Məhkəmə qərarları › İş №2(103)-5410/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5410/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5410/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı Bankın etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Bankın səlahiyyətli nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 28.628,47 manat, kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.509,34 manat, cərimə borcunun ödənilməsi məqsədi ilə 3,05 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,42 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla Bank arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bankdan illik 15,9 faiz dərəcəsi ilə 48 ay müddətinə, həmin müddət ərzində aybaay və hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh, həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, Banka olan borcun az bir hissəsini qaytarmış, çox hissəsini isə qaytarmamış, nəticədə onun Banka iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Bank, qeyd edilən borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh, Banka olan borcunu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırkı iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 180,42 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Rayon Məhkəməsinə verdiyi izahatda cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə onun iddia ərizəsində qeyd edilən növdə və məbləğdə borcu yaranmışdır. Bu hal işin mübahisəsiz halını təşkil edir və cavabdeh, iddia tələbi ilə razıdır və bu tələbi etiraf edir. İddianın əsaslı olması Bankın təqdim etdiyi sübutlar ilə təsdiq olunduğundan və cavabdeh iddia tələbini etiraf etdiyi üçün Bankın iddia tələbi təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işə baxarkən hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, o, sözügedən kredit müqaviləsi üzrə müəyyən həddə ödənişlər etdiyi üçün tələb edilən borc məbləği və ona uyğun olaraq hesablanmış faiz və cərimə ilə razı olmadığını bildirmişdir. Cavabdeh qeyd edir ki, hesablamalar ilə əlaqədar Rayon Məhkəməsi ümumi borc məbləği ilə bağlı, xüsusilə də faiz və cərimə məbləğləri ilə bağlı ekspertiza təşkil etməli və ekspert rəyi əldə etməli idi, lakin bunu etməmişdir. Eyni zamanda o, qeyd edir ki, hüquqi bilikləri kifayət qədər olmadığı üçün məhkəmə prosesində özünün fikrini hüquqi cəhətdən kifayət qədər əsaslandıra bilməmiş, fikrini daha yaxşı izah edə bilməmişdir. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunmalı idi, lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş, Məhkəməyə ərizə ilə müraciət edərək səhhətində yaranmış problem ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini bildirmiş və apellyasiya baxışı iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.

9. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasında üzrlü səbəbdən iştirak etməyəciyini bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq tibbi sənədini ərizəyə əlavə etməmişdir. Buna görə də, Məhkəmə hesab etmişdir ki, cavabdehin müraciəti əsassızdır, onun apallyasiya baxışı iclasına üzrlü səbəbdən gəlməməsi təsdiq olunmur. Məhkəmə, cavabdehin apellyasiya baxışı iclasına gəlməməsini işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

10. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh, onunla Bank arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bankdan illik 15,9 faiz dərəcəsi ilə 48 ay müddətinə, həmin müddət ərzində aybaay və hissə-hissə qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh, həmin müqavilə üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, Banka olan borcun bir hissəsini qaytarmış, qalan hissəsini qaytarmamışdır, baxmayaraq ki, Bank, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etmişdir.

13. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, cavabdehin iki iş yeri var. O, həm Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində aparıcı mütəxəssis vəzifəsində işləyir və 2.920 manat əmək haqqı alır, həm də. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baş direktor vəzifəsində işləyir və 4.000 manat məbləğində əmək haqqı alır.

14. Cavabdehin tutduğu mövqedən aşkar surətdə görünür ki, o, Banka olan borcunu yaxın zamanlarda ödəmək niyyətində deyil, o hüquqlarından sui-istifadə edir.

15. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77-ci maddəsinə görə isə, bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – hazırki halda cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və ümumiyyətlə bu halı mübahsələndirmir.

16. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır (maddə 462.1.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.).

17. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan olan cavabdeh icra etmədiyi öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borclarını ödəməlidir.

18. Cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan məbləğlərə gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsində göstərilir ki, cavabdehin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin Banka 28.628,47 manat məbləğində əsas kredit borcu, 1.509,34 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcu yaranmışdır. Bank, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq “Kredit müqaviləsinin” şərtlərinə əsaslanaraq cavabdehə 3,05 manat məbləğində cərimə (dəbbə) borcu hesablamışdır.

19. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, Bankın ondan tutulmasını tələb etdiyi məbləğlər şişirdilmişdir, lakin işə baxmış Rayon Məhkəməsi tələbin əsaslı olubolmamsını yoxlamaq üçün ekspertiza təyin etməmişdir.

20. MPM-in tələblərinin nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaya etiraz etmək və ya iddianın etiraf etmək, bundan başqa hər hansı, o cümlədən iş üzrə müvafiq ekspertizanın təyin edilməsi haqqında vəsatəti məhkəməyə vermək cavabdehin hüququ olmuş və o, bu hüquqdan istifadə edərək, Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman bildirmişdir ki, o, iddia tələbini qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir.

21. MPM-in tələblərinin mənasına görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (maddə 106.3.). Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır (maddə 191.3.).

22. İş materiallarından da görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdehin iddia tələbi ilə razı olmasının, iddianın cavabdeh tərəfindən etiraf edilməsini qanuna zidd olmadığını, cavabdehin “iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında” vəsatət verməməsini nəzərə alaraq iş üzrə ekspertiza təyin etmədən işə baxmış və iddianın təmin edilməsini qət etmişdir.

23. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin hakimi qanunla onun üzərinə qoyulmuş prosessual vəzifələrə və qaydalara riayət etmişdir. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

24. Yuxarıda qeyd edilən dəlilin əsaslandırmaq üçün cavabdeh apellyasiya şikayətində həmçinin bildirir ki, onun hüquqi bilikləri kifayət qədər olmadığı üçün məhkəmə prosesində özünün fikrini hüquqi cəhətdən kifayət qədər əsaslandıra bilməmiş, fikrini daha yaxşı izah edə bilməmişdir. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunmalı idi, lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır.

25. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək, ilk növbədə qeyd edir ki, mülki işə baxan məhkəmə iş üzrə tərəfi yalnız o, halda vəkillər təmin edir ki, (ı) həmin tərəf bu barədə ona yazılı qaydada müraciət etmiş olsun və (ıı) həmin tərəfin vəkillə müqavilə bağlamağa maddi imkanı olmasın. Lakin işin materiallarından görünür ki, (ı) iş üzrə cavabdehin Rayon Məhkəməsinə bu kimi müraciəti olmamışdır və (ıı) onun bu kimi müraciəti olmuş olsa idi belə, onun müraciəti təmin edilməyəcəkdir, çünki yuxarıda qeyd edildiyi kimi cavabdeh iki yerdə işləyir və kifayət qədər yüksək məbləğində əmək haqqı alır (bax: hazırkı qətnamənin 13-cü bəndinə).

26. Fikrin davamı olaraq Məhkəmə qeyd edir ki, iddiaçının öz vəsaiti hesabına vəkillə müqavilə bağlamaq hüququnun olmasının izah edilməsi isə işə baxmış Rayon Məhkəməsinin vəzifələrinə daxil deyil.

27. Cavabdehin müzakirə edilən bu dəlilini əsassız hesab edən Məhkəmə ikinci növbədə qeyd edir ki, cavabdehin hüquqşünas olub-olmaması haqqında Məhkəmədə məlumat yoxdur. Lakin Məhkəmə, yuxarıda qeyd edilən vəzifələrdə işləyən şəxsin hüquqşünas olmasa da, məhkəmədə vəkillə iştirak etmək hüququna malik olması barədə məlumatın olmamasını inandırıcı saymır.

28. Cavabdeh tərəfindən “iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında” vəsatət verilməsə də, Məhkəmə, apellyasiya şikayətinin yuxarıda qeyd edilən birinci dəlilini nəzərə alaraq qeyd edir ki, Məhkəmə, apellyasiya icraatında mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsas görməmişdir. Belə ki, (ı) cavabdeh iddiaçı Bankın borcun məbləğini müəyyən edən hesablamaları şübhə altına ala biləcək alternativ hesablamanı Məhkəməyə təqdim etməmişdir. (ıı) Bu kimi ekspertizanın apellyasiya icraatı zamanı təyin edilməsi yeni sübutun – ekspert rəyinin əldə edilməsinə yönəlmiş olur ki, bu da, prosessual normalara görə yolverilməzdir. g) apellyasiya baxışının nəticəsi

29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Bank hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehin isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

33. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar