Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-541/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2560/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 04/6038 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. 5526937 nömrəli xx.xx.2018-ci il tarixli aktdan görünür ki, cavabdehin ünvanında quraşdırılmış sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir.
3. İddiaçı İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilərək xx.xx.2018-ci il tarixli ******* saylı aktla rəsmiləşdirilmiş, iddiaçıya məxsus **********10000 abonent hesabına 972 manat məbləğində zərər hesablanmışdır.
4. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 6.925,25 manat borcu (debitor borc) da yaranmışdır.
5. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, abonent saldosunun təhlili, qaz sayğacının göstəricisinə görə xx.xx.2023-cü il tarixə abonentin qaz paylayıcısına 6.925,25 manat məbləğində olması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 972 (doqquz yüz yetmiş iki) manat, təbii qazdan istifadəyə görə 6.925,25 (altı min doqquz yüz iyirmi beş manat iyirmi beş qəpik) manat və 99,37 (doxsan doqquz manat otuz yeddi qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 7.996,62 (yeddi min doqquz yüz doxsan altı manat altmış iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 04/6038 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus evə təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12526236 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğaca müdaxilə etməsi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə G-4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Bu barədə QSN-29/1710-02022/5-38 saylı xx.xx.2018-cu il tarixli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 972 manat İddiaçı İB-yə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 972 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək 6.925,25 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 7.897,25 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvanında yaşayır. xx.xx.2012-ci il tarixdə İddiaçı İB tərəfindən ünvan 2 ünvanına onun iştirakı ilə küçədə G-4 itronsmart tipli 1202AQ**********2 №-li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana 10045B701210000 №-li abonent kodu verilmişdir. xx.xx.2012-ci il tarixdə onun sərfiyyata uyğun ödənişlərinin olmasına baxmayaraq, İddiaçı İB tərəfindən onun hesab koduna əsassız olaraq 220.0 manat qeyri-qanuni borc yazılmışdır. Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə 01 fevral 2018-ci il tarixdən başlayaraq İddiaçı İB tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan, xx.xx.2018-ci il tarixdə onun iştirakı olmadan Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 8 ev 12 ünvanda quraşdırılmış 1202AQ**********2 №-li qaz sayğacına baxış keçirilmiş, guya sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmiş və xx.xx.2018-ci il tarixdə 1202AQ**********2 №-li qaz sayğacı dövlət yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. 1202AQ**********2 №-li qaz sayğacı onun iştirakı olmadan çıxarılmış, o, qaz sayğacının çıxarılması barədə heç bir sənəd imzalamamış və dövlət yoxlanılmasında iştirak etməmişdir. xx.xx.2018-ci il tarixdə Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən onun iştirakı olmadan ******* №-li akt tərtib edilmiş, lakin aktın ikinci nüsxəsi ona verilməmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən dəymiş ziyan həcminin hesablanması məqsədi ilə 9720 m3 dəymiş ziyanın həcmi hesablanmış və onun hesab koduna 972,00 manat borc yazılmışdır. Onun tərəfindən nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Sayğac və qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) onun tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən İddiaçı İB-nin əməkdaşları tərəfindən təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış müdaxilə inandırıcı deyildir. Ən azından sayğacın daxilinə müdaxilə etmək üçün İddiaçı İB-nin vurduğu plomb qırılmalı idi. Lakin plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. İddiaçı tərəfindən mübahisələndirilən həmin akt onun və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və o və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana hər ay baxış keçirilsə də, onun və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə, nə onun, nə də ki, qonşuların həmin aktdan xəbəri olmayıb. Akt birtərəfli qaydada tərtib edilmiş, ona təqdim olunmamış və o, həmin aktı imzalamamışdır. Onun imzalamadığı həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin akt ləğv edilməlidir. Akt tərtib olunarkən bir nüsxəsi ona verilməli idi. Həmçinin, birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkillər etibarlı sübut kimi qəbul edilə bilməz. Çünki fotoşəkillərin hansı ünvana aid olması müəyyən edilməmişdir. İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş ******* №-li aktdan görünür ki, həmin akt birtərəfli qaydada tərtib edilmiş və o, həmin aktı imzalamamışdır. Onun tərəfindən imzalanmamış həmin akt əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübut sayılmadığı təqdirdə iddia tələbi təmin edilməməlidir. İddiaçı İB-nin iddiasına əsasən onun 2020-ci ilin mart ayından 2023-cü ilin mart ayınadək 6925,25 manat borcu yaranmışdır. Halbuki, o, sərfiyyata uyğun olaraq əraziyə nəzarət edən İddiaçı İB-nin nəzarətçilərinə hər ay nağd ödənişlər etmişdir. İddiaçı İB abonentin saldosunda 2012-ci ildən 2018-ci ilə qədər və 2020-ci ilə qədər dövrü, yəni xx.xx.2020-ci il tarixdə ELSTER G-4T DİAFRAQMA tipli 12526236 №-li sayğac quraşdırıldıqdan sonra qeydiyyat aparmamışdır. İddiaçı İB iddia ərizəsinə GASREPi əlavə etməməklə bu faktı gizlədir. Mübahisənin düzgün həlli üçün ilkin olaraq tələbin qanuni əsası tapılmalıdır. Hazırkı halda o, iddiaçıdan qaz sayğacına onun tərəfindən müdaxiləni sübut edən faktları və GASREPi tələb edir. xx.xx.2024-cü il tarixli GASREPdən məlum olur ki, onun illik sərfiyyatı 3500- 4000 m3 təşkil edir (1200 m3 x 0.12=144, 1000 m3 x 0.20=200, 1800 m3 x 0.25=450, 144+200+450=794 manat, 794 x 4=3176 manat). Beləliklə, adi hesablama qaydasında onun 4 il üçün 3176 manat borcu yaranmış olur, lakin İddiaçı İB borcu 2 dəfə şişirdərək 6925,25 manat pul tələb edir. O isə sərfiyyata uyğun olaraq hər ay nəzarətçiyə pul ödəmiş, nəzarətçi isə ona qəbzlər vermişdir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2560/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 6.925,25 manat debitor borcun və 89,25 manat dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 972 manat zərərin tutulması hissəsində iddia tələbi rədd edilməlidir.
11. Məhkəmə iddia tələbini 6925.25 manat debitor borcun tutulması hissəsində qanuni və əsaslı hesab etmişdir.
12. Məhkəmə öz mövqeyini «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2560/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı olan Azəriqaz İB (qazpaylayıcsı) istehlakçıya hər ay hesab təqdim etmiş, həmin hesab üzrə borc ödənmişdir. Bundan əlavə abonentin(cavabdehin) saldosunda xx.xx.2020-ci ildən yeni sayğac quraşdırıldıqdan sonra qeydiyyat aparılmamışdır. xx.xx.2024-cü il tarixlo GASREPdən görünür ki, abonentin illik sərfiyyatı 3500-4000 m3 təşkil edir. 4 il üçün 3176 manat məbləğində sərfiyyat olduğu halda, bu məbləğ 2 dəfə artırılaraq 6925.25 manat olmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsin e-2(008)- 2560/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsinin nəticə hissəsi ilə işin faktki halları arasında kəskin uyğunsuzluq vardır. Ona görə də hesab edir ki, qətnamə iddianın təmin olunmuş hissəsində ləğv olunmalı, iddiatələbi rədd edilməlidir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 24.433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 25.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26.448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 27.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 28.3.2.1-ci və 5.5-ci bəndlərinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
29. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyatakeçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
30.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 34.Mübahisələndirilən qətnamədən göründüyü kimi cavabdehdən tutulması xahiş edilən 6.925,25 manat məbləğində borc onun sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi borcdur. Belə ki, araşdırılmış iş materiallarından görünür ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilənin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı təbii qaza olan ehtiyacların ödənilməsi üçün istehlakçını lazımi miqdarda qaz ilə təmin etməyi, cavabdeh isə qazpaylayıcı müəssisəsinin xidmətlərindən istifadə etməsinə görə quraşdırılmış sayğacın göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 35.Beləliklə cavabdeh iddiaçının alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılması ilə əlaqədar göstərdiyi xidmətlərdən istifadəyə görə ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə olan halda iddiaçı cavabdehdən yaşadığı evdə qazın verilməsi üzrə xidmətlərdən istifadəsi nəticəsində yaranmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. 36.Belə ki, iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməsi cavabdeh-istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
37. Apellyasiya şikayətində istinad olunan dəlillərin yoxlanılması məqsədilə də məhkəmə kollegiyası **********10000 abonent kodu üzrə qaz sərfiyyatı üzrə yaranmış borcun hesablanması ilə əlaqədar Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinə müracət edilmiş, həmin qurumun Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli sorğuya cavaba əsasən, abonentin, abonent saldosunun təhlilinə, qaz sayğacının göstəricisinə görə xx.xx.2023-cü il tarixə qaz paylayıcısına 6.925,25 manat məbləğində debitor borcu olması müəyyən edilmişdir.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2560/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev