Məhkəmə qərarları › İş №2(103)-5401/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5401/2025

04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5401/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1493/2025 saylı, 24 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18.08.2017-ci il tarixli ƏN-İV № 220825 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı2 xüsusi mülkiyyətində olan “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün İddiaçı1 xx.xx.2027- ci il tarixədək etibarnamə vermişdir.

2. 05.03.2025-ci il tarixli inzibati xəta haqqında protokolun və qərarın surətlərindən görünür ki, “KAMAZ-55111 yük” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı2dur.

3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, HO-87428 saylı iş kartının surətindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2565,45 manat dəyərində maddi ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, HO-87428 saylı iş kartının və ödəniş qəbzinin surətlərindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərəri müəyyən etmək üçün servis haqqı 128,01 manat hesablanmış və ödənilmişdir.

4. "xxxx" MMC-nin 409/E nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomobilə xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2215 manat maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edilmişdir ki, qiymətləndirmə xərci olan 250 manat İddiaçı1 tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh avtomobilə dəymiş maddi ziyana görə 2.565 manatın, 128 manat servis haqqının və 63 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, xx.xx.2025-ci il tarixdə İddiaçı1 idarə etdiyi “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Binə” bazarı istiqamətində hərəkət etmək istəyərkən dairəyə daxil olan avtomobilə yol vermək üçün dayanmış, bu zaman Cavabdeh idarə etdiyi “KAMAZ-55111 yük” markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili arxadan onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə cavabdehin təqsiri üzündən baş vermiş və o, AR İXM-nin 327.1, 332.1 və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə nəticəsində etibarnaməyə əsasən idarə etdiyi, dayısı və qayınatası olan İddiaçı1 məxsus “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün rəsmi servis olan "xxxx" MMC-yə müraciət etmiş, maddi ziyanın 2.565,45 manat olduğu müəyyən edilmiş, servis haqqına görə 128 manat pul ödənilmişdir. Bu barədə cavabdehə müracət etmiş, lakin cavabdehin dəymiş ziyanı ödəmək fikri olmamışdır, cavabdehin idarə etdiyi avtomobilin icbari sığortası da olmamışdır.

7. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, tələb edilən məbləğ ilə razı olmadığı bildirmişdir. Eyni zamanda əmisinin usta olduğunu, avtomobili təmir edə bildiyini, dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını qeyd etmişdir.

8. "xxxx" MMC-nin 409/E nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomobilə xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2.215 manat maddi ziyan dəymişdir.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1493/2025 saylı, 24 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi kimi 2.215 manat, servis haqqı kimi 128 manat məbləğində pul vəsaiti və 54,81 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı2 mülkiyyətində, İddiaçı1 sahibliyində olan “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, baş vermiş hadisədə cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır. Qeyd olunanlara əsasən, məhkəmə, iddiaçıların avtomobilinə dəymiş maddi ziyan barədə ekspert rəyini əsas götürərək, dəymiş maddi ziyanın 2.215 manat həddində olmasının, eyni zamanda servis haqqı kimi ödənilmiş 128 manat pul vəsaitinin cavabdehdən tutulmasının əsaslı olması qənaətinə gəlmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1493/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilərək dəymiş ziyanın 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı nəqliyyat vasitəsinə vurulmuş ziyanı həddindən artıq şişirdərək pul məbləğini tələb edir. Belə ki, hadisə nəticəsində isə avtomobilin arxa hissəsinə ziyan dəymiş və iddiaçını tələb etdiyi məbləğdə ziyan vurulmamışdır. Avtomobiln heç bir ehtiyat hissəsi zədələnməmişdir. Yalnız axra hissəsinin kopotu əzilmişdir. Avtomobilin təmir xərci 200 manat təşkil etmişdir. Zərər vurulmuş nəqliyyat vasitəsi 2011-ci il tarixli istehsal olmuş və zaman etibarı ilə onun istismarından xeyli vaxt keçmişdir. O iddiaçılara məxsus avtomobli təmir etdirmək isətəsə də iddiaçılar onunla razılaşmamış, əsassız olaraq məbləği şişirtməklə pul tələb etmişlər. İddiaçıların tələbi əsassız varlanmaya yönəlmişdir. Həmin avtomobilə ilkin olaraq servizə göstərərkən 200 manat hesablanmış, sonradan isə iddiaçıların dedikləri ustaya aparmış, onlar isə 600 manat ziyan dəyməsini bildirmişlər. Lakin iddiaçılar maşının detallarını tamamilə yenisi ilə əvəz etməklə ziyanın məbləğini artırmışlar. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində avtomobilin təmirinə və ehtiyat hissələrinə görə avtomobilə dəymiş maddi ziyana görə 2.565 manat vəsait tələb olunduğunu göstərilmişdir. Ekspertiza ilə isə həmin məbləğ 2.215 manat müəyyən etmişdir. Avtomobilə dəymiş ziynın onun tərəfindən aradan qaldırılması üçün iddiaçıya bildirilmişdir. Avtomobilin təmir xərci 200 manat təşkil etmişdir. Avtomobiln heç bir ehtiyat hissəsi zədələnməmişdir. Yalnız axra hissəsinin kopotu əzilmişdir. Məhkəmə isə qeyd etdiyi bu halları araşdırmadan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı nəqliyyat vasitəsinə vurulmuş ziyanı həddindən artıq şişirdərək pul məbləği tələb edir. Belə ki, hadisə nəticəsində avtomobilin arxa hissəsinə ziyan dəymiş və iddiaçını tələb etdiyi məbləğdə ziyan vurulmamışdır. O, özü ustalardan maraqlanmışdır ki, maşının zərəri 200 manatdır.

16. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilərək dəymiş ziyanın 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin qalan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

21.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 22.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 25.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 26.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 27.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 28.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

29.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 30.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 34.Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. 35.Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 36.İş materiallarından göründüyü kimi, “KAMAZ-55111 yük” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh olmuşdur. O, mülki hüquq məsuliyyətinin yaranmasına səbəb olmuş qanunsuz hərəkətlərə yol verməklə AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəfindən əldə edilmiş mürəxəssis rəyinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2011-ci il buraxılışlı “Honda CRV” minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.215 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman “KAMAZ-55111 yük” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan cavabdehin mülki məsuliyyəti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə icbari qaydada sığorta edilməmişdir. 37.İşə baxan birinci instansiya məhkəməsi tərəfindən də qanunvericiliyin yuxarıda qeyd olunan normalara uyğun olaraq, hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçıların qarşısında daşıdığı mülki məsuliyyət həddinin, yəni iddiaçılara dəymiş zərərin məbləğinin müəyyən edilməsi barədə gəldiyi qənaət ilə də razılaşır. 38.Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. 39.Əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 40.Göründüyü kimi, “Honda CRV” minik markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlki vəziyyətini bərpa etmək üçün mürəxəssis rəyində göstərilən məbləğdə xərc çəkilməli olduğu ağlabatandır və cavabdeh bu məbləğin daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

44. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 2.343 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1493/2025 saylı, 24 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar