Məhkəmə qərarları › İş №2(103)-5411/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5411/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5411/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh onun xeyrinə 6291,70 manat əsas, 365,88 manat faiz borcu olmaqla, cəmi 6657,58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli əmri ilə Cavabdeh 6291,70 manat əsas, 365,88 manat faiz borcu olmaqla, ümumilikdə 6657,58 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı-yə ödənilməsi barədə əmr verilmişdir. Cavabdeh etirazına əsasən, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, Məhkəmənin xx xxxxxx 2016-ci il tarixli əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, RO/70606/54/18 saylı kredit müqaviləsi üzrə 4918,72 manat əsas borcun, həmçinin ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə, ödənilməmiş 10 manat dövlət rüsumunun isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi, iddianın əsas borc hissəsinin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, bank, bilərəkdən ödənişlər barədə düzgün məlumat verməmiş, cavabdehin etdiyi ödənişləri tam şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə də, qətnaməni bankın təqdim etdiyi maliyyə arayışı əsasında çıxarmışdır. Həmin maliyyə arayışının borcun miqdarını düzgün əks etdirməsi cavabdeh üçün şübhəlidir. Çünki, bank iddia tələbində ondan daha böyük məbləğ tələb edirdi. Məhkəmə haqlı olaraq əsas borcdan əlavə tələb edilən faiz borcu silmişdir. Lakin əsas borcun miqdarı həqiqəti əks etdirmir. Belə ki, məhkəmə əsas borcu azaltsa və faiz borcu silsə də, şişirdilmiş əsas borca əhəmiyyət verməmiş, bununla da, düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsindən borcun düzgün hesablanıbhesablanmadığını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlanmışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, RO/70606/54/18 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 27,15 % dərəcəsi ilə 60 ay müddətinə 6623 manat kredit verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini Cavabdeh vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh, ödəmələri qrafik üzrə aparmamış və öhdəliyin icrasını gecikdirmişdir. Bank tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, Cavabdeh həmin tarixə borcu- 6291,70 manat əsas, 365,88 manat faiz borcu olmaqla, cəmi 6657,58 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, MXD-103/20 saylı maliyyə arayışına əsasən isə, Cavabdeh həmin tarixə 4918,72 manat əsas borcu vardır. Belə olan halda, Mülki Məcəllənin 739.1-ci, 741-ci maddələrinə əsasən, qətnamədə qeyd olunan məbləğlərdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Kollegiya, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh, şikayətində əsas borcun düzgün hesablanmadığına istinad etsə də,həmin məbləğin düzgünlüyünə şübhə yaradan və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən, Kollegiya iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas görmür. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 32005-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-13/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar