Məhkəmə qərarları › İş №2(103)-5398/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5398/2020

22.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5398/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-601/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə hər ay uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Xətai rayon Məhkəməsinin fevral 2019-cü il tarixli 2 (011)-2081/2019 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanilması üçün X3 xeyrinə hər ay 154 (yüz əlli dörd ) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bildirmək istəyir ki, indiki iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödədiyi l54 manat aliment yetərincə deyildir. Hal hazırda iqtisadi çətinliklər dövründə uşağa sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.Cavadehin maddi imkanı yaxşıdır.Uşağının saxlanılması üçün hər ay 200 manat və məktəb xərclərinə və həmçinin özünün əməliyyat olunuması üçün çəkdiyi xərclərə görə hər ay 400 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-601/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli 2(011)-2081/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh qətnamə qanunu qüvvəsini aldığı vaxtdan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli 2 (011)-2081/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilməsi, ödənilməmiş 20 manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, uşağın artıq 7 yaşı var, körpə deyil ki, dayə pulu tutulsun. Alimentin artırılmasının heç bir səbəbi və əsası göstərilməmişdir. Həmin məbləği ödəmək imkanı yoxdur. O, Əsədova (Nağıyeva) Fidan Mahir qızı ilə ailə həyatı qurmuş və bu xx.xx.2019-cu il tarixli nikah şəhadətnaməsi ilə qeydə alınmışdır. Həyat yoldaşı hazırda hamilədir və onun hazırki maddi vəziyəti gələcək körpəyə, hamilə yoldaşına çox çətinliklə çatır. Onsuz da köhnədən müəyyən olunmuş məbləği (154 manat) borc-xərc ödəyir və əlavə artımı ödəmək onu birdəfəlik məhv etmək deməkdir. Ülviyyə bütün bunları qəsdən edir və onu daha pis vəziyyətə salmaq üçün edir. Halbuki, özü işləyir və yaxşı maaş alır. O, uşağın saxlanması üçün müəyyənləşdirilmiş məbləğin hamsının ona aid edilməsini o vaxt mübahisələndirməmişdir. Halbuki, həmin məbləğ iki valideyn arasında bölünməli uşağa baxma xərci ümumidən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın saxlanılması vəzifəsinin hər iki valideynin borcu olduğunu, hazırda ölkə ərazisində pandemiya olduğu üçün daimi olaraq heç bir yerdə işləmədiyini nəzərə alaraq onun 200 manat məbləğində aliment ödəməsi real deyil. Hazırda komputer təmiri ilə məşğuldur və aylıq qazancı 300-400 manat təşkil edir. Əsədova (Nağıyeva) Fidan Mahir qızı ilə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2020-ci il tarixdə Kərəm adlı övladı dünyaya gəlmişdir. O, övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və hazırkı aliment məbləğinin 170 manat müəyyən edilməsi ilə razıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı X7 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın aliment məbləğinin artırılmasının təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə Cavabdehmübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-601/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ №128041 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası X7 qeyd olunmuşdur. Doğulduğu yer Bakı şəhəridir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cü il tarixli 2 (011)-2081/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanilması üçün X3 xeyrinə hər ay 154 (yüz əlli dörd ) manat sabit pul məbləğində aliment tutulması qət etmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş “nikah haqqında” Şəhadətnamənin surətindən görünür ki, Nağıyev X4 (Nağıyeva) Fidan Mahir qızı ilə xx.xx.2019-cu il tarixdə nikaha girmiş və nikah qeydləri 1274 №ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş AZ-İV № 449219 saylı “doğum haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X8 atası Cavabdeh anası X6r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İş materiallarından müəyyən olunur ki, Nağıyev X4 (Nağıyeva) Fidan Mahir qızı ilə rəsmi nikaha girmiş və həmin nikahdan xx.xx.2020-ci il tarixdə X8 dünyaya gəlmişdir. Göründüyü kimi hazırki iş üzrə cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş və Cavabdeh hazırda qətnamə ilə müəyyən edilmiş məbləğin 170 manat tutulmasına razıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində müəyyənləşdirilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-601/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək 170 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-601/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək 170 manat məbləğində müəyyən edilisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar