Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5408/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5408/2024 (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı qzının və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5003/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 02 dekabr 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Qaradağ Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(002)-919/2019 nömrəli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 25 fevral 2019-cu ildən başlayaraq cavabdehdən hər ay 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət etdilmişdir.
2. İddiaçı hazırda yanında və himayəsində olan 02 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə minimumundan az olmamaqla hər ay 235 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin dəyişdirilərək, Cavabdeh 02 dekabr 2008-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin nikahından 02 dekabr 2008-ci ildə X5 doğulub. Qaradağ Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(002)-919/2019 nömrəli qətnaməsi ilə X1 üçün 25 fevral 2019-cu ildən başlayaraq cavabdehdən hər ay 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilib. Alimentin təyin olunmasından 5 il vaxt keçib və bu müddət ərzində istehlak, o cümlədən ərzaq mallarının bahalaşması, inflyasiya, həmçinin uşağın artmaqda olan təminatı ilə əlaqədar alimentin artırılması zəruridir. İddiaçının ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödədiyi 50 manat haqq məhkəmə xərci kimi cavabdehdən tutulmalıdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5003/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddianın təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli 2(002)-919/2019 saylı qətnaməsi əsasında 02 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 02 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 50 manat mediasiya xərcinin tutularaq İddiaçı, 48.20 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1, və 112-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 112, 119.1və 124.1-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2 və 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, aliment məbləğinin azaldılaraq, hər ay ondan övladı xx.xx.2008-ci il təvəllüdlü Əli Mədətovun saxlanılması üçün 170 manat məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, o, ofisiant işləyir və aylıq 345 manat əmək haqqı alır. Özü də 2-ci dəfə ailə qurub. Həmin evlilikdən də 2022-ci il təvəllüdlü 1 övladı vardır. Həmin əmək haqqı ilə 2 övladı və ailəni saxlamaq, çox çətinlik yaradır. Əmək haqqı barədə arayış və 2-ci evlilikdən olan övladının doğum haqda şəhadətnaməsini məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə ondan aliment tutarkən qeyd etdiklərini nəzərə almadı. Övladını böyütmək, onun qayğısına qalmaq valideyn olaraq borcudur. Lakin imkansızlıq, kasıblıq ucbatından həmin aliment məbləğini ödəməyə imkanı çatmır. Odur ki, maddi vəziyyətinin nəzərə alınmasını, əsaslı şikayətini təmin edərək, aliment məbləğini azaldaraq, övladı Əli Mədətovun saxlanılması üçün iddiaçının xeyrinə hər ay ondan 170 manat məbləğində aliment tutulmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
13. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
20. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı
21. 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu:
25. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Hazırki iş üzrə cavabdeh qətnaməni yalnız tutulmalı olan alimentin məbləğinə aid hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə və ya ləğvinə hər hansı hüquqi əsas yoxdur.
36. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 25 fevral 2019-cu il tarixindən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
37. Elektron məhkəmə informasiya sisteminə verilmiş sorğu nəticəsindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh ofisiant vəzifəsində çalışmaqla aylıq əmək haqqı 345 manat təşkil edir.
38. Cavabdeh şikayətin dəlillərində bildirmişdir ki, əmək haqqısı azdır, üstəlik 2-ci dəfə ailə qurduğu ailə münasibətlərindən də övladı vardır, bu səbəbdən tələb olunan alimenti ödəməyə maddi durumu yol vermir.
39. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
40. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
41. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.
42. Kollegiya hazırki mübahisəyə qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin artırılması ilə bağlı mövqe qanuni və əsaslı olmuşdur. Belə ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulan 02 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat məbləğində aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Göstərilənlər həmin alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
43. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Cavabdehin yenidən ailə qurması və aylıq qazancının az olması ilə bağlı apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu digər övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşağın layiqli həyat səviyəsində yaşaması, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir.
44. Kollegiya ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər ay 235 manat sabit pul məbləğində müəyyən etmişdir və həmin məbləğin azaldılması üçün əsaslar yoxdur.
45. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
47. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5003/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova