olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar