Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5401/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2958/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixli RGTK4552380B299 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 14 ay müddətinə, hər ay 426,07 manat və illik 21 faiz ödəmək şərti ilə 5.250 manat məbləğində kredit verilmişdir.
2. 08 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 5.250 manat əsas, 451 manat 21 qəpik faiz borcu olmaqla, ümumilikdə 5.701 manat 21 qəpik borcu vardır.
3. Cavabdeh İddiaçı ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli 16-320- 16MH/9586 nömrəli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixinə 5250 manat əsas, 451,21 manat faiz borcu olmaqla, 5701,21 manat ümumi borc, 139 gün gecikmə üçün 2146,76 manat məbləğində gecikmə yaranmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 77 manat 01 qəpik dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.250 manat əsas, 451 manat 21 qəpik faiz borcu olmaqla, cəmi 5.701 manat 21 qəpik pul vəsaitinin və ödənilmiş 77 manat 01 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli RGTK4552380B299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin kartına müddəti 14 ay, illik 21 faiz dərəcəsi ilə 5.250 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq ifadə etdikdə, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada icra etməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdan göründüyü kimi, cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 5.250 manat əsas, 451,21 manat faiz borcu olmaqla, cəmi 5.701,21 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (2(006)-2958/2024 nömrəli mülki iş üzrə, hakim Vüsalə Musayeva) iddia tələbi təmin edilmiş, Cavabdeh 5.250 (beş min iki yüz əlli) manat əsas borc, 451,21 (dörd yüz əlli bir manat iyirmi bir qəpik) manat faiz borcu olmaqla, cəmi 5.701,21 (beş min yeddi yüz bir manat iyirmi bir qəpik) manat borc və ödənilmiş 77,01 (yetmiş yeddi manat bir qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh iddia tələbində qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə iddianın əsaslı olduğunu hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 443.5 və 445-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və şikayətə etirazın dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmayaraq maddi və prosesual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, bank ilə iddiaçı arasında 5000 manata dair heç bir müqavilə bağlamamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyinə görə, cavabdeh yanvarda bankdan kredit götürmüş və onun hesabına 5000 manat pul köçürülmüşdür. Bunlar tam yalandır və həqiqəti əks etdirmir. Bundan başqa iddiaçı borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxs olduqda, borc müqaviləsinin yazılı formada bağlanmalı olduğunu qeyd etmişdir.
11. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasia sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Beləki, cavabdehin qeyd etdikləri həqiqəti əks etdirmir, müqavilə qaydalara uyğun bağlanmışdır. Cavabdeh müqaviləni özü onlayn qaydada bağlamışdır. Cavabdehin qeyd etdikləri özünü müdafiə məqsədi daşıyır. Odur ki, apellyasiya şikayəti rədd olunmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşdə iştirak edən şəxslər (iddiaçı və cavabdeh) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
«Elektron ticarət haqqında» Azərbaycan Respublikası Qanunu
27. Əqdlərin elektron formada bağlanması ilə əlaqədar məsələlər bu Qanunla və elektron sənəd dövriyyəsinə dair qanunvericiliklə, əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər isə, bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan məsələlər istisna olmaqla, mülki qanunvericiliklə tənzimlənir.
«Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanunu
28. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, məhkəmə kollegiyası tərəfindən işin hallarına dair araşdırma aparılaraq müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli RGTK4552380B299 nömrəli elektron kredit müqaviləsi bağlanmış, tərəflər öz elektron imzaları ilə həmin müqaviləni təsdiq etmişlər. Müqaviləyə əsasən bank cavabdehə 14 ay müddətinə, illik 21 faiz olmaqla 5250 manat məbləğində kredit vermək, iddiaçı isə müqavilədə müəyyən edilmiş şərtlərə uyğun olaraq həmin kredit məbləğini iddiaçıya qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İddiaçı müqavilədən irəli gələn öhdəliyini icra etsə də (yəni, müqavilədə müəyyən edilmiş məbləği cavabdehin hesabına köçürsə də), cavabdeh müqavilə üzrə müəyyən edilmiş məbləği banka ödəməkdən yayınmış, nəticədə, onun xx.xx.2024-cü il tarixə (əsas İddiaçı ASC-nin 2024/104/12532/ nömrəli, xx.xx.2024cü il tarixli maliyyə arayışı) iddiaçıya 5250 manat əsas, 451,21 manat faiz borcu olmaqla, ümumilikdə 5701,21 manat borcu yaranmışdır. Hazırkı mübahisə də məhz həmin kredit müqaviləsi üzrə yaranmış borcla bağlıdır.
32. Mübahisə ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi elektron qaydada bağlandığından, habelə sənəd mübadiləsi prosesləri elektron qaydada aparıldığından tərəflər arasındakı mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün qanunvericiliyin elektron imza və elektron qaydada bağlanmış əqdlərlə bağlı müddəalarına nəzər yetirilməsi zəruridir.
33. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyrirəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər (Qanunun 2-ci maddəsi).
34. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir (Qanunun 3.2-ci maddəsi).
35. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanuna müvafiq qaydada imzalanmış elektron sənəd bu şərtlərə cavab verən hesab edilir (Qanunun 3.4-cü maddəsi).
36. Bununla yanaşı, müqavilə azadlığına dair müddəaları özündə əks etdirən Mülki Məcəllənin 390-cı maddəsində qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
37. Həmin maddədə müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və qeyd olunan Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
38. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.
39. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır.
41. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.
42. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.
43. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda da əqdlərin elektron formada bağlanması nəzərdə tutulmuşdur.
44. Belə ki, həmin Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır.
45. Yuxarıda qeyd olunan normaların ümumi təhlilindən görünür ki, tərəflər arasında azad şəkildə yazılı əqdlər bağlanıla bilər və bu əqdlərin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.
46. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. 47.Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. 48.Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı xx.xx.2023-cü il tarixli RGTK4552380B299 nömrəli kredit müqaviləsinin şərtləri mümkün qədər aydın, dürüst və başadüşüləndir. Müqavilənin tərəfi olan cavabdehə razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilmişdir. Ən əsası isə müqavilə elektron imza vasitələri ilə təsdiqlənmişdir və qanunvericiliyin tələblərinə tam şəkildə uyğun olaraq bağlanmışdır. Belə olan halda həmin kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri vardır. 49.Belə ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir.
50. Qeyd olunan Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
51. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
52. Mülki Məcəllənin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Məcəllənin 385.1-ci maddəsi).
53. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Məcəllənin 386.1-ci maddəsi).
54. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Məcəllənin 425.1-ci maddəsi).
55. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Məcəllənin 442-ci maddəsi).
56. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (Məcəllənin 445.2.1-ci maddəsi).
57. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Məcəllənin 448.1-ci maddəsi).
58. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin elektron qaydada müraciəti əsasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 5250 manat məbləğində pul vəsaiti ayrılaraq ona məxsus AZ66AİİB410100G**********299 nömrəli hesaba köçürülmüşdür (əsas xx.xx.2024-cü il tarixli məxaric orderi və ya qəbz) . Cavabdeh isə həmin kredit məbləğini razılaşdırılmış ödəniş cədvəli üzrə qaytarmamış, müqavilə üzrə yaranmış öhdəliklərini lazımi formada icra etməmişdir. Nəticədə, onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi - borcu yaranmışdır.
59. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarmışdır.
60. Cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən formal mülahizələrə əsaslanmış, iddiaçı ilə arasında hazırda mübahisənin əsasını təşkil edən kredit müqaviləsinin bağlanmadığını iddia etmişdir. O, şikayətində həmçinin kredit müqaviləsinin yazılı formada bağlanmadığına istinad edərək bildirmişdir ki, kreditin məbləği 3000 manatdan yuxarı olduğundan müqavilə yazılı formada bağlanmalı idi. Bütün bunlar hazırkı kredit müqaviləsinin bağlanmadığını təsdiq edir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi Mülki Məcəllənin 740-cı maddəsinin tələblərindən irəli gələrək yazılı formada bağlanmışdır və qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları da bu halı təsdiq edir.
62. Digər tərəfdən, əgər cavabdeh kredit müqaviləsinin ümumiyyətlə bağlanmadığını iddia edirsə bu halı mötəbər sübutlarla əsaslandırmalıdır.
63. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Həmçinin apellyasiya şikayətində iddiaçı özü də qeyd edir ki, 2020-ci ildə Kapital ASC-dən 15000 manat istehlak krediti götürmüşdür. Sözügedən kredit müqaviləsinin bitməsinə bir ay qalmış bank əməkdaşı iddiaçıya telefon vasitəsilə zəng edərək onun banka 30 faizlə 7000 manat borcunun qaldığını bildirmişdir. Əgər 2000 manat ödəniş edərsə yenidən restrukzisasiya edib yerdə qalan məbləğini müqavilə şərtlərinə uyğun silinəcəyi bildirilmiş və iddiaçıya link göndərilmişdir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçı qarşısında icra edilməmiş öhdəliklərinin yaranmadığını iddia etsə də, bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir. O, şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edildiyini nəzərə alaraq, 77,01 (yetmiş yeddi manat bir qəpik) manat məbləğində rüsumu dövlət mədaxilinə cavabdehdən almaqda haqlı olmuşdur.
69. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2958/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.