Məhkəmə qərarları › İş №2(103)-5404/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5404/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5404/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı (“X6” MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 saylı qərardadından Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əldən çıxmış faydaya görə əsas borc üzrə illik 5 % dərəcəsi ilə hesablanmış 6.875 manat faiz və ödənilmiş dövlət rüsumunun 34 manatının Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı “buraxılmış müddətin bərpasına” dair ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e 2(006)-17/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddətinin üzrlü hesab edilərək, bərpa olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ona qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olaraq (əsas borca hesablanmış 5%) 19.278,09 manat məbləğində borcun; 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayınadək bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə üçün 18.000 manat məbləğində dəymiş ziyanın və 202 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia qismən təmin edilmişdir. Əldən çıxmış faydaya görə əsas borc üzrə illik 5% dərəcəsi ilə hesablanmış 6.875 manat faiz və ödənilmiş dövlət rüsumunun 34 manatı ondan tutularaq iddiaçı ”Yelo Bank” ASC-yə ödənilməsi qət edilmişdir. 24 fevral 2016-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 7%-lə 60 ay müddətinə 180.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsi 2016-ci il 24 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Bundan sonra maddi sıxıntıları ilə əlaqədar kredit ödənişləri edə bilmədiyi üçün bank borcu almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ondan ümumilikdə cəmi 200522.79 manat məbləğində borcun tutulması, tutma ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən, 97.9 kv.m ümumi sahədən ibarət 103 №-li qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019-cuil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank ödənişlərini qəsdlə gecikdirməmişdir ki, buna görə faizlər ondan tutulsun. Məhkəmə qətnaməsi çıxarılmış, tutulma ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilmişdir. Bunun əsasında icra hərəkətləri baş tutmalı idi. Məhkəmə qətnaməsi 18 mart 2020-ci il tarixdə çıxarılmış, icra hərəkətləri isə 2021-ci il tarixdə aparılmışdır. Sözügedən dövr üçün pulun ödənilməməyi onun təqsiri deyildir. Belə ki, 2021-ci ildə "xxxx" ASC əmlakın boşaldılması tələbi ilə məhkəmədə ona qarşı iddia qaldırmışdır. Nərimanov Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli 8(005)-810/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(006)-1221/2019 saylı icra sənədi üzrə icra hərəkətlərinin dayandırılması barədə qərardad qəbul etmişdir. Ondan bugünədək əmlak özünün istifadəsindədir və əmlakı boşaltmağı barədə ona qarşı digər şəxslər tərəfindən iddia qaldırılmamışdır. Belə olduğu halda nə üçün o icra hərəkətlərinin aparılması qadağan olunduğu müddət üçün ödəniş etməlidir? İddiaçı məhkəmə (xx.xx.2021-ci il tarixli 8(005)-810/2021 saylı) qərarı qüvvədə olduğu müddətdə əmlakla bağlı hər-hansısa hərəkət (özgəninkiləşdirmək) etməsi qadağan olunduğu halda, qərarını heçə sayaraq qanunsuz olaraq mülkiyyəti özgəninkiləşdirmişdir. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx"ASC Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(005)- 810/2021 saylı qərardadının güvvədə olduğunu bildiyini halda, sözügedən qərardaddan şikayət verərək ləğv edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etməsi ilə əvvəldən hərəkətlərinin qanunsuz olduğunu təsdiq etmişdirlər. Məhkəmə xx.xx.2025-ci il tarixli 8(005)-810/2021 saylı qərardadla Nərimanov Rayon Məhkəməsinin yuxarıda sözügedən qərardadını ləğv etmişdir. Bununla da bir daha təsdiq olunur ki, "xxxx" ASC hərəkətlərinin qanunsuz olduğunu bilirdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilərək buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması, apellyasiya şikayətinı mahiyyəti üzrə baxılması üçün mülki işin apellyasiya insansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmənin göstərilən qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim olunmuşdur. Məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin edilməmişdir. İşin faktiki hallarından müəyyən olunduğu kimi “Çernobıl əlili”dir. Səhhətində yaranmış problemlərlə bağlı vaxtında etibarnamə verə bilmədiyi üçün apellyasiya şikayəti 1 gün müddətinə buraxılmışdır. Bu səbəbdən hesab edir ki, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bir gün buraxılmasını üzürlü hesab etməməklə ədalətsizliyə yol vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 saylı qətnaməsi Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı xx.xx.2025-ci il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti cavabdehin nümayəndəsi-vəkili tərəfindən xx.xx.2025-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3098/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2073/2025 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3098/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda prossesual müddətin bərpa edilməsi barədə ərizə vermişdir Məhkəmə Kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizədə cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmə müddətinin üzrlü səbəbdən ötürülməsinə dair əsaslı dəlillər qeyd edilməmiş, həmçinin bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaradır. Bu səbəbdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün üzürlü səbəb mövcud deyildir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, … Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayəti geyri-mümkün sayılmasına dair kassasiya instansiyasının qərarından sonra yenidən apellyasiya şikayəti və ərizə təqdim etmişdir ki, kollegiya həmin müddəti ağlabatan müddət hesab etmir. Belə ki, iddiaçının apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edildikdən sonra keçən müddət ərzində yenidən ağlabatan müddətdə bu şikayətlə müraciət etməsinə maneə olan hallar müəyyən edilməmişdir. Halbuki üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir. Belə ki, iddiaçı qətnamədən şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hərhansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilən halları ümumiləşdirərək Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçinin xahişini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, "Çernobil əlili" statusu ictimai qayğı və sosial müdafiə sahəsində əhəmiyyətli olsa da, bu status özlüyündə müəyyən bir şəxsin məhkəmə prosesində vaxtında hərəkət etmək qabiliyyətini avtomatik olaraq məhdudlaşdıran və ya ləğv edən amil deyil. Qanunvericilik ümumiyyətlə fiziki və ya hüquqi səlahiyyətlilik məsələlərini aydın şəkildə tənzimləyir. Cavabdeh öz statusunu əsas gətirsə də, bu statusun onun tam əqli qabiliyyətini (hüquqi əməllər etmək qabiliyyətini) məhdudlaşdırdığını və ya məhkəmə müddətlərini başa düşmək və ona riayət etmək imkanını faktiki olaraq ortadan qaldırdığını sübut edə bilməmişdir. Əks halda, məhkəmə prosesinin özü onun iştirakı üçün qeyri-mümkün olardı. Statusun varlığı ilə müddəti ötürmək üçün konkret səbəb arasında birbaşa əlaqə yoxdur. Göründüyü kimi "Çernobil əlili" statusu, prosessual müddətlərin bərpası üçün əsaslı səbəb yaratmır. Digər tərəfdən cavabdeh - səhhətində yaranmış problemlərlə bağlı vaxtında etibarnamə verə bilmədiyi bildirsə də, məhz həmin tarixə təsadüf edən və etibarnamə verilməsinə maneə olan hallara dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-17/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar