Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5398/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə üzrə ödəniləcək məbləğdən azad edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2134/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “müqavilə üzrə ödəniləcək məbləğdən azad edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC tərəfindən ona satılan iPhone 11 128GB model mobil telefonun satış məbləğinin azaldılaraq (İMEİ/MEİD **********78281) iddia ilə məhkəməyə müraciət edilən tarixə telefonun qalıq kredit məbləğinin ödənilməsindən azad edilməsi və 15000 (on beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh "xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.03.2020-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC məxsus Kontakt Home 30 mağazasından 06.03.2020-ci il tarixdə kreditlə iPhone 11 128GB model mobil telefon (İMEİ/MEİD **********78281) almışdır. Ümumi məbləğ 2693.8 manat təşkil etmişdir. Mobil telefon alındıqdan sonra həmin mağazda pulunu ödədiyi telefon quraşdırma xidməti tərəfindən üz tanıma funksiyasından istifadə etməklə telefon onun üzünü çəkmələ kodlaşdırılmışdır. Lakin telefon evdə olarkən qızı tərəfindən telefonun kodu açılmışdır. O, bunun kifayət qədər bahalı olan telefonda bunun mümkün olmadığını düşünmüş, qızından telefonun kodunun necə açdığını soruşmuşdur. Məlum olmuşdur ki baxmayaraq ki telefon mağazada xüsusi onun üzü üçün kodlaşdırılmış, bunun üçün əlavə ximət haqqı da alınmış, telefon həm onun, həm də qızının üzünü tanıyaraq kodu açılmışdır. Bununla əlaqədar cavabdeh və satıcı mağazaya müraciət edilsə də, özlərinə arxayınlıqla təqdim edilən ərizələrdə göstərilən halların onlar üçün əhəmiyyətsiz olması səbəbindən münasibət belə bildirməmişlər. O, aptekdə satıcı işləyir, lakin əmək haqqısı və gəlirləri buna imkan vermədiyindən qeyd edilən modeli almağa imkan verməmişdir. Lakin telefona olan marağı və modeli telefondan almaq arzusu ona bu telefona onun tərəfidən təqdim edilən şərtlər daxilində almağa şərait yaratmışdır. Lakin bu qədər bahalı model telefonda belə bir qüsurun çıxması, telefonun təhlükəsizlik sisteminə inamı azaltmış, yaranmış vəziyyət və iddiaçı tərəfindən yaranan problemə biganə yanaşması onu məyus etmişdir. Telefonun geri qaytarılmasının mümkün olmaması və belə bir qüsuru olan telefona görə hər ay bu qədər pul ödənməsi həm maddi həm də mənəvi ziyan vurmuşdur. Araşdırma zamanı bu marka telefonların funksiyalarında yaranmış belə bir qüsurların mövcudluğu aşkar edilmiş və şirkətlər tərəfindən vurulan ziyanların ödənilməsi təmin edilmşdir. Lakin cavabdeh şirkətin çox güman ki, bunlardan xəbəri olmadığından yalnız bahalı telefonun satışı ilə məşğul olduqlarından satılan mallara görə cavabdeh olmalı olduqlarını unutmuşlar. Ona görə də məhkəmənin məsələyə dair ədalətli qərar qəbul etməsi üçün iddia verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2134/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, üz tanıma funksiyasının işləməməsi ilə bağlı məhkəmənin rəsmi internet səhifəsinə video görüntü təqdim edilsə də, bundan başqa hazırkı problemlə əlaqədar iddia ərizəsinə elektron ünvanlar göndərilsə də məhkəmə tərəfindən bunların heç biri araşdırılmamış, nəticədə guya iddianın əsaslandırılmaması nəticəsinə gəlmişdir. Məhkəmə cavabdehin şifahi izahatına əsaslanaraq guya cavabdehə müraciət edilməliydi qənaətinə gəlmiş, lakin tərəfındən dəfələrlə cavabdehin satış mağazasının servisinə müraciət edildiyi, buna cavab olaraq bu xarakterli qüsurlara görə cavabdeh deyilik bəhanəsi ilə telefona baxılmadığı, olan qüsura dair hər hansı arayış verilmədiyi bildirilmişdir. Bundan başqa iddia verilməmişdən əvvəl cavabdehin ünvanına rəsmi ərizə ilə müraciət edilmiş buna dair poçt qəbzi də məhkəmə iclasında təqdim edilmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə əsassız olaraq bildirir ki, qüsurla əlaqədar heç bir müraciət edilməmişdir. Bundan başqa məhkəmə əsassız olaraq bildirir ki, guya qüsurun olması barədə 11 ay sonra müraciət edilmişdir. Birincisi, telefon kredit müddətində zəmanətlidir, həmin müddətdə istənilən vaxt müraciət edə bilərəm. İkincisi telefon alanda bir bir ailə üzvlərinin üzünə tutulmalı deyildir ki, bu funksiya işləyir ya yox. Üçüncüsü bu funksiyanın işləməməsi təsadüf nəticəsində üzə çıxmışdır. Telefon alarkən bu funskiyanm etibarlı olmaması barədə, telefonun təhlükəsizlik sisteminə cavabdehin məsuliyyət daşımayacağı barədə də hər hansı yazılı və şifahi qeydlər yoxdur. Lakin bütün bunlara hüquqi qiymət verilməsi əvəzinə məhkəməyə daha nə sübut lazımdır başa düşülən deyildir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apelyasiya şikayətinin müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 06.03.2020-ci il tarixli müqaviləyə əlavənin surətindən görünür ki, İddiaçı 2252.60 manata İphone 11 128GB, 421.20 manata Apple Airpods 2 almış, 20 manata quraşdırılma xidməti göstərilməklə, həmin mallara görə ümumlikdə 2693.80 manatı 18 ay müddətinə ayda 147.60 manat olmaqla (ilkin ödəniş 37 manat) ödəməyi öhdəsinə götürmüşdür. 06.03.2020-ci il tarixli zəmanət talonundan görünür ki, İddiaçı aldığı İphone 11 128GB telefon modelinə “xxxx” MMC tərəfindən 1 il müddətinə zəmanət verilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəfindən ona satılmış (nisyə alqı-satqı müqaviləsinə əsasən) İphone 11 128GB markalı telefonda yaranmış qüsurun zavod (istehsalçı) qüsuru olması və ümumiyyətlə iddiaçı tərəfindən əldə edilmiş telefonda iddia olunan qüsurların olması barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin məcəllənin 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin məcəllənin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilməsini; alış qiyməti mütənasib surətdə azaldılsını; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsını; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 624.3-cü maddəsinin tələblərinə görə malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Həmin məcəllənin 624.4-cü maddəsinin tələblərinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan mobil telefonda istehsalçının təqsiri üzündən əmələ gələn və ümumiyyətlə qüsurların olmasına dair sübutlar kollegiyaya təqdim edilməmişdir. Bundan başqa kolleqiya qeyd edir ki, iş materialları ilə iddiaçı tərəfindən mobil telefonda olan qüsurların aradan qaldırılması üçün zəmanət şərtlərinə uyğun olaraq, cavabdehə müraciət etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2134/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5398/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5398/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver