Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5399/2024 30.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e- 2(006)-2238/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, cavabdeh dayanacaq fəaliyyəti ilə məşğuldur və iddiaçıdan qeyri-qanuni olaraq 100 manat vəsaitini almışdır. Hazırda iddiaçı ondan qanunvericiliklə nəzərdə tutulan məbləğdən daha çox pul alındığını iddia edərək, bununla ona maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinə iddia icraatı qaydasında baxılaraq, cavabdehin nümayəndəsi üzrsüz səbəbdən məhkəmə iclaslarında iştirak etməzsə belə təqdim etdiyi məlumatlar nəticəsində 100 AZN qəbzlər üzrə naməlum ödəniş, məhkəmə xərcləri olan dövlət rüsumu 30 AZN ona dəymiş maddi ziyana və 870 AZN mənəvi ziyana, ümumilikdə 1000 AZN məbləğində dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xaricdən əldə etdiyi «Toyota» markalı nəqliyyat vasitəsi daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirilib və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü tarixində müvafiq orqana təqdim edilmişdir. Bu tarixdən öncə yolunu gözlədiyi nəqliyyat vasitəsinin gəlib gəlməməsinə görə gömrük ərazisindəki dayanacaqlara arabir baş çəkib baxırdı. Dayanacaqları ziyarət etdiyi vaxtlar oranın işçiləri ilə ünsiyyətdə olurdu və dayanacaq ətrafında göstərilən xidmətlərə dair informasiya lövhəciyi olmadığı üçün işçilərdən əraziyə aid rüsumları soruşmuşdu. Cavabında günü 10 AZN olduğu bildirilmişdi və eyni qiyməti mediada şikayətçi vətəndaşlardan da eşitmişdi. Buna görə vaxtı çatanda xərclərini əvvəlcədən hesablayıb gömrük və DYP işlərini bitirib dayanacağa yaxınlaşmışdır. xx.xx.2023-cü il tarixində təxminən 15:30 radələrində dayanacaqda ödəniş edib ərazini tərk etmək zamanı çatmışdı. Dayanacağın xəzinədarı gözlədiyi kimi ona 6 gün üçün 60 AZN bildirdikdən sonra ona gözlənilməz əlavə 100 AZN məbləği ödəməli olduğunu bildirmişdi. Xəzinədara bu ödənişi hansı xidmətin müqabilində ödəməli olduğunu soruşanda isə cavabında bildirilmişdi ki, əlavə məlumatı dayanacağın ərazisində 4-cü otaq var orada ona izah edəcəklər. 4-cü otaqda konkret nəyə görə 100 AZN ödəməli olduğunu izah edə bilmədiklərinə görə xahiş etdi ki, qeyd edilən müəssisə ərizə yazısını qəbul etsin. Ərizə yazsa da belə əlavə 100 AZN ödəməsə nəqliyyat vasitəsinin girov qalacağı bildirilmişdir. Buna baxmayaraq, ərizəsində ona məxsus məlumatları qeyd edib xahiş etdi ki, nəqliyyat vasitəsini girov saxlamasınlar və 100 AZN nəyə görə ödəməli olduğunu yazılı izah etsinlər, hüquqşünaslarla məsləhət etsin, sonra lazımsa ödəsin və ya münasibətlərinə məhkəmədə aydınlıq gətirsinlər. Buna baxmayaraq nəqliyyat vasitəsini girov saxlamağa qərar verdilər. Baş verən hala görə DİN 102 xidmətinə iki dəfə müraciət edib kömək istəmişdir. Bir müddət sonra yaxınları onu axtararaq gəlib məcbur 100 AZN ödəyib girovluqdan azad etdilər. Heç bir xidmət göstərmədən pul tələb etmək, tələb edilən ödəniş üçün rəsmi açıqlama verməmək, ərazi üzrə göstərilən xidmətlərə dair qiymət lövhəsi vurmamaq, ödənişin açıqlaması tələb edənin əmlakını girov götürmək hüququnun pozulmasıdır. Dayanacağın fəaliyyəti və qeyri-qanuni əməllərinə görə Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətlərə verilən cavablardan görünür ki, ondan əlavə 100 AZN alan qurum özünün gömrük orqanının bir üzvü kimi göstərsə də əslində adi dayanacaq xidməti göstərir. Bunu gömrük orqanı rəsmi cavabında göstərmişdir. Əmlakını girov saxlamaqla ondan məcbur 100 AZN vəsaitin almağını “rəsmiləşdirmə” kimi qələmə verir. Dayanacaq olaraq nəqliyyat vasitəsi dayanacağa girərkən qeydiyyata alıb gömrük və DYP rəsmiləşdirilməsi bitdikdən sonra tərk etmək istəyərkən dayanacağı tərk etmək saatı ilə dayanacağın 6 gün üçün rəsmiləşdirmə prosesi bitir və bu xidmətə görə 60 AZN ayrıca ödəmişdir. Məlum olduğu kimi cavabdeh üzərinə düşən öhdəlik üçün aldığı 60 AZN-dən əlavə iddiaçını 100 AZN ödəməyə məcbur edərək, 100 AZN məbləğində maddi və altı aydır ki, nə ona nə də ki rəsmi orqanlara açıqlama verməməklə mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(006)- 2238/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı ona maddi ziyan vurulması ilə bağlı hazırki iddia tələbi ilə müraciət etsə də, bunun üçün məhkəməyə hər hansı bir sübut təqdim etməli idi. İş materiallarından görünür ki, iddiaçı ondan 60 və 100 manat deyil daha az məbləğ alınmalı olmasını qeyd etsə də, həmin məbləğin əslində faktiki olaraq nə qədər təşkil etməli olması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı ödədiyi məbləğin ödənilməli olan məbləğdən artıq olmasını sübut edə bilməmişdir. İş materiallarında olan Gömrük İdarəsinin rəisi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub ilə terminaldakı ödənişlər ilə bağlı bildirilmişdir ki, həmin terminal Komitənin sisteminə daxil olan qurum deyil və göstərilən xidmətlərin növü, dəyəri sahibkarla terminal sahibi tərəfindən tənzimlənir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair (ziyan vurulması ilə bağlı) sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tələbin mənəvi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, bu ziyan maddi ziyanla əlaqələndirildiyindən və maddi ziyanla bağlı tələbin əsaslı olması müəyyən olunmadığından iddia mənəvi ziyana münasibətdə də əsassız sayılır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı olaraq onun Cavabdeh MMC-yə qarşı istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını tanımayaraq zərərin ödənilməsi barədə iddia tələbini təmin edilməmişdir. Hazırki iş üzrə mübahisənin məzmunu ondan ibarətdir ki, xaricdən əldə etdiyi nəqliyyat vasitəsi daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirilib və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü il tarixində müvafiq orqana təqdim edilib. xx.xx.2023-cü il tarixində təxminən 15:30 radələrində dayanacaqda ödəniş edib ərazini tərk etmək zamanı çatdı. Dayanacağın xəzinədarı gözlədiyi kimi ona 6 gün üçün 60 AZN bildirdikdən sonra ona gözlənilməz əlavə 100 AZN məbləği ödəməli olduğunu bildirdi. Xəzinədara bu ödənişi hansı xidmətin müqabilində ödəməli olduğunu soruşdu. Cavabında bildirildi ki, əlavə məlumatı dayanacağın ərazisində 4-cü otaq var orada izah edəcəklər. 4-cü otaqda konkret nəyə görə 100AZN ödəməli olduğunu izah edə bilmədiklərinə görə xahiş etdi ki, qeyd edilən müəssisə ərizə yazsın qəbul etsin. Ərizə yazsa da belə əlavə 100AZN ödəməsə nəqliyyat vasitəsini girov qalacağı bildirildi. Buna baxmayaraq ərizədə ona məxsus məlumatları qeyd edib xahiş etdi nəqliyyat vasitəmi girov saxlamasınlar və 100AZN nəyə görə ödəməli olduğunu yazılı izah etsinlər, hüquqşünaslarla məsləhət etsin sonra lazımsa ödəsin və ya münasibətlərə məhkəmədə aydınlıq gətirilsin. Heç nəyə baxmayaraq nəqliyyat vasitəsini girov saxlamağa qərar verdilər. Baş verən hala görə DİN 102 xidmətinə iki dəfə müraciət edib kömək istədi. Bir müddət sonra yaxınları onu axtararaq gəlib məcbur 100AZN ödəyib girovluqdan azad etdilər. Heç bir xidmət göstərmədən pul tələb etmək, tələb edilən ödəniş üçün rəsmi açıqlama verməmək, ərazi üzrə göstərilən xidmətlərə dair qiymət lövhəsi vurmamaq, ödənişin açıqlaması tələb edənin əmlakını girov götürmək istehlakçı hüququnun pozulmasıdır. Dayanacağın fəaliyyəti və qeyri-qanuni əməllərinə görə Daxili İşlər Nazirliyinə və lqtisadiyyat Nazirliyi yanında Antinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə müraciət etdi. Müraciətlərə verilən cavablardan görünür ki, ondan əlavə 100 AZN alan qurum özünün gömrük orqanının bir üzvü kimi göstərsə də əslində adi dayanacaq xidməti göstərir. Bunu gömrük orqanı rəsmi cavabında göstərmişdir. Əmlakını girov saxlamaqla ondan məcbur 100AZN vəsaitin almağını “rəsmiləşdirmə” kimi şifahi qələmə verir ancaq hec kimə rəsmi cavab verməyib. Məlum olduğu kimi cavabdeh dayancaq kimi aldığı 60 AZN-dən əlavə onu 100AZN ödəməyə məcbur edərək nə də rəsmi orqanlara açıqlama verməməklə ziyan vurmuşdur. Əmlakını girov saxlamaqla birlikdə onu qeyd edilən dayanacaqda qalmağa məcbur etdiklərinə görə Daxili İşlər Nazirliyinə müraciət etsə də polis nəfərləri bu dayanacağa gəlib əməli iş görə bilmədilər nə də ki barələrində heç bir araşdırma aparmadılar. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Belə ki, lqtisadiyyat Nazirliyi yanında Antinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidməti ona ünvanladığı cavab məktubunda hadisənin qeyd etdiyi kimi baş verdiyi etiraf olunur, inkar olunmur, nə ona nə də ki Dövlət Xidmətinə niyə ondan 100 AZN alınması barədə açıqlama verilmir. Beləliklə də bu xüsusat öz təsdiqini tapır. Lakin, məhkəmə bu sübutlara qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5399/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hazırda iddiaçı ondan qanunvericiliklə nəzərdə tutulan məbləğdən daha çox pul alındığını iddia edərək, bununla ona maddi və mənəvi zərər dəyməsini bildirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi maddi ziyan hissədə rədd etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı ondan 60 və 100 manat deyil daha az məbləğ alınmalı olmasını qeyd etsə də, həmin məbləğin əslində faktiki olaraq nə qədər təşkil etməli olması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Başqa sözlə, iddiaçı ödədiyi məbləğin ödənilməli olan məbləğdən artıq olmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının əldə etdiyi nəqliyyat vasitəsi daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirilib və gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü tarixində müvafiq orqana təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixinə qədər nəqliyyat vasitəsi dayanacaq məntəqəsində yerləşdirilmişdir. Həmin müddətə görə iddiaçı tərəfindən 60 manat ödəniş edilsə də iddiaçıdan əlavə 100 manat ödəniş istənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 12 mart 2024-cü il tarixli, 3-21-1/2-4371/2024 saylı məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə xx.xx.2024-cü il tarixində daxil olmuş məktubda iddiaçının ödədiyi 100 (yüz) manat məbləğində vəsaitin nəqliyyat vasitəsinin terminalda rəsmiləşdirilməsi üçün alındığı və adıçəkilən MMC-yə dəvət edilərək bu haqda iddiaçıya məlumat verildiyi bildirilmişdir. Cavabdeh MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə hüquq-mühafizə və ya məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus avtomobilin dayanacaq məntəqəsində yerləşdirilməsi üçün 60 manat ödəniş edilsə də Cavabdeh iddiaçının tələbində qeyd etdiyi əlavə 100 manat məbləğində vəsaitin nəqliyyat vasitəsinin terminalda rəsmiləşdirilməsi üçün alındığını bildirmişdir. Lakin cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsi baxışı zamanı nə də məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və 100 manat məbləğində vəsaitin nəqliyyat vasitəsinin terminalda rəsmiləşdirilməsi üçün alınmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün cavabdehin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq 100 manat məbləğində vəsaitin həqiqətən nəqliyyat vasitəsinin terminalda rəsmiləşdirilməsi üçün ödənilməsinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ödədiyi məbləğin ödənilməli olan məbləğdən artıq olmasını sübut edə bilməmişdir. Halbuki cavabdeh özü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı məktubda iddiaçının ödədiyi 100 (yüz) manat məbləğində vəsaitin nəqliyyat vasitəsinin terminalda rəsmiləşdirilməsi üçün alındığı bildirsə də həmin vəsaitin ödənilməsinin qanuni olması sübut edə bilməmişdir. Bununla da işin faktiki hallarından görünür ki, iddiaçıdan tələb edilən 100 manat məbləğində vəsaitin qanuni əsası müəyyən edilməmişdir, belə olan halda iddiaçı həmin məbləği dəymiş maddi ziyan kimi tələb etməkdə haqlı olmuşdur. Çünki iddiaçıya həmin vəsait məbləğində ziyan dəyməsi işin sadalanan halları ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin qeyd olunan halları ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinin terminalda saxlanılması üçün cavabdeh tərəfindən tələb edilən əlavə 100 manat məbləğində vəsaitin qanuni və əsaslı olması müəyyən edilməmiş və həmin vəsait tələb edilən zaman iddiaçı vəsaitin hansı əsasla tələb edilməsini aydınlaşdırmaq istəsə də buna nail ola bilməməsi, nəticə etibarı ilə nəqilyyat vasitəsinin qeyd olunan ödəniş edilmədən terminalda çıxarıla bilməməsi kimi hallar fonunda iddiaçı mənəvi sarsıntı və iztirablar keçirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi əsassız olaraq iddiaçıdan əlavə ödəniş tələb edilməsi və bunun nəticəsində iddiaçının nəqliyyat vasitəsinin qeyd olunan ödəniş edilmədən terminalda çıxarıla bilməməsi kimi hallarının mövcud olması faktı özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdehin təqsiri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğu və vurulmuş zərərin iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu işin məhkəmə tərəfindən müəyyən edilmiş halı olduğundan, iddiaçının keçirdiyi mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə mənəvi zərər tutulmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, ...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası tutulmalı olan mənəvi zərərlə bağlı qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən 870 manat məbləğində mənəvi zərər tutulmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını düzgün müəyyən etməmiş və gəldiyi nəticə ilə maddi və prosessual hüquq normalarını pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə maddi ziyana görə 100 manat, mənəvi ziyana görə isə 870 manat məbləğində vəsait cavabdehdən iddiçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, eləcə də apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumlarının məbləğləri Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 238-253, 372, 382, 384cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2(006)- 2238/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Maddi ziyana görə 100 (yüz) manat, mənəvi ziyana görə isə 870 (səkkiz yüz yetmiş) manat məbləğində olmaqla cəmi 970 (doqquz yüz yetmiş manat) vəsait eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumlarının məbləğləri Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh MMC qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Apellyasiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Pərviz Hüseynov