Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5405/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər birinə cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-4136/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş Cavabdeh bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi saxlanılmaqla Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər birinə 100 (yüz) manat olmaqla 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsidir, hazırda ona məlum olmuşdur ki, iddiaçının əmək haqqı 1700 manat təşkil edir, bu məbləğ və əvvəlki qətnamə ilə ondan tutulan aliment uşaqların ehtiyaclarının ödənilməsi üçün kifayətdir. O, hazırda yeni ailə qurmuşdur, başqa övladı da var, əmək haqqı 315 manat təşkil edir, həmin əmək haqqı ilə həm alimentin ödənilməsi, həm də hazırkı nikahdan olan uşağın ehtiyacını ödəmək mümkün deyil. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili B.Süphanlı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, məhkəməyə arayış təqdim edərək, cavabdehin hazırda orta aylıq əmək haqqının 430 manat təşkil etdiyini bildirdi, əlavə mükafat da aldığını həmin məbləğdən də aliment tutulduğunu, əvvəlki qətnamə ilə cavabdehin bütün növ qazancının 1/3 hissəsinin tutulduğunu qeyd edərək, bildirdi, indi əmək haqqının artması ilə tutulacaq alimentin də həcmi artır. Cavabdehdən əlavə olaraq sabit pul məbləğində alimentin tutulması əsassız olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti razılaşmayaraq apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Həmçinin, cavabdehin hazırda orta aylıq əmək haqqının 430 manat təşkil etməsi barədə arayışla bağlı bildirdi ki, cavabdeh rayon məhkəməsində iştirak etmiş, əmək haqqının aylıq 315 manat təşkil etməsini bildirmişdir, bu səbəbdən, hazırkı halda həmin arayış apellyasiya məhkəməsində sübut kimi təqdim edilə bilməz. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ş.Məmmədov apellyasiya şikayəti razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-4136/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı Şofıq qızı arasında Bakı şəhər Səadət Sarayı tərəfindən qeydə alınmış 02 iyun 2007-ci il tarixli 1282 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları - İddiaçı Şofıq qızının yanında qalmasının müəyyən edilməsi, Cavabdeh bütün növ qazancının (gəlirinin) 1/3 hissəsi 27 may 2016-cı il tarixdən başlayaraq tutulub, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Şofıq qızına verilməsi qət edilmişdir. AZ-İ seriyalı 274445 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı ilə olan nikah ləğv edilmişdir. Sorğuya cavabdan görünür ki, cavabdeh Məmmədov X2 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsində tapşırıqların icrasına nəzarət üzrə müfəttiş vəzifəsində işləyir və əmək haqqı 315 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddianı qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmış və uşaqlar üçün isə yaşayış minimumu 2022-ci il üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq cavabdehdən tutulacaq alimentin məbləğinin bir uşaq üçün hər ay 100 manat olmaqla iki uşağa görə hər ay 200 manat məbləğində müəyyən etmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun aylıq əmək haqqının 315 manat təşkil etməsi və həmin əmək haqqı ilə əvvəlki qətnamə ilə ondan tutulan və hazırkı halda sabit pul məbləğində tutulan alimenti ödəməsi mümkün deyil. Çünki başqa nikaha daxil olmuşdur, başqa övladı da var. Kollegiya qeyd edir ki, həmin dəlil, yəni başqa nikaha daxil olma və həmin nikahdan uşağın olması cavabdehdən sabit pul məbləğində alimentin tutulmaması üçün əsas ola bilməz. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili tərəfindən təqdim edilən cavabdehin hazırda orta aylıq əmək haqqının 430 manat təşkil etməsi barədə arayışa münasibətdə aşağıdakıları qeyd edir. Mülki iş materiallarından məlum olur ki, rayon məhkəməsində cavabdeh nümayəndə və vəkillə təmsil olunmuşdur. Bundan başqa, rayon məhkəməsinin protokolundan məlum olur ki, cavabdehin nümayəndəsi və vəkili onun aylıq hər iki uşaq üçün 105 manat aliment ödəməsini qeyd etmişdir (dolayısı ilə cavabdehin 315 manat əmək haqqı almağını təsdiq etmişdir). MPM-in 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və tələblər apellyasiya instansiyası tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiyası məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırkı halda cavabdeh arayışın birinci instansiyası məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığından həmin sübut qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın üstün hüquqi mənafeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq qəbul etdiyi qətnamə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5405/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5405/2022
10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver