Məhkəmə qərarları › İş №2(103)-5407/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5407/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5407/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(002)-1273/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-251/2015 saylı qətnaməsi əsasında İddiaçı ilə Cavabdeh arasında Qazax rayon qeydiyyat şöbəsində 13 oktyabr 2009-cu ildə bağlanmış və 458 nömrə ilə qeyd edilmiş nikah pozulsun,tərəflərin birgə nikahdan 26 avqust 2010-cu ildə anadan olmuş X6 İddiaçı himayəsində qalsın, 26 avqust 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 23 yanvar 2015-ci ildən başlayaraq ayda 80 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qərara alınmışdır.

2. Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-455/2015 saylı qətnaməsi əsasında İddiaçı Cavabdeh əmlakların alınlb verilməsi, Cavabdeh 23 fevral 2015-ci ildən başlayaraq 26 avqust 2010-cu ildə anadan olmuş X2 müayinə və müalicəsi üçün çəkilən əlavə xərclər hesabına hər ay 40 manat pulun alınaraq İddiaçı verilməsi qərara alınmışdır.

3. 28.03.2022-ci il tarixli AR DİN-in Baş Mühafizə İdarəsinin X11 Şöbəsinin H-21 nömrəli arayışından məlum olur ki, Cavabdeh X11 Şöbəsində mülki mühafiə xidməti üzrə mühafizəçi vəzifəsində çalışır və 341 manat əmək haqqı alır.

4. 18.04.2022-ci il Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Mənzil İstismar Sahəsinin 11-17/327 nömrəli arayışından məlum olur ki, Qazax şəhəri, H.Əliyev prospekti 175 saylı binanın 26 saylı mənzilində qeydiyyatda olmaqla, X3 qızı; X5 qızı; Həyat yoldaşı- X7; X8 qızı ilə birlikdə yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 13 oktyabr 2009-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahdan birgə nikahdan bir uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 03 mart 2015-ci il tarixli 2(023)-251/2015 saylı qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş X6 onun himayəsində saxlanılmış və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin qətnamə qəbul edilən zaman cavabdehin qazancı,maddi vəziyyəti və s. hallar,o cümlədən həmin dövr üçün qanunla müəyyən olunmuş yaşayış minimumu nəzərə alınmışdı, lakin indi artıq həmin məbləğ uşağı saxlamaq üçün çatmır,uşaq böyüyür.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(002)- 1273/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 26 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-251/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilməli olan 32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yalnız ölkə üzrə yaşayış minimumunun dəyişdirilməsi alimentin miqdarının artırılması üçün əsas deyildir. İddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına, həmçinin cavabdehin əmək haqqında əlavə gəlirləri olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bununla da, cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, məhkəmə hər bir halda uşağın üstün mənafeyini əsas götürərək, habelə cavabdehin maddi vəziyyətini (dəyişikliyin baş verməməsi halını), müvafiq məhkəmə qətnaməsi əsasında alimentin təyin edildiyi vaxtdan indiyədək uzun müddət keçməsi halını nəzərə alaraq, hesab edir ki, müvafiq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinın artıralaraq, hər ay uşaq üçün 100 manata sabit pul məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi qəbul edilə bilər

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 34-cü maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2 və 112.1-ci maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarına, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasэ Mьlki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 112.1.3, 119.1, 119.2, 217.4-cü maddələrinə “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 1.2, 9.1.2 və 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayətində göstərilmişdir ki, X2 hal-hazırda 12 yaşı var. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və ölkədə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Bu baxımdan da, Qaradağ rayon Məhkəməsinin sonuncu təyin edilən alimentdən 7 il müddət keçməsi, bu dövr ərzində qiymətlərin artmasına və məhz bunu nəzərə alaraq dövlət tərəfindən uşaqlar üçün yaşayış minimumunun artırılması hallarına əhəmiyyət verməməsi, qeyri-qanuni qətnamə qəbul edilməsi və yetkinlik yaşına çatmayan X2 hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmçinin cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, əvvəllər xadimə işləmiş, lakin hal-hazırda işləmir. Cavabdeh mühafizə şöbəsində işləyir. Aylıq qazancı var. Lakin övladına maddi və mənəvi dəstək göstərmir. Uşağın iki yaşından etibarən bütün ehtiyacları onun tərəfindən ödənilir. Hal-hazırda isə uşağın ehtiyaclarının ödənilməsində maddi cəhətdən çətinlik çəkir.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında maddi vəziyyəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını bildirməklə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun:

18. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh isə qətnaməni mübahisələndirməmiş, belə olan halda qətnamə iddiaçıya münasibətdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

26. Belə ki, hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmçinin qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

28. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, 26 avqust 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 23 yanvar 2015-ci ildən başlayaraq ayda 80 manat miqdarında alimentin alınaraq iddiaçıya verilməsi, həmçinin Cavabdeh 23 fevral 2015-ci ildən başlayaraq 26 avqust 2010-cu ildə anadan olmuş X2 müayinə və müalicəsi üçün çəkilən əlavə xərclər hesabına hər ay 40 manat pulun alınaraq İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün artırılaraq 193 manat nəzərdə tutulmuşdur.

29. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı olması barədə düzgün nəticəyə gəlsə də, alimentin məbləğini müəyyən edərkən, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

30. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin iddiaçı müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsinə dair də hər hansı bir sübutu məhkəməyə təqdim etməməsinə istinad etməsi düzgün olmamışdır, belə ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

31. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.

32. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.

33. Məhkəmə kollegiyası qeyd edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-251/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği hazırda əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması kim qəbul edilməsi yanlışdır, çünki uşağın iddiaçının himayəsində olmasını, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının məhz iddiaçı tərəfindən çəkildiyini, eyni zamanda cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla alimentin məbləği hər ay 150 manat müəyyən edilməlidir.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayətinin qismən əsaslı olmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-251/2015 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmaqla, 26 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa görə cavabdehdən 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(002)-1273/2022 saylı qətnaməsi - apellyasiya baxışının predmeti olan hissədə, yəni alimentin məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilsin. 26 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qazax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(023)-251/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar