Məhkəmə qərarları › İş №2(103)-5408/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5408/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5408/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)-1395/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13 mart 2022-ci il tarixli akta əsasən Cavabdeh və İddiaçı aşağıdakı məzmunlu akt imzalamışlar: Cavabdeh İddiaçı olan ******* manat məbləğində borcu 01 yanvar 2023cü il tarixədək hissə-hissə 10 ay müddətində ödəməyi öhdəsinə götürür. Borcunu ödəmədiyi təqdirdə qanunvericiliyə uyğun məsuliyyətini bilir. Akt öz sözləri ilə yazılmışdır.

2. 13 mart 2022-ci il tarixli akta əlavə ödəniş qrafikinə əsasən Cavabdeh İddiaçı olan ******* manat məbləğdə borcu 01 yanvar 2023-cü il tarixədək hissə-hissə 10 ay müddətində hər ay 152000 manat ödəməyi öhdəsinə götürür. Ödəniş qrafiki iki dəfə pozularsa, bu kobud pozuntu hesab olunur və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlıdır.

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2-1(82)- 2327/2019 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(82)- 2327/2019 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2-1(102)-1120/2020 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2-1(103)-938/2021 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, e-2-2(113)-1386/2021 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2- 1(103)-1019/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTKnın nümayəndəsi qismində çıxış etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1(103)-212/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, e-2-2(113)-1401/2021 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, e-2-2(113)- 2700/2021nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh "xxxx" MTKnın nümayəndəsi qismində çıxış etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1332/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci tarixli, 2-1(102)-1726/2021 nömrəli qərarından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(82)-1419/2019 nömrəli qərardadından görünür ki, İddiaçı həmin iş üzrə iddiaçı "xxxx" MTK-nın nümayəndəsi qismində çıxış etmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* manat məbləğdə pul vəsaiti və ödənilən 1490 manat məbləğdə dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, onun tərəfindən 13 mart 2022-ci il tarixində ******* manat məbləğdə pul vəsaiti borc kimi Cavabdeh verilmişdir. Cavabdeh onun tərəfindən borcun verilməsi 13 mart 2022-ci tarixli aktla rəsmiləşdirilmiş və həmin akt cavabdeh və iddiaçı tərəfindən imza ilə təsdiq edilərək, video-yazı ilə lentə alınmışdır. Aktdan da aydın olur ki, Cavabdeh ******* manat ona olan borcunu 01 yanvar 2023-cü il tarixinədək hissə-hissə on ay müddətində ödəməyi öz öhdəliyinə götürdüyünü bildirmiş və aktı öz imzası ilə təsdiq etmişdir. Ödəniş qrafikindən görünür ki, 2022-ci il mart ayından dekabr ayına qədər müddət ərzində Cavabdeh hər ay 152000 manat ödəməli olmuşdur. Ödəniş qrafiki iki dəfə pozularsa, bu kobud pozuntu hesab olunur və tələbkar borclunu buna görə məhkəməyə verməyə haqlıdır. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən aktda nəzərdə tutulan pul məbləğinin tam şəkildə ona ödənilməsi hələ də həyata keçirilməmişdir. Sözügedən şəxs tərəfindən ona olan borc məbləğindən sadəcə 120000 manat məbləğdə pul vəsaiti qaytarılmışdır. Hazırda cavabdehin ona ******* manat məbləğdə borcu mövcuddur. Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinə əsasən təqsirləndirilməsinə dair 1(005)-377/2022 nömrəli cinayət işi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındadır. Həmin şəxs hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. İş üzrə bir neçə şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)- 1395/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflər arasında mövcud olan münasibətlərin məhz bağlanmış şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlərə aid olması qənaətinə gəlir. Məhkəmə, iddiaçının pul məbləğindən məhrum olmasında cavabdehin məsuliyyətinin olub-olmaması məsələsinə də məhz tapşırıq müqaviləsi üzrə tərəflərin götürdükləri öhdəliklər baxımından qiymətin verilməli olmasını qeyd edir. Tapşırıq müqaviləsi üzrə vəkalət verənin məruz qaldığı ziyana görə vəkalət alanın məsuliyyəti yalnız vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsindən ibarət halın müəyyən edilməsi ilə şərtləndirilmişdir. Vəkalət alanın vicdanlılıq dərəcəsinin ölçü meyarı kimi isə peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər və vəkalət verənin, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri ilə bağlı bildiyi və ya bilməli olduğu hallar nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçının məruz qaldığı zərərə görə cavabdehin məsuliyyətini nəzərdə tutan bu şərtlərdən hər hansı birinin olması müəyyən edilmir. Digər tərəfdən cavabdehin tapşırığın lazımi vicdanlılıq nümayiş etdirmədən etməsi də müəyyən edilmir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 777, 778, 779, 783-cü maddələrinə istinad ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, , borc müqaviləsinin predmetini tapşırıq müqaviləsinə aid edilərək, iddia rədd edilmişdir. Əsas olaraq vaxtı ilə Hacıyev Nofelin nümayəndəsi olduğu "xxxx" MTK-nı dəfələrlə məhkəmələrdə tapşırıq müqaviləsi əsasında təmsil etməyi göstərilib. Məhəkəmədə "xxxx" MTK-nı dəfələrlə təmsil edərək, öncədən Cavabdeh ilə danışığına əməl edərək onun nümayəndəsi olduğu və həmçinin müəssisəsin maliyyə, vergi, borclarında maraqlı şəxs olaraq onunla razılaşmaya əməl edərək büdcəyə olan 4 milyona yaxın vergi borcu, maliyyə sanksiyası, faiz üzrə borcların ləğv edilməsi üzrə uğurla hüquqi yardım göstərmiş və öz üzərinə düşən işi yerinə yetirərək, bütün borcların hesablanmasına əsas olan qərarların ləğvi üzrə uğurlu nəticənin əldə edilməsinə nail olmuşdur, ancaq bunun üçün hər hansı tapşırıq müqaviləsi tərtib edilməyib. Cavabdehlə razılaşmaya uyğun olaraq ödənilməli borc məbləğindən sadəcə 120000 manat ödənilməsi, qalan ******* manatın isə müxtəlif bəhanələrlə ödənilməsindən yayınması və sözünə əməl etməməsi həmçinin qarşılıqlı olaraq ödəmə şərtlərini belə təsdiq etdiyi müqavilə və akt şərtlərinə əməl etməmişdir. Lakin iddianın predmeti olan ******* manat borcun ödənilməsi tapşırıq müqaviləsinə əsasən deyil, Cavabdeh öz sözləri və öz imzası ilə təsdiq etdiyi akt və əlavəyə əsaslanır. Cavabdeh özü də bu borc məbləğinin ödənilməsi barədə aktı və ödəmə şərtlərini təsdiq etmişdir. Cavabdeh borc müqaviləsinə əsasən ödənilməli pul vəsaitini ödəməyi öz üzərinə götürmüşdür. Buna görə də borcun ödənilmiş hissəsi istisna olmaqla geri qalan ******* manat məbləğdə pul vəsaitini İddiaçı ödəməlidir. Borc müqaviləsinin predmetinin məbləği ******* manat olduğundan və 3000 manatdan çox olduğu üçün müqavilə yazılı formada bağlanmışdır. Bu da müqavilənin etibarlı olmasını təmin edən şərtlərdən biri olan formanın tələblərinə riayət edildiyini göstərir. Hacıyev Nofel məhkəmə iclasında borcun məbləğini, ödənilmə şərtlərini imzası ilə təsdiq etdiyini, borcun ödənilməsi və mübahisənin aradan qaldırılması üçün vaxt istəmiş, həmin vaxt məhkəmə tərəfindən verilsə də borc ödənilməmişdir. Borc öhdəliyinin olduğunu təsdiq edən akt və ödəmə şərtləri barədə müqavilə isə yazılı formada və hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. Məhkəmə sübutlara obyektiv, hərtərəfli baxdıqdan sonra həmin sübutlara əsasən hüquqi qiymət verməlidir. Lakin, borc müqaviləsi, o cümlədən müqavilənin imzalandığını sübuta yetirən video-lent yazı da olmasına baxmayaraq, hakim tapşırıq müqaviləsi olaraq qiymətləndirmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə onun tərtib etdiyi aktda qeyd olunan borc məbləği onun tərəfindən ödənilməli deyildir. Belə ki, iddiaçı iştirak etdiyi məhkəmə iclaslarında onu deyil, "xxxx" MTK-nı təmsil etmişdir və yaranmış öhdəlik hüquqi şəxsin öhdəliyidir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarı: “Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. ... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir.”

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

27. İddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

29. İşin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqe baxımından aşağıdakı kimi qiymətləndirilməlidir.

30. Hazırkı iddianın obyektini iddiaçının əldə etməyə çalışdığı maddi nemət - ******* manat pul vəsaiti təşkil edir və bu obyekt iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

31. İddianın faktiki əsasını 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki təşkil edir.

32. İddianın hüquqi əsası kimi iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 739 və 882ci maddələrinə istinad etmişdir. Qeyd olunan normalar isə borc müqaviləsi və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrini, müqavilənin forma və şərtlərini müəyyən edən normalardır. İddiaçı məhz bu normalara istinad etməsi ilə 13 mart 2022-ci il tarixli aktı mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirir və etiraf olunan borcun yaranma əsası kimi də birinci instansiya məhkəməsinin hüquqi əsas olaraq istinad etdiyi tapşırıq müqaviləsi deyil, borc müqaviləsi üzrə yarandığına istinad edir.

33. Qeyd olunduğu kimi iddiaçı cavabdehlə aralarında borc münasibətlərinin olduğunu bildirir və öz tələbinin faktiki əsası kimi borcun etirafı barədə mücərrəd müqaviləyə istinad edir. Birinci instansiya məhkəməsi iddianı tapşırıq münasibətlərinə aid müddəalara əsaslanmaqla rədd etmişdir. Halbuki, MPM-in 53-cü və 218-ci maddələrinin məğzinə əsasən, iddianın əsasını və ya predmetini dəyişmək yalnız iddiaçının müstəsna hüququdur və bu hüquqdan istifadə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkündür. Məhkəmə isə məhkəmə baxışının hədləri baxımından iddianın faktiki əsası və predmetindən asılı olmaqla, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Kollegiya izah edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz.

35. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

36. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

37. Dispozitivlik prinsipi baxımından pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız MPM-in 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

38. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. MPM-in 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

39. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.

40. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının mübahisə etmədiyi predmet barədə qətnamə qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir.

41. Borcun mövcudluğu ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçının "xxxx" MTK-nı məhkəmələrdə təmsil etməsi, şifahi olaraq müəyyən məbləğdə vergi borclarının silinməsi barədə öhdəlik götürməsi və bu öhdədliyi yerinə yetirməsi mübahisələndirilmir və kollegiya bu xüsusatlara işin mübahisələndirilməyən halı kimi qiymət verir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.

43. Mülki Məcəllənin 882.1-ci maddəsinin məzmununa əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İşin halları ilə təsdiq olunur ki, Cavabdeh akt tərtib olunan ana qədər fiziki şəxs olaraq iddiaçı qarşısında heç bir öhdəliyi, yəni, borcu olmamışdır. Həmin akta əsasən fiziki şəxs olaraq N.Ə.Hacyevin üzərinə götürdüyü öhdəlik "xxxx" MTKnın icra orqanının rəhbəri olduğu dövrdə həmin hüquqi şəxsi təmsil etmək, vergi borclarının silinməsi üçün iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən yaranmış öhdəlikdir.

44. Məhkəmə kollegiyası buna görə belə nəticəyə gəlir ki, iddiaçının müqavilə kimi qiymətləndirdiyi 13 mart 2022-ci il tarixli akt və həmin akta əlavə olan ödəniş qrafiki özözlüyündə etibarsız əqddir. Belə ki, həmin əqd fiziki şəxs olaraq N.Ə.Hacyevin iddiaçıya heç bir borcu olmadığı halda onun öz üzərinə öhdəlik götürməsi şərtini özündə əks etdirir. Müqaviləyə (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) verilən anlayışın özündə “mövcud” sözünün işlənməsi də onu təsdiq edir ki, bu əqdin bağlanması üçün borc mövcud olmalıdır ki, həmin borc etiraf edilsin. Lakin iddiaçının birinci instansiya məhkəməsinə sübut kimi təqdim etdiyi və qətnamənin 3-12-ci bəndlərində qeyd olunan məhkəmə qərarları da onu təsdiq edir ki, münasibətlər hüquqi şəxs olaraq "xxxx" MTK ilə iddiaçı arasında olmuşdur və cavabdeh hüquqi şəxsin rəhbəri olaraq aktı imzalamışdır. Yəni, ******* manat borc mövcud olduğu təqdirdə belə, iddiaçı tərəfindən fiziki şəxs olaraq N.Ə.Hacyevə nə borc olaraq pul vəsaiti verilmiş, nə də xidmət göstərilmişdir.

45. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

46. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)- 1395/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e-2(005)- 1395/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar